16.06.2011

Akademik qalmaqal

AMEA-nın müxbir üzvü, Şöhrət ordenli alim şok faktlar açıqladı
Şahbaz Muradov Mahmud Kərimovun verdiyi təltifdən niyə imtina etdi?
AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun AMEA prezidenti, akademik Mahmud Kərimova açıq məktubunu ixtisarla dərc edirik.
Hörmətli Mahmud Müəllim!
Yeddi il öncə prezident İlham Əliyevin fərmanı ilə elmin inkişafındakı xidmətlərimə görə "Şöhrət ordeni" ilə təltif edilmişəm. 14 fevral 2011-ci il tarixdə isə mənə ünvanlanmış böyük bir zərf aldım. Zərfin üstü əllə yazılmışdı. İçində "Azərbaycanda İqtisadiyyat elminin inkişafında və yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar müxbir üzv Şahbaz Musa oğlu Muradov" sözləri yazılmış adları "Fəxri Fərman" adlanan bir sənəd vardı. Bu, mənim üçün çox təəccüblü və gözlənilməz oldu. Çünki onu imzalayan prezident və akademik katibin soyadları yazılmamışdı. Belə bir tarixi sənədi imzalayanların kimliyinin məlum olmaması və "Fəxri Fərman"nın yazılması qaydasının 66 illik tarixi olan, ölkəmizin elm məbədgahı sayılan Milli Elmlər Akademiyasında indiyədək öyrənib bilən bir yazarın olmaması təəccüb doğurmaya bilməzdi. Bu məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, 50 ilə yaxın çalışdığım bir elm ocağında bu cür "Fəxri Fərmanlar" həmişə bir qayda olaraq onun müəllifinə Rəyasət Heyətinin iclasında təqdim edildiyi halda, mənə qarşı bu cür hörmətsizlik haradan və nədən qaynaqlanır?
Üçüncüsü, mənim 70 yaşım 10 avqust 2010-cu ildə tamam olduğu halda, nə üçün mənim anadan olmağımın 70 illiyi haqqında AMEA Rəyasət Heyətinin qərarı doğum günümdən 50 gün keçdikdən sonra, yəni 29 sentyabr 2010-cu il tarixdə qəbul edilmiş və həmin yuxarıda adı çəkilən "Fəxri Fərman" deyilən sənəd isə mənə 70 yaşım tamam olduğundan nə az, nə çox düz 6 ay sonra, hörmətsiz formada göndərilmişdir?
Sayğısızlığın səbəbi nədir?
Hörmətli Mahmud Müəllim! 16 iyul 2011-ci ildə mənim Akademiyada işləməyimin 50 ili tamam olacaq. 1967-ci ildən indiyə kimi İqtisadiyyat İnstitutunda "Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri" şöbəsinə rəhbərlik edirəm. 1991-ci ildən 1998-ci ilədək İnstitutda elmi işlər üzrə direktor müavini, 1991-ci ilin əvvəlindən 2008-ci ilin 11 iyuluna kimi isə onun direktoru vəzifəsində işləmişəm. 2000-ci ildən indiyə kimi Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının İqtisadiyyat üzrə problem şurasının sədriyəm. Humanitar və İctimai Elmlər Bölməsinin, YUNESKO-un Azərbaycanda "Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etika üzrə Milli Komitəsinin", Azərbaycan Milli Ensiklopediyası və Naxçıvan Ensiklopediyasının redaksiya şuralarının üzvü, "İqtisadiyyat xəbərləri" curnalının baş redaktoruyam və s. və i.a..
Bütün bunların müqabilində mənə göstərilən bu sayğısızlığın səbəbi nədir? Bəlkə Sizin həmkəndliniz olmamağımdır? Allah, bizi bu yerlibazlıq xəstəliyindən qorusun! Yadınızdadırsa, 2006-cı ilin axırlarında Sizin yanınıza gəlib soruşanda ki, Akademiyaya seçkilərdə iqtisadiyyat üzrə akademikliyə və müxbir üzvlüyə nə üçün yer verilməyibdir? Siz dediniz ki, akademiklik yeri verilmişdi, ancaq son anda Cəlal Əliyev gəlib məcbur edib həmin yeri siyahıdan çıxartdırdı. Mən soruşdum ki, nə üçün? Siz rus dilində cavab verdiniz ki: "Zavist". Bax, görünür, Sizin mənə münasibətiniz də bu "Zavist" və ya nəyinsə heyfini çıxmaq hissləriniz var.
Siz unutsanız da, cəmiyyət unutmayıb
Hörmətli Mahmud Müəllim! Mən 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini Fərqlənmə diplomu ilə bitirmiş və gənc mütəxəssis kimi Akademiyasının İqtisadiyyat İnstitutuna təyinatla işə göndərilmişəm.
O vaxtdan indiyə kimi burada işləyirəm. Əslən Laçın rayonundanam. Sizdən fərqli olaraq atam və anam sadə zəhmətkeş insanlar olublar. Öz gücümlə 1965-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1977-ci ildə SSRİ AAK-sı tərəfindən "Professor" elmi adı almışam. Elmlər doktoru elmi dərəcəsini 32 yaşım tamam olmamış almışam. Çoxlarından, şəxsən də Sizdən fərqli olaraq doktorluq elmi dərəcəsi aldıqdan 29 il sonra, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişəm. 70 nəfərdən çox elmlər namizədi və elmlər doktoru hazırlamışam. 30-dan çox elmi monoqrafiyanın, 300-dən çox məqalənin müəllifiyəm. 60-dan çox elmi əsərim xarici ölkələrdə, o cümlədən ABŞ-ın Nyu-York şəhərində çap edilmişdir. 20 il SSRİ EA Rəyasət Heyətinin nəzdində Fəaliyyət göstərmiş "Əhali sakinliyinin sosial-iqtisadi problemləri" və "Əmək ehtiyatları problemləri" Elmi Şuralarının Büro üzvü və Özbəkistan Respublikası Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda doktorluq Dissertasiya Şurasının üzvü olmuşam. Akademiyamızdakı fəaliyyətimi sadalamıram. Bunları hamı kimi Siz də bilməmiş deyilsiniz.
24.08.1995-ci il tarixdə Prezident sarayında mənim də üzvü olduğum Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşündə prezident Heydər Əliyev demişdir:"1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə göndərildikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan "Voprosı ekonomiki" adlı çox nüfuzlu curnalda Şahbaz Muradovun məqaləsi çap edilmiş və o həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında müsbət fikirlər yazmışdır. Görünür, ədalətli adamlar da var imiş". O, tədbirdə akademik Ramiz Mehdiyev də iştirak edirdi. Bu xoş sözlər mənim üçün böyük mükafatdır!
Hörmətli Mahmud Müəllim! 1998-ci ildə ak. Azad Mirzəcanzadənin sədrliyi ilə keçirilən AAK-nın Rəyasət Heyəti İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının işindəki nöqsanlarla əlaqədar olaraq onun fəaliyyətinə xitam vermişdi. Mən 1999-cu ilin əvvəlində İnstituta müvəqqəti direktor vəzifəsinə təyin edildikdən bir qədər sonra ak. A.Mirzəcanzadəyə rəsmi qaydada müraciət edib həmin Dissertasiya Şurasının Fəaliyyətinin bərpa edilməsini xahiş etmişdim. Onun göstərişi ilə 15 mart 2000-ci il tarixdə həmin Dissertasiya Şurası bərpa edilmiş və sədrliyi mənə həvalə olunmuşdu. AAK-ın iclasında ak. A.Mirzəcanzadə demişdir:"Bu Dissertasiya Şurasını Şahbaz Muradovun şərəfinə verirəm, o mənim generatorumdur".
2000-ci ilin aprel ayından 2008-ci ilin 15 dekabrınadək sədrlik etdiyim həmin Dissertasiya Şurasında 138 dissertasiya işi müdafiə olunub. Onların 125-i namizədlik, 13-ü doktorluq dissertasiyası işləridir.    
Yəqin ki, o da yadınızdan çıxmamışdır ki, Siz yenicə
Akademiyaya prezident seçildiyiniz dövrlərdə baş nazirin 1-ci müavini Abbas Abbasovun sədrliyi ilə nazirlərin, komitə sədrlərinin və səfirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdəki çıxışımda mən Azərbaycan Milli Elmlər Akademiyasının mənafeyini necə müdafiə etdim. Nazirlər qarşısında hansı məsələləri və necə cəsarətlə qaldırdım.
Siz iclasdan çıxarkən mənə öz təşəkkürünüzü bildirdiniz. Mənim təşəbbüsümlə Sizinlə birlikdə keçmiş Maliyyə Naziri Əvəz Ələkbərovla görüşə getdik və Akademiya əməkdaşlarının əmək haqlarının qaldırılması məsələsi ilə bağlı onunla müzakirələr apardıq. Bir iqtisadçı və institut direktoru kimi elmlər namizədlərinin və elmlər doktorlarının elmi dərəcə maaşlarının qaldırılması barədəki fəaliyyətimi də yəqin unutmamısınız. Siz unutsanız da geniş elmi ictimaiyyət bunları unutmayıblar. Bəs bütün bunların əvəzində Siz mənim əziyyətimə nə qiymət verdiniz və mənə nə hörmət etdiniz?!
Mahmud Kərimov Ramiz Mehdiyevdən nə sifariş almışdı?
Unutmamısınızsa, 2005-ci ilin məlum oktyabr hadisələrindən bir müddət sonra isə Sizin köməkçiniz Fərid Xanlarov mənə zəng edib bildirdi ki, Mahmud müəllim Prezident Aparatından zəng edib ki, Şahbaz müəllim təcili surətdə saat 15-00-da mənim yanıma gəlsin. Mən deyilən vaxt çox həyəcanlı şəkildə Sizin yanınıza gəldim və nə baş verdiyini soruşdum? Siz isə xeyir deyil. Ancaq görək nə edəcəyik deyərək məni bir qədər də həyəcanlandırdınız. O vaxt çox gərgin dövr idi. Sonra mənə bildirdiniz ki, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin yanından gəlirsiniz və ondan belə tapşırıq almısınız ki, prof. Ş.Muradov, yəni mən ANS Televiziya kanalına gedib "Nəzər nöqtəsi" verilişində akademik Eldar Salayevin o vaxt törətdiyi neqativ hərəkətləri haqqında danışım. Bunun üçün Siz mənə Prezident Aparatında apardığınız söhbətlər və ak. E.Salayevin Rəsul Quliyevlə birlikdə törətdikləri əməllər haqqında ətraflı məlumat verdiniz. Mən Sizə söz verdim ki, evə gedib fikirləşdikdən sonra televiziyaya gedib çıxış edərəm. Evə gəlib həyat yoldaşım və övladlarımla bu məsələni müzakirə etdikdən sonra bu hərəkətin kişilikdən olmadığını düşünərək televiziyaya getməmək qərarına gəldim. Ertəsi gün Sizinlə telefon söhbətimiz oldu və mən televiziyaya getməyəcəyimi qəti surətdə bildirdim. Çünki, o vaxt ak. E.Salayevin təqsirinin nədən ibarət olduğunu yaxşı bilmirdim və indi də bilmirəm. Mənim televiziyaya gedib dəqiq bilmədiyim məsələ haqqında təcridxanada olan ak. Eldar Salayevin əleyhinə çıxış etməyim ictimaiyyət tərəfindən düz başa düşülməz, nifrətlə qarşılanar və mənim həyatım üçün ən qara ləkə olardı. Həm də mən bunu necə edə bilərdim?
Axı, Heydər Əliyev məni ədalətli adam adlandırmışdı! Mənə elə gəlir ki, televiziyaya gedib ak. E.Salayevin əleyhinə çıxış etmədiyim üçün elə həmin vaxtdan etibarən mənə qarşı əvvəlki xoş münasibət mənfiyə doğru dəyişməyə başladı.
Ramiz Mehdiyevə 35 səhifəlik məktub
Hörmətli Mahmud müəllim! Mən bu məsələlərlə bağlı 10 mart 2010-cu il tarixdə Prezident Administrasiyasının rəhbəri ak. Ramiz Mehdiyevə göndərdiyim 35 səhifəlik məktubda ətraflı yazmışam. Şəxsən Sizin mənə münasibətinizin dəyişməsinə gəldikdə isə xatirinizdədirsə, Siz 2006-cı ildə Qubanın Xınalıq kəndindən gəlib iqtisadiyyat ixtisası üzrə aspiranturaya qəbul olunmaq istəyən, ancaq ixtisasca təbiətşünas olan bir gəncin ərizəsinin üstünə dərkkənar qoyub onun sənədlərinin iqtisadiyyat üzrə aspiranturaya qəbul edilməsinə icazə vermişdiniz. Mən isə İqtisadiyyat İnstitutunun direktoru olaraq telefonla Sizə zəng edib bildirdim ki, bu qanuna zidd haldır. Siz isə mənə dediniz ki, uyğun deyilsə də sənədlərini qəbul edin imtahanda ikisini verin getsin. Ancaq mən təkid etdim ki, onun sənədlərinin qəbul edilməsi aspiranturaya daxil olmaq qaydalarına uyğun olmadığı üçün bu işə mən qol qoya bilmərəm və onun sənədlərinin qəbul edilməsinə icazə vermədim. Həmin vaxtlar mənim həmişə dərin hörmət bəslədiyim Sizin indiki müavinlərinizdən biri də (ak. A.Əlizadə) bir-iki dəfə uyğun olmayan adamların aspiranturaya qəbul edilməsini məndən xahiş etmişdi, ancaq mən onların da sənədlərini qəbul etməmişdim. O isə telefonda mənə hədə-qorxu gəlib "bu günün sabahı da var" demişdi! Sizinlə çox sıcaq münasibətləri olan Mərdəkan Dendrarisinin direktoru müxbir üzv Tofiq Məmmədovun Kiprdə işləyən Arif adlı qardaşının bank işçisi olan oğlunu onun özünün və Sizin köməkçiniz Fərid Xanlarovun xahişi ilə həmin vaxt institutda dissertantlığa qəbul etmişdim (maliyyə ixtisası üzrə) və Kibernetika İnstitutunun şöbə müdiri i.e.d. Qorxmaz İmanovu ona elmi rəhbər təyin etmişdik.
9 ay keçdikdən sonra mənə məlum oldu ki, onun namizədlik dissertasiya işi tamamlanıb institutun müvafiq şöbəsində müzakirə edilib maliyyə şifrəsindən deyil riyaziyyatın iqtisadiyyata tətbiqi ixtisası üzrə müdafiəyə təqdim edilibdir. Dissertasiya işinin belə az bir müddətdə hazırlanması məndə müəyyən şübhələr yaratdı və mən bütün xahiş və təkliflərə baxmayaraq, həmin prosesin qarşısını aldım. İnstitutun elmi katibi Təhsil Nazirliyi ilə əlaqə yaratdı və müəyyənləşdirdi ki, həmin gənc Kiprdə ali təhsil alıb və onun diplomu Azərbaycanda tanınmır. Bundan sonra mən əmr verib onu dissertantlıqdan da xaric etdim. Bundan sonra onun əmisi və onu xahiş edənlər məndən incidilər. Ancaq sonradan mənə məlum oldu ki, həmin gənc hansı yollarlasa gedib Kibernetika İnstitutunda dissertasiya işini müdafiə edibdir. Mənim həmkarım ak. Asəf Nadirov da məndən narazı qalmışdı. Çünki, onun elmi işləri zəif olan iki aspirantlarının dissertasiya işlərinin müdafiəsi bir qədər gecikmişdi. O, isə mənim həyat yoldaşımla telefon söhbətində demişdi ki, Şahbaz müəllim mənim aspirantımın dissertasiya işlərinin müdafiəsini gecikdirir. Buna görə mən də direktor  seçkisində öz missiyamı yerinə yetirəcəyəm deyərək mənə
öz mesacını göndərmişdi.
O doktorlar nə tez akademik oldular?
Bu yuxarıda deyilən məsələlərin bəzisini mən 2006-cı ilin sonlarında İctimai Televiziyadakı verilişdə bir qədər yüngül şəkildə açıqladım və həmin verilişdə Sizin və bəzi akademiklərin ünvanına çox yüngül və dostyana tənqidi qeydlər səsləndirdim və Akademiyaya seçkilərdə bəzi hallarda ikili standartlara və yerlibazlığa yer verildiyini qeyd etmişdim. Sonradan mən eşitdim ki, bu məsələ Akademiyanın Rəyasət Heyətində müzakirə mövzusu olub və orada mənim haqqımda qeyri-obyektiv mövqe səsləndirilibdir. Əgər Akademiyaya seçkilərdə belə ikili standartlara yol verilməmişdirsə, bəs onda nə üçün 2001 və 2007-ci illərdə müxbir üzv mərhələsini keçmədən layiq olub-olmasından asılı olmayaraq, doktorluq dissertasiya diplomlarının çerneli qurumamış neçə-neçə adamlar birbaşa akademik, bəzilər isə müxbir üzvü seçilmişlər? Bunların kimliyi hamıya məlumdur. Həmin akademiklərin bəziləri isə elə Sizin özünüz də öz ixtisasınızdan deyil, başqa ixtisas sahəsindən birbaşa akademik seçilmisiniz. Həmin akademiklərdən biri (Əli İnsanov) indi həbsxanadadır, bəziləri isə illərdən bəridir ki, respublikadan kənarda yaşayır və nə ilə məşğul
olmaları bəlli deyildir.
Mənə qarşı Ziyad Səmədzadədən istifadə etdiniz
Hörmətli Mahmud müəllim! İnciməyin məndən, düz söz acı olar! Belə çıxır ki, AMEA-nın rəhbərləri və onları dəstəkləyən müəyyən qrup məmurlar öz şəxsi və başqa maraqlarından çıxış edərək Milli Elmlər Akademiyası və təhsil sistemində fəaliyyət göstərən 100-dən artıq institut direktorları və rektorları, habelə akademiyanın həqiqi üzvləri, "Əməkdar Elm" xadimləri arasında öz zəhməti ilə gəlib institut direktoru və müxbir üzv seçilmiş əslən Laçından olan təkcə Şahbaz Muradova- mənə yer yoxdur deyirlər! Təsadüfi deyildir ki, 2007-ci ildə Akademiyaya seçkilər vaxtı iqtisadiyyat elminə yer ayrılmadı və 2008-ci ildə mən heç bir təqsirim olmadan direktorluq vəzifəmdən uzaqlaşdırıldım. Bu işdə mərhum Heydər Əliyevin "Konyunkturaya xidmət edən adam" adlandırdığı və 1993-2001-ci illərdə İqtisadiyyat İnstitutunda yarıtmaz işinə görə işdən qovduğum ak. Z.Səmədzadə kartından və bəzi başqa kartlardan da ustalıqla istifadə etdiniz. Seçkilərdən xeyli vaxt əvvəl mən Sizin yanınıza gəlib onun mənə qarşı tələ qurulduğunu Sizə bildirəndə Siz məni arxayın saldınız ki, indi ak. Z.Səmədzadə kimisinə qulaq asan yoxdur. Çox təəssüflər olsun ki, mənfi tiplər həmişə asanlıqla dil tapıb birləşə bilirlər! Bu dəfə də belə oldu.
Mənə qarşı süni alternativlər tapdınız
Təsadüfi deyildir ki, İnstitutumuza direktor seçkisi ilə bağlı elan hələ 2007-ci il avqust ayının 24-də "Elm" qəzetində çap edilməsinə və İnstitutun Elmi Şurasının 12 sentyabr 2007-ci il tarixdə keçirilmiş geniş iclasında mənim hesabatım ətraflı dinlənilib müzakirə edildikdən sonra direktor vəzifəsinə namizədliyim yenidən yekdilliklə irəli sürülməsinə baxmayaraq, heç bir səbəb göstərilmədən və Akademiyanın Rəyasət Heyətinin Rəsmi qərarı və hüquqi əsası olmadan bu seçkinin vaxtı qeyri-qanuni olaraq gecikdirilmiş və heç bir rəsmi izahat verilmədən 7 ay keçdikdən sonra, yəni 24 aprel 2008-ci ildə Akademiyanın başqa İnstitutlarına seçkilər elan edilərkən həmin seçkinin vaxtı hüquqi əsası olmadan bir ay uzadılmışdır. Birinci dəfə alternativim olmadığı halda, ikinci dəfə eyni bölgədən olan iki nəfəri- Elmi tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, i.e.d. Saqıx Salahovu və indi gözdən düşmüş sabiq deputat Əli Əlirzayevi tapıb direktor seçkilərində mənə alternativ kimi namizədlikləri irəli sürülmüşdü. Onların hər ikisi Texniki Universiteti mühəndislik fakültəsini bitirmişlər və iqtisadçı baza təhsilləri yoxdur. Direktorluq vəzifəsinə üç nəfərin namizədliyi qeydə alındığından bizim hər üçümüz ən azı İctimai və humanitar Elmlər bölməsinin Büro iclasında öz platformalarımızla çıxış etməli idik və bu məsələ ciddi müzakirə olunmalı idi. Bu müzakirə ən azı etika xatirinə də olsa edilməliydi. Çünki, bu institutda mən 50 ilə yaxın çalışmış və son 18 il ərzində burada əvvəlcə 8 il elmi işlər üzrə direktor müavini, 10 ilə yaxın isə direktor vəzifəsində işləmişdim.
İşdən qovduğum adamla birləşib oyun qurdunuz
Mənə alternativ seçilmiş iki namizəddən fərqli olaraq mən həm AMEA-nın müxbir üzvü, həm də həmin bölmənin büro üzvü idim. Üç il əvvəl isə elmdəki xidmətlərimə görə ölkə başçımız İlham Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdim. Lakin bütün bunlara baxmayaraq Sizin şəxsi göstərişiniz və təmsil olunduğum bölmənin rəhbəri ak. Ağamusa Axundovun köməkliyi ilə işdən qovduğum ak. Z.Səmədzadənin mənə qarşı açıq-aşkar aparılmış əks təbliğatın nəticəsində səsvermədə iştirak edən 41 nəfərin tam əksəriyyətinin tanımadığı Saqıx Salahovun lehinə guya 17 nəfərin, Əli Əlirzayevin lehinə 5 nəfərin, mənim lehimə isə 15 nəfərin səs verdiyi elan edildi. Belə çıxdı ki, guya nəticədə heç birimiz lazım olan səsi toplamadıq. Əslində bu seçki yox Sizin başçılığınızla ak. Z.Səmədzadənin və ak. Ağamusa Axundovla birlikdə qurduğunuz oyun idi. Təsadüfi deyildir ki, bu seçkinin nəticələrini hesablayan komissiyanın sədri ak. Z.Səmədzadənin şəxsi dostu və həmkəndlisi məhrum ak. Fuad Qasımzadə, üzvləri isə mənim alternativlərimin həmyerliləri olan filologiya üzrə alimlər, müxbir üzvlər- Nizami Cəfərov və Teymur Kərimov seçilmişlər.
Nizami Cəfərova saxtalaşdırma əmrini kim verib?
Hörmətli Mahmud Müəllim! Direktor seçkisindən bir gün əvvəl - 2 iyul 2008-ci il tarixdə axşam saat 9-10 arasında mən ak. Vaqif Fərzəliyevin əl telefonuna zəng edib sabahkı seçkilərlə əlaqədar vəziyyəti öyrənmək istədim. O, mənə bildir ki, hazırda o qudasının evindədir və ak. Fuad Qasımzadə də buradadır. Ak. F.Qasımzadə mənimlə telefonla danışdı və bildirdi ki, narahatçılıq keçirmə, səhər hər şey yaxşı olacaq. Sonralar o özü səmimi qəlbdən etiraf etdi ki, həmin gecə onunla razılıq əldə edilibdir ki, sabah keçirilən seçkilərdə o hesablayıcı komissiyasının sədri seçilməyə razılıq versin və elə etsin ki, seçki qutusundan çıxan səslərin sayı nə mənim və nə də mənim alternativlərim üçün yetərli olmasın. Həmin seçki günü hesablayıcı Komissiyanın üzvü millət vəkili, müxbir üzv Nizami Cəfərov isə 03 iyul 2008-ci ildə seçki qutusu açılıb səslər sayılan vaxtı Sizin kabinetinizə gələrkən mənim və Sizin yaxşı tanıdığınız bir nəfər Akademiya əməkdaşı ondan soruşub ki, vəziyyət necədir? O isə cavab veribdir ki, gedirəm Mahmud müəllimdən "inisturuktac" almağa. Məqsəd səsləri parçalamaq və sonradan Sizin əvvəlcədən özünüzün planlaşdırdığınız başqa bir həmyerlinizi bu vəzifəyə təyin etməkdən ibarət olmuşdur.
Çünki, Siz həmin seçki vaxtı yuxarıda adları çəkilən məlum regiondan olan hər hansı birini mənim yerimə direktor seçdirməkdən qorxdunuz. Ona görə ki, bu ictimaiyyətin qınağına səbəb ola bilərdi. Onların heç birisi səsvermədə məni üstələyə bilməzdilər. Bu seçki Sizin göstərişinizlə açıq-aşkar saxtalaşdırıldı. Səsverən üzvlərin əksəriyyətinin sonralar mənə dediklərinə görə həqiqətən də Siz mənə qarşı repressiya mövqe tutmusunuz. Belə olmasaydı, Siz tələm-tələsik mənim yerimə cəmi bir il öncə 54 yaşında doktorluq dissertasiyası müdafiə etmiş mənim tələbəm hesab olunan
İsa Alıyevi təyin etməzdiniz.
Məni sındırmaq istədiniz, ancaq mən sınmadım
Həm də həmişə bir qayda olaraq səsvermədən heç kim keçmədiyi halda yeni seçkilər keçirilənədək həmin vəzifə, əvvəlki direktora həvalə olunurdu. Həm də o vaxt mənim elmi işlər üzrə müavinim də var idi. İnstitutda hamı yaxşı bilir ki, onun ümumi intellektual inkişaf səviyyəsi və iqtisadçı alim kimi dünya görüşü indi mənim yerimə təyin etdiyiniz direktorla müqayisədə nəinki aşağı səviyyədə deyil, əksinə xeyli yüksəkdir. Siz mənə hörmət etsəydiniz və mənim xidmətlərimə göz yummasaydınız yeni direktor seçkisi təyin edilənədək həmin vəzifəni mənə həvalə edərdiniz. Siz bunu etmədiniz və məni sındırmaq istədiniz! Ancaq mən sınmadım! Hansısa gözə görünməz "qüdrətli əl" və ya amil isə Sizi bu məsələni tələm-tələsik həll etmək məcburiyyətində qoymuşdu. Ona görə də səsvermə bitdikdən dərhal sonra Siz məni öz kabinetinizin qarşısında bilib dal qapıdan qaçıb getdiniz. Yeni direktor təyin etdiyinizdən 3 gün sonra isə kabinetinizdə mənimlə görüşərkən Siz mənə dediniz ki: "Akademik Ramiz Mehdiyev və Fatma xanım məni çağırıb dedilər ki, biz səhv etmişik və onu razı salacağıq".
Ancaq "biz" deyəndə Siz özünüzümü, yoxsa Ramiz Mehdiyevlə  Fatma xanımın olduğunumu nəzərdə tutduğunuzu açıqlamadınız.
O vaxt Siz və yaxın ətrafınızda olanlar qorxdunuz ki, bu saxtakarlıqlar barədə mən ölkə başçısına şikayət edərəm.
Ona görə ak.Vaqif Fərzəliyev, ak. Əli Abbasov və müavininiz Turab Əhmədov mənə ürək-dirək verərək dedilər ki, guya yaxın vaxtlarda mənə və övladlarıma yuxarı təşkilatlar tərəfindən başqa yüksək vəzifələr təklif ediləcəkdir. Siz başda olmaqla onlar sanki uşaq başı aldadır və öz hərəkətlərinə qiymət vermirdilər. O vaxtdan az qala üç il vaxt keçir. Hanı bəs,
o təkliflər?! Sizin özünüz isə iki-üç ay bundan əvvəl Sizinlə kabinetinizdə görüşərkən mənə eyhamla dediniz ki, mən elə bilirdim ki, bu parlament seçkilərində Sizi deputat seçəcəklər. Mən isə bir şəxsiyyət olaraq ürəyimdə Sizin bu eyhamlarınıza dözərək susur və Sizə yazığım gəlirdi. Çünki, deputat seçkilərinin necə və hansı prinsiplərlə aparıldığını çox gözəl bilirəm. Əgər kiçik bir institut direktorluğu mənə çox görülürsə, məni deputat seçərlərmi?! Əlbəttə Yox!!! Birdəki mənim heç vaxt deputat olmaq fikrim olmayıbdır.
Öz mövqeyiniz yoxdursa, niyə istefa vermirsiz
Hörmətli Mahmud müəllim! Mənim direktor vəzifəsindən uzaqlaşdırılmağımın səbəbini Siz və ətrafınız həmişə yuxarıların işi olduğunu bildirirsiniz. Bu barədə mən Sizinlə dəfələrlə söhbət eləmişəm. Özünüzü elə aparırsınız ki, guya Sizin heç nədən xəbəriniz yoxdur! Doğrudan da əgər Siz Akademiyaya müstəqil rəhbərlik edə bilmirsinizsə, özünüzün sözünüz və mövqeyiniz yoxdursa, onda nə üçün bu boyda Elmlər Akademiyası kimi bir elm məbədgahına rəhbərlik edirsiniz?! Əgər Siz "rəhbərlik" etdiyiniz təşkilatın əməkdaşlarının haqq işini müdafiə edə bilmirsinizsə və onların əmək haqlarının, məişət vəziyyətinin yaxşılaşdırılması ilə maraqlanmırsınızsa, nə üçün istefa vermirsiniz?! Sizin öz mövqeyiniz yoxdursa, bəs onda Siz kimsiniz? 2008-ci ildə keçirilmiş direktor seçkilərində Siz başqa saxtakarlıqlara da şərait yaratmısınız. 24 aprel 2008-ci ildə mətbuatda direktor vəzifəsinə seçki ilə əlaqədar elanın çap edilməsinə baxmayaraq bir çox institut direktorları, o cümlədən "tarix muzeyi", "ədəbiyyat", "dilçilik", "fizika" və sair institutların direktorları gizli səsvermə yolu ilə deyil Sizin sərəncamınızla vəzifələrə təyin edilmişlər. Bu isə nizamnaməyə ziddir.
Necə olur ki, 80 yaşını ötmüş və prezidentin, yəni Sizin müşavirləriniz eyni zamanda həm də direktor vəzifəsinə təyin olunmuşlar?! Axı, müşavirlik ştat vəzifələri ona görə təsis edilmişdir ki, həmin yaşlı, ancaq işləmək qabiliyyətli olan alimləri bu vəzifəyə təyin edəsiniz. Siz isə bu qaydalara da əməl etməmisiniz. Nə üçün Siz bəzi akademik-katiblərinizin, vitse-prezidentlərinizin təqaüd yaşı çoxdan keçməsinə baxmayaraq, onları həm də direktor vəzifəsinə təyin etmisiniz?! Bu boyda akademiyada layiqli kadrlar yoxdurmu, direktor vəzifələrinə təyin edəsiniz?! Siz görmürsünüzmü elə qocaman direktorlar var ki, onlar öz yerlərinin qorxusundan öz yerlərinə elmlər doktorları hazırlamırlar, bəzi elmlər doktorlarının isə müxbir və həqiqi üzv seçilmələrinə imkan vermirlər! Əlbəttə, bütün bu haqsızlıqların səbəblərini
vaxt gələcək Sizdən də soruşanlar tapılacaq. Belə getməz! Belə olmaz! Yəqin Sizin də vaxtınız gəlib çatacaqdır. Onda sonrakı peşmançılığınız fayda verməyəcək.
Hörmətli Mahmud müəllim, əgər Sizin özünüz 50 ilə yaxın akademiyada çalışan, bütün şüurlu həyatını elmə həsr edən bir həmkarınıza- müxbir üzvünüzə - mənə "fəxri fərman"-ınızı kuryerlə institutun dəftərxanası vasitəsilə çatdırmaq yolunu seçmisinizsə, onda başqa məmurlardan nə ummaq olar?!
Bütün bunları nəzərə alaraq AMEA-nın kuryeri vasitəsilə mənim ünvanıma göndərilmiş "fəxri fərman"dan imtina edir və onu Sizin özünüzə qaytarmağı məqsədəuyğun bildim.
azadliq.info

Комментариев нет:

Отправить комментарий