15.04.2011

Azərbaycana gəlsin!

Vətənimin seyrinə çağırıram elləri,
Zillət görmək istəyən Azərbaycana gəlsin.
Al bayraqlar altında al qanına boyanan
Millət görmək istəyən Azərbaycana gəlsin.

Kimlər oldu qolları dal gərdəndə çatılan,
Kimlər oldu soyulan, kimlər oldu çapılan,
Dəllal bazarlarında su yerinə satılan
Sərvət görmək istəyən Azərbaycana gəlsin.

Min-min oyun açıldı bu millətin başına,
Neçə gözlər dikildi torpağına, daşına,
Atadan övladına, qardaşdan qardaşına
Nifrət görmək istəyən Azərbaycana gəlsin.

Qırılırıq, ay Allah, məhkəməsiz, günahsız,
Niyə qaldıq dünyada kimsənəsiz, pənahsız,
Qəribədir, qardaşım, ordusu da silahsız,
Dövlət görmək istəyən Azərbaycana gəlsin.

                                                                              Fikrət Nəğməkar

Комментариев нет:

Отправить комментарий