21.05.2011

TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ

Bəzi Avropa ölkələrinin sakinləri İsveçdə türmədə yatmaqla pul qazanırlar

Bu ölkədə ömürlük məhbusları da 4 saatlığa azadlığa buraxırlar




Azərbaycan mətbuatının hec gündəmindən düşməyən mövzulardan biri penitensiar sistemlə bağlıdır. Nə qədər yazılsa da yeni yazılan hər bir şey oxucunu təəccübləndirir. Kimin ağlına gələr ki, kimsə rahat pul qazanmaqcun həbsxanada oturmağı seçər. Adı gələndə belə camaat “hec düşmənimə də qismət etməsin” deyib dad çəkir.
Bir vaxtlar Azərbaycanın həbsxanalarında bəzi şeylərin şahidi olan şəxs kimi indi yaşadığım ölkənin penitensiar sistemiylə bağlı apardığım kiçik araşdırma oxuculara maraqlı ola bilər. 
Söhbətləşdiyim penitensiar sistemin işcisi bizim dillə desək, ağır cinayət törətmiş cinayətkarların cəza müəssisəsində calışır. Ona ilk sualım burda azərbaycanlı dustağın olub-olmamasıyla bağlı oldu. İlk sevindirici cavabımı aldım: ”Yoxdur”.
 Isvecdə 59 həbsxana var. Onlardan 6-si qadin həbsxanasıdır. Həbsxanalar yuvarlaq olaraq 245 nəfər ücün nəzərdə tutulur. Umumilikdə Isveçdə 6 min dustaq var. Onlardan 150-si ömürlük həbs cəzasina məhkum edilənlərdir.
İsvec dövləti bütün vətəndaşlarının taleyinə biganə qalmadığı kimi ən ağır cinayət törədən məhbusundan da öz qayğısını əsirgəmir. Bu dövlətin ömürlük həbs cəzası alan məhbusu ilə yanaşı yungül qanun pozuntusu törədən məhbusu da, calışıb ona xeyir verən vətəndaşına diqqəti də eynidir. Təbii ki, dövlət idarəciliyində mövcud olan qanunlar harda olmasından asılı olamyaraq hər kəsə aiddir. Elə buna görə də Polşa, Bolqaristan, Çexiya kimi Avropa dövlətlərindən gələn şəxslərin bəziləri yüngül cinayət törədir, bilərəkdən həbsə düşürlər ki, burda, türmədə aldığı aylığı ailəsinə göndərsin. Bəziləri türmə həyatından o qədər məmnun qalırlar ki, cəza müddəti bitdikdən sonra təkrar ora qayıtmaq üçün yeni cinayət törətməkdən belə çəkinmirlər. Hətta bir qrup narkoman və oğru dəstələri var ki, onlar qış mövsümü gələn kimi yüngül bir cinayət törədərək acı qış aylarını isti həbsxanalarda keçirməyə üstünlük verirlər, bir növ qış tətilinə çıxırlar.
İscevdə də həbsxanalar yaşayış yerlərindən kənarda yerləşir. Həbsxanalarda nəzərdə tutulmuş normadan artıq məhbus saxlanılmır. Ümumi qaydalar həbsxana daxilində nə "obşak"ın, nə də başqa qeyri-qanuni birliklərin, ayrı-ayrı nüfuzlu şəxslərin nəzarətylə həyata kecirilmir. Düzdür, bəzən yazılmamış qanunlara buranın da həbsxanalarında rast gəlmək olur. Məsələn, həbsxanada xüsusi dəstələr olur ki, onlarla mütləq ehtiyatlı davranmaq lazımdır. Yaxud da təcavüzkar biri heç vaxt başqa cinayətkarlarla bir kamerada saxlanılmaz. Buranin həbsxanalarında da satqınlıq  həmin məhbusun sonu deməkdir. 
Məhkumların qida rejimi normal günlərdə olduğu kimi üc öynədir. Yemək menyusu zəngindir. Qidalanma zamanı üc çesid isti yemək olur. Hətta hər hansı bir məhbus menyuda olan yeməyi istəməsə belə həftəlik qazancından özü  üçün istədiyi yeməyi alıb bişirə bilər. Həbsxanada xüsusi bir şöbə var ki, yalnız məhbusların tələb, istək və şikayətləriylə məşğul olur. Məsələn, elə olur ki, bir gündə həbsxanada olan məhbusların bir qismi bir yemək, digəri isə başqa yemək istəyir. Sorğuya əsasən hanı yemək istənilirsə, o da bişirilməlidir. Yeməklərin keyfiyyətinə isə söz ola bilməz. Təbii ki, məhbusun dini inancları da mütləq nəzərə alınır. Yəni müsəlmanlara donuz ətindən hazırlanmış xörəklər təklif edilmir. Əgər məhbusa iki gün eyni yemək təkrar verilərsə, bu, ciddi narazılıq yarada bilər. Bu narazılıq isə uzağı iki gün ərzində lazımi orqanlara catır.
