08.01.2011

İlhamiyyə Rzayeva: “İstərdim ki, bu nağılın ömrü çox olsun...”

   “Oğlum yuxuda da azadlıq istəyir”

               Tanınmış jurnalist İlhamiyyə Rzayevanın “qafqazinfo.az"a müsahibəsi 

- “Gündəlik Azərbaycan” qəzeti bağlanandan sonra deyəsən qələminizə yer tapa bilmirsiniz...
- Bəli… Bu doğurdan da belədir…Bir müddət təlimçi kimi çalışdım, indi də bildiyiniz kimi, humanitar təşkilatda Pr məsələlərinə baxıram. Əslində, gördüyüm hər bir işin mənim əvvəlki fəaliyyətimə birbaşa dəxli var. Lakin etiraf edim ki, bu istədiyim, bacardığım və sevdiyim işin əvəzini vermir. Zaman keçdikcə özümü jurnalistikadan daha da uzaqda hiss etməkdəyəm. Bu da məni məyus edir. Seçim olmayanda belədir…

- Mən şəxsən Sizin simanızda Azərbaycanda daha bir istedadlı jurnalistin 3-cü sektora keçidini hiss eləyirəm. Hara gedirsiniz?
- Məncə cavabı sizə bəlli olan ritorik sualdır bu daha çox… Təklif edəcəyiniz başqa bi-r seçim varsa, gəlin fikirləşək. Özümü başqa bir sferada görməkdən nə qədər məyus olsam da, əslində bu gün daimi, stabil bir iş yerim olduğundan razıyam. İndiki zamanda bu heç də az deyil. Birdəki gördüyüm işin əhəmiyyəti mənim üçün çox vacibdir. Nəticədə, valideyn himayəsindən məhrum uşaqlar dolayısı ilə faydalanırsa, bu məni xoşbəxt edir.

-Azərbaycanda güclü jurnalist olmaq mümkündür?
- Əlbəttə mümkündür. Məhz Azərbaycanda mümkündür. Rahat, hamar yolla necə deyərlər, “nənəm də gedər”. Mən bunu bacardım, bacarana qədər…

- Televiziyaların hansı birindəsə yeni layihə ilə görünmək fikriniz yoxdur ki?
-Bilirsiniz, tutaq ki, var. Nə olsun?? Sizcə bunu reallaşdırmaq məndən asılıdır? Əvvəla, məni maraqlandıra biləcək təklif yoxdur. İkincisi də, indiki vəziyyətdə məni maraqlandırmaq özü o qədər asan deyil. Arzuladığım keçmiş günlərim, verilişlərim, həmkarlarım, həmin ab-hava və s… Bunların heç biri yoxdur daha teleməkanda. Qalan bircə nə zamansa tamaşaçım olmuş insanlar və onların minnətdarlıq dolu münasibətidir ki, bu da dünyalara dəyər. Əgər dönüşümlə bunu da itirəcəyəmsə, istəmirəm. Mən irəliyə baxmağın tərəfdarıyam. İstənilən qərar, yerdəyişmələr və s məni irəli aparmayacaqsa, o zaman nə mənası var? Keçdiyim yolları bir daha keçmək istəməzdim, qoy onlar ancaq şirin xatirə olaraq qalsın. Məni yeni üfüqlər daha çox cəlb edir.

