15.06.2011

Ayda və Marsda torpaq alan bakılılar



Mars
“Cənubi Qafqaz ölkələri arasında Ay, Mars və Venerada ərazi alanların sayı baxımından Azərbaycan lider sayılır”
Qalaktikanın digər planetlərində torpaq sahəsi neçəyədir?
Ay və ya Marsda ərazi almaq istəyən varsa, istəyini gerçəkləşdirə bilər. Özü də Bakının ayrı-ayrı səmtləri və ya həndəvərlərindən fərqli olaraq, həmin planetlərdəki ərazilər ucuz qiymətə satılır.
Hətta çox ucuz qiymətə.
… Bakıda hansısa iki qonşu bəzən iki kvadrat metr torpaq üstündə qırğına çıxır, biabırçılıq, söyüşmə və bıçaqlaşmadan belə çəkinmirlər. Nə var ki, bir qonşunun hasarı o biri qonşunun “yol”unu kəsir.
Torpaq məsələsi yalnız Bakıda başağrısı deyil.
Avropa, Amerika və ya Şərqi Asiyada da eyni mənzərədi.
Məsələn, bu ayın əvvəlində Çinin Şençjen vilayətində iki qonşu bir-birini ov tüfəngindən güllələyib. Li Syzanın bağının 4 kvadrat metrlik sahəsini dovşan saxladığı yer üçün qəsb edən Çjan Qansuana xəbərdarlıq olunsa da, hasarı sökməyib. İki qonşu sözləşib, mübahisə mərəkəyə çevrilib, axırda Li ilə Çjan ov tüfənglərinə əl atıblar.
Ağır yaralanmış qonşular xəstəxanaya aparılıblar və orada da Li Szyan keçinib.
Torpaq qıtlığı Bakıda son illər nəzərə çarpan problemlərdəndir. Sovet dönəmlərində şoran çöllüklər olan Bakı həndəvərlərində tikinti elə vüsət alıb ki, qonşuluqdakı iki binanın aynaları bəzən bir-birinə tam paralel vəziyyətdədir.