Həbsxanada məhbusların sağlamlığı xüsusi önəm daşıyır. İldə iki dəfə məhbusları həkim müayinəsindən kecirmək ücün dövlət hesabına həbsxanaya xüsusi həkim qrupu göndərilir. Məhbuslardan birİnin dişləri tökülsə, yaxud da başqa xəstəliyə yoluxsa, dövlət hesabına məhbusun problemi həll olunur.
Bir dəfə əslən Rusiyadan olan bir məhbusun dişləri olmadığından yoxlamadan sonra ona diş qoyulacağını bildiriblər. Məhbus bu təklifi qəti surətdə rədd edib. Onun bu israrindan təəccüblənən həkimlər dişsiz yemək yeməyin sağlığa verdiyi fəsadlardan danışıb. Məhbus bütün bunları bildiyini və diş qoydurmaqcün pulu olmadığını deyib. Sonda rus məhbusu diş qoydurmağa razı sala biliblər.
Ən maraqlı məqamsa ömürlük və ən ağır cəzalara məhkum olunmuşlarla bağlıdır.
Bu cür məhbuslar ciddi nəzarətdə saxlanmalarına baxmayaraq, onların da qanunda nəzərdə tutulmus huquqlari var və bunlardan xəbərdar olan məhbus qanunun ona verdiyi bütün imtiyazlardan istifadə edə bilər.
Səlahiyyətlərsə həbsxana rəhbərinin sərəncamiyla həyata kecirilir. Əgər ömurluk həbs cəzasi almiş məhbus cəzasinin 5 ildən çoxunu həbsxana qaydalarina riayət edərək keçiribsə, bu, o deməkdir ki, həbsxana isçilərinin nəzarəti altında azadliga buraxila bilər. Məhbusun ilk buraxılışı 4 saatdan başlayır. Azadlıqda olduğu müddətdə məhbus şəhərdə ürəyi istəyən yerə gedib gəzə, hətta restoranda oturub yemək yeyə də bilər. Həmsöhbətimin dediyinə görə, ömürlük həbs cəzasi almıs bir insan ücün 4 saatliq bu gəzinti dünyanın ən əvəzedilməz bir nemətidir. Bu gəzintidən sonra məhbusun davranışında böyük bir dönüş yaranır. Bu da ona görədir ki, məhbus ona verilən bu imkandan daha tez-tez, həm də daha çox saat müddətində yararlanmaq istəsin və özünü yaxşı aparsın. Belə olanda onun gəzintilərinin zamanı uzadıla bilər. Məhbusların bu gəzintilərinin xərcini də dövlət ödəyir.   
Həbsxana isciləri xüsusi təlim görmüş insanlardır. Onlar məhbusla davranmanın ən kiçik detallarına kimi təlim görürlər. Həbsxana nəzarətçisi ən ağır cinayətkara qarşı belə əzələ nümayiş etdirə bilməz. Əgər məhbusa qarşı zor tətbiq edilərsə, həmin həbsxana nəzarətçisi bir necə ayliğa işindən kənarlaşdırılır. Nəzarətçilərin tək-tək məhbuslara nəzarəti yasaqdır. Bu, həm nəzarətçinin, həm də məhbusun təhlükəsizliyi üçündür.
Çünki ən ağır cinayət törətmiş məhbus da bir insandır. Onun qapalı yerdə olmasını şərtləndirən qanunlar onu təhqir olunmaqdan, ya da zorakılığa məruz qalmaqdan da qoruyur. Əks halda məhbusun islah olunub normal yaşamına dönməsi mümkün deyil.
Unutmaq lazım deyil ki, insanlar işlətdikləri təqsirin peşmançılığını duymaq və bunun bir yanlış olduğunu qəbul etmək üçün həbsə salınır.
Gün gəlsin, Azərbaycanın həbsxanalarında da İsveçdə olan uyğun şəraitin üçdə biri yaradılsın.   

Könül Həsənli, Stokholm                   musavat.com

Комментариев нет:

Отправить комментарий