- Mümkünsə bu gün Azərbaycanda hansı televiziyaya baxdığınızı deyə bilərsinizmi?
- Baxmıram... Amma baxmaq istərdim. Özü də çox… Mən əminəm ki, bizim kanallar itirilmiş tamaşaçılarını çox asanlıqla qaytara bilərlər. İstəsələr, əlbəttə ki… Çünki, yad kanallar nə qədər maraqlı olsalar belə, bizim mühitimizi əhatə etmədiyindən onlara bağlana bilmirsən. Bu ona bənzəyir ki, molla Nəsrəddinə deyirlər ki, “molla, aş gəlir”, o da deyir ki, “mənə nə?”.. bir tamaşaçı kimi, öz kanallarımızda, öz dilimizdə və özümüz haqda, real, düşündürən bir verilişə məmnuniyyətlə baxardım. Nə yazıq ki, baxmağa bir şey tapa bilmirəm. Ya düşük şoulardır, ya da intellektuallığa iddialı olan aparıcıların ambisiyasına xidmət edən verilişlər. Hər ikisi çox cılız gəlir mənə doğrusu. Bəlkə də bu işin mətbəxinə bələd olduğumdandır ki, efirdən deyilən hər bir sözün əslində nəyə xidmət etdiyini görüb usanıram. Fikirləşirəm ki, axı bu efir, bunlardan daha çox məndə olub, illərlə canlı efirdə işləmişəm. Bəlli bir çərçivələr olsa da, əslində ciddi şəkildə gözün üstə qaşın var deyən olmayıb. Amma mən bu efirdən özümün reklamım, PR im üçün istifadə etməmişəm, heç ağlıma da gəlməyib. Nə üçün də etməliydim axı? Məyər mənim xidmət etdiyim, çalışdığım, zövq aldığım məqsəd bundan kiçikmi idi? Mən sözün əsil mənasında tamaşaçısını düşünən, və düşündürə bilən, ona işləyən bir veriliş görmək istərdim. O zaman bəlkə mən də bizim Televiziya kanallarından birinin tamaşaçısına çevrilə bilərəm.

- İnformasiyaları hansı mənbədən alırsınız?
-İnternetdən, facebookdan bir də Evronyus xəbərlərindən – vəssalam. Sadaladığım bu mənbələr mənə fikir sırımırlar. Facebooka gəlincə, əvvəl ora baxıram, əsas hansı məsələlərin gündəmdə olduğundan xəbərdar oluram. Tanıdığım şəxslərin paylaşdığı məqalələr, bloq yazıları, müzakirə etdikləri mövzular mənə gündəmdən agah olmaqda kömək edir. Bundan sonra, diqqətimi cəlb edən bir mövzunu daha dərindən öyrənib təhlil etmək üçün internetdəki başqa resurslara baş vururam. Beləcə informasiya aclığımı öldürürəm.

- Sizin evdə bir ərköyün yazıçı var... Onunla işlər necədir?
- Səhviniz var, ərköyünlərin sayı bir deyil. İbrahim Həmidin tökdüklərini yığıb. Onun kimi fikirləşir və ilk üsyanını evdə elə bizim özümüzə qarşı edir. 4 yaşlı bu üsyankar, o gün mənə deyir ki, “mənə təzyiq göstərməyin”, yaxud da “mənim üçün ən əziz olan azadlıqdır” və s bu kimi sözlər deyir adama. Mat qalıram, doğrusu belə şeyləri biz ona öyrətməmişik. Sadəcə, görünür bizim dalğamıza köklənə bilib. Həmidə gəlincə, o doğurdan da ərköyündür, amma bütün ərköyünlər kimi, gücü ancaq onun nazını çəkənlərə çatır. Yəni nə ərköyünlüyü varsa evdə edir. Mən onunla birgə çalışmışam, iş yoldaşı kimi. İş prosesində ərköyünlükdən əsər əlamət qalmır. Həmidin işgüzar keyfiyyətlərinə həsəd aparmaq olar. Bəyəndiyi, sevdiyi işlə yorulmadan, fasiləsiz, həm də təmənnasız məşğul ola bilər. O, təpədən dırnağa yaradıcı insandır. Sözün yaxşı və pis mənalarında. Bu xüsusi insan tipidir.

- Azərbaycanın ədəbi gəncliyindən kimin yaradıcılığını ən çox qiymətləndirirsiniz?
- Bizim çox dəyərli gənc ədiblərimiz var. Nərmin Kamalı, Aqşini, Nicat Əliyevi, Günel Mövludu çox bəyənirəm. Hesab edirəm ki, onların parlaq gələcəyi var. Əlimdə imkan olsaydı, onları bütün başqa işlərdən ayırıb, ancaq yaradıcılıqla məşğul olmalarına şərait yaradardım. Axı indi onların ən məhsuldar dövrüdür. Məsələn bu adamlar ədəbiyyatla bağlı veriliş aparsalar, məmnuniyyətlə baxardım...

- Həmidin yazılarını oxuyursunuz?
-Əlbəttə. İlk növbədə ona görə oxuyuram ki, hər dəfə nəsə öyrənim. Mən Həmidi canlı ensiklopediya hesab edirəm. Bunda əlavə, onun şerlərini də çox sevirəm.

- Uşaqlara görə həyəcan keçirirsinizmi? Yəni onların bu mühitdə necə yaşayacaqlarını düşünəndə...
- Bizim bir övladımız var. Hələ balacadır. Deyirlər uşaq böyüdükcə, qayğıları da böyüyür. Lakin mən, onun gətirdiyi sevinclərin böyüdüyünü daha çox görürəm. Uşaqla bağlı yeganə qayğımız onun yaxşı təhsil almasıdır. Təəssüf ki, indi elə bir zamanda yaşayırıq ki, bir çox məsələləri maddiyyət həll edir. Yaxşı məktəblər, yaxşı müəllimlər və s. Amma mən onu da bilirəm ki, şagird yaxşı olsa ona heç müəllim də lazım deyil. Özünə lazım olanı öyrənəcək, necə deyərlər, həyat universitetini əlaçı bitirəcək. Övladımı məhz belə birisi görmək istərdim. İbrahimin gələcəkdə hansı peşə seçəcəyini deyə bilmərəm. Bircə onu bilirəm ki, döyüş və hərbi işlərə çox meyllidir. Evdə ona bağışlanmış oyuncaq maşınlar çox olsa da onlarla oynamağı sevmir. Lakin mağazada qılınc, xəncər gördümü, gözləri parıldayır və onu bizə aldırmayınca, əl çəkmir. Qonaq getdiyimiz evlərdə bəzən əsil qılınc, yaxud digər silah görəndə hayıl-mayıl olur. Sonra evə qayıtdıqda həmin adamların adını belə unutsa da evlərində qılınc olduğunu uzun müddət xatırlayır. Azərbaycanı sevir, himn oxuyur, düşmənlərimizi tanıyır. Lakin hər şeydə pozitivlik axtarır. İstənilən düşməni zərərsizləşdirməyin yollarını bilir. Bunlardan ən populyar olanı budur, məsələn, div varsa, mütləq yaxşı div də var. Ola bilməz ki, divlər ancaq pis olsun. Zalım padşah varsa, mütləq adil padşah da var. Bir sözlə həyat ona hələlik bir nağıl kimi gəlir. İstərdim ki, bu nağılın ömrü çox olsun. Özü də ona görə yox ki, oğlum nağıllara inanmaqda davam etsin, ona görə ki, həyatımız, onun sevdiyi nağıllara azacıq da olsa bənzəməyə başlasın…

Deyəsən axı, mən də nağıllara aludə olub onlara inanmağa başladım? Nə isə… qayıdaq reallığa. İstər öz övladıma, istərsə də bütün balalara arzu etmək istərdim ki, bizim dadmadığımız, görmədiyimiz bütün nemətləri könül xoşluğu ilə dada bilsinlər. Azərbaycanda olmaqdan, azərbaycanlı olmaqdan zövq ala bilsinlər, bununla fəxr edə bilsinlər, Azərbaycan təhsili dünyada ən güclü təhsil olsun, səhiyyəmiz də həmçinin, iqtisadiyyatımız, ordumuz güclü olsun, insanımız azad nəfəs alsın…

Reallıqdan uzaqlaşmadım ki?..

Комментариев нет:

Отправить комментарий