15.04.2011

ANALOQU OLMAYAN BAYRAĞIN DİRƏYİ ƏYİLİB

 Dövlət Bayraq meydanındakı bayraq dirəyində problem yaranıb. Dirəyin yaxınlığındakı 9 mərtəbəli binanın sakinləri evakuasiya olunub



Fevralın 2-də səhər saatlarından Dövlət Bayraq meydanındakı bayraq dirəyində problem yaranıb. Dirəyin yaxınlığındakı 9 mərtəbəli binanın sakinləri evakuasiya olunub. Sakinlərə saat 5 radələrində bildiriblər ki, bayraq dirəyində problem var, ona görə hamı təcili olaraq evindən çıxmalıdır. Fazil adlı həmsöhbətimin dediyinə görə, o hay düşən kimi həmin ərazinin yaxınlığında yaşayan xalasıgili evlərindən köçürüb.

«Səhər tezdən zəng elədilər ki, adamları çıxarırlar. Mən də tez gəldim, hava hələ qaranlıq idi. Dedilər adamları evakuasiya edirlər. Camaat dolu idi, hərə bir yana qaçırdı».

Boşaldılan binanın sakinlərindən birinin dediyinə görə, o tezdən rayondan paytaxta gəlib mənzilinə getmək istəyəndə onu binaya buraxmayıblar.

Bayraq Meydanında ucaldılan bayraq səhər saatlarından endirilib.

Rəsmilərdən suallara cavab verən olmadı

Fövqəladə Hallar Nazirliyinin əsgərləri, təcili yardım maşınları da lap tezdən əraziyə yerləşdirilib. Heç kim bayraq meydanına gedən küçəyə buraxılmırdı. Çoxsaylı cəhdlərimizə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin ərazidə olan nümayəndələri məlumat verməkdən də imtina etdilər. Onlar nazirliyin yüksək rütbəli rəsmilərinin gəlişinin gözlənildiyini və suallarımızı da onlara ünvanlamağı məsləhət gördülər. Hətta ərazidəki mənzil istismar idarəsindən də köçürülən adamların hara yerləşdirildiyi barədə məlumat ala bilmədik.

Yaxınlıqdakı 49 saylı məktəbdən isə onu dedilər ki, səhər tezdən Səbail rayon icra hakimiyyətinin başçısı məktəbdə olub.O, bayraq qülləsilə bağlı problem olduğunu bildirib və direktora məktəbliləri çölə buraxmamağı tapşırıb.

Amma Səbayel rayon İcra Hakimiyyətindən suallarımıza cavab verə bilməyəcəklərini dedilər. İcra hakimiyyətinin təsərrüfat şöbəsindən bildirdilər ki, hazırda ərazidə Fövqəladə Hallar nazirliyi iş apardığından sualı da onlara unvanlayaq.
«Siz müraciət edin Fövqəladə hallar nazirliyinə, orda işləyən onlardır» .

İcra Hakimiyyətinin açıqlaması

Günün sonunda isə Səbail Rayon İcra Hakimiyyəti bayraq dirəyində qeydə alınan nasazlıqla bağlı məlumat yayıb.

APA-nın yazdığına görə, məlumatda bildirilir ki, fevralın 2-də gecə saat 3 radələrində Dövlət Bayraq Meydanında güclü küləyin əsməsi nəticəsində texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib. Mütəxəssislər tərəfindən dərhal zəruri və təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində səhər 6.30 radələrində dirəyin titrəyişləri nizamlanıb.

Bayraq Meydanına yaxın iki bloklu 9 mərtəbəli binadan səhər saat beş radələrində köçürülən ailələrin  şəhərdəki bəzi mehmanxanalara yerləşdirildiyi bildirilir.

«Burda qorxulu bir şey yoxdur»

Memar Emil Axundov bayraq qülləsinin əyilməsində hər hansı təhlükə görmür. Deyir müxtəlif ölkələrdə Azərbaycandakı qüllədən dəfələrlə hündür qüllələrdə küləkli havalarda müəyyən titrəmələr olur. Onun fikrincə, bu olmasa həmin qüllələr bir anda qırıla bilər.
- Burda qorxulu bir şey yoxdur. Mən inanmıram bu qüllə yıxıla və ya qırıla. Amma belə bir şey var ki, ola bilər qüllənin özülündə çatlar yaransın.
-Çatların yaranması qorxulu deyil?
-Bayrağı aşağı salsalar qorxulu deyil.

«Əhalinin köçürülməsi tikintidən əvvəl nəzərə alınmalı idi»

Dövlət Bayraq Meydanına yaxın ərazidəki əhalinin bir qisminin köçürülməsinə gəldikdə Emil Axundov hesab edir ki, bu, tikinti işləri aparılmazdan əvvəl nəzərə alınmalı idi. O bildirir ki, bu nəzərə alınmayıbsa çox pisdir. «Bizdə Bakı şəhər icra hakimiyyəti var, gərək onlar belə şeyləri bilsinlər».

Bayraq meydanı 20 milyon manata başa gəlib

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanıb, tikinti 3 il davam edib. Amerikanın «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihəni Azərbaycanın «Azenko» şirkəti həyata keçirib. Meydanın ərazisi 60 hektar, onun yuxarı hissəsi isə 31 min kv.m təşkil edir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib..

Qüllədə problem varsa bu keyfiyyət məsələsidir

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, dünyanın müxtəlif yerlərindəki analoji layihələrlə müqayisədə Azərbaycandakı bayraq qülləsinə daha çox vəsait ayrılıb. O hesab edir ki, 20 milyon manata tikilən qüllədə problemlər olmamalı idi. Əgər olubsa bu keyfiyyət məsələsidir.

Комментариев нет:

Отправить комментарий