15.06.2011

Amerikalı diplomat: «Daha heç kim bizimlə danışmaq istəmir»

Amerikalı diplomat: «Daha heç kim bizimlə danışmaq istəmir» thumbnail

«WikiLeaks» saytında ABŞ diplomatiyası ilə əlaqədar gizli materialların dərcindən sonra heç kim Vaşinqtonla işləmək istəmir. ABŞ Prezident Administrasiyası yaxın aylarda ölkənin bütün dünya ölkələrindəki səfirliklərində əhəmiyyətli kadr dəyişiklikləri etməyə, adları “WikiLeaks”saytının açıqlamalarında yer alan diplomatları geri çağırmağa hazırlaşır. Amerikanın “Daily Beast” portalınin verdiyi xəbərə görə, bu barədə Barak Obama administrasiyasındakı mənbə məlumat verib. ABŞ-ın milli təhlükəsizlik üzrə mütəxəssislərindən biri «The Daily Beast»ə bildirib ki, “WikiLeaks”in açıqlamaları ABŞ-ın bu və ya digər ölkələrdəki səfirlik əməkdaşlarının gələcək fəaliyyətini nəinki mümkünsüz, hətta təhlükəli edib. ABŞ-ın diplomatik korpuslarındakı yerdəyişmələr hələ ki, planlaşdırmanın ilkin mərhələsindədir. Obama administrasiyası Liviyadakı səfir Cin Kretçi geri çağırmaqla bu ehtimalların artıq reallıq olduğunu açıq-aydın göstərdi. Qeyd edək ki, ötən həftənin əvvəlində məxfi sənədlərin nəşri ilə məşhurlaşan “WikiLeaks” internet-resursu amerikalı diplomatların ABŞ Dövlət Departamenti ilə yazışmalarını nəşr edərək bütün dünyanın diqqət mərkəzinə düşüb.Açıqlanan teleqram mətnlərində dünya liderlərinin ünvanına, həmçinin onlar tərəfindən aparılan siyasətlə bağlı nəzakətsiz və tənqidi ifadələr yer alıb. Daha bir maraqlı məlumatı «Reuters» yayıb. Belə ki, xəbərdə bildirilir ki, Yaxın Şərq ölkələrindən birində çalışan və adının açıqlanmasını istəməyən Amerika diplomatlarından biri bildirib ki, «WikiLeaks» saytında ABŞ diplomatiyası ilə əlaqədar gizli materialların dərcindən sonra heç kim Vaşinqtonla işləmək istəmir: «Çox pis durumda qalmışıq. Vəziyyət həqiqətən də ciddidir. Heç kim bizimlə danışmaq, işləmək istəmir. Bunu etməyə məcbur olanlar isə soruşur: bunları da yazacaqsınız?». Onun fikrincə, baş verənlərdən sonra Vaşinqtonun özünə olan inamı bərpa etməsi üçün ən azı 5 il vaxt lazımdır.


           Anar, "Palitra" qəzeti

Комментариев нет:

Отправить комментарий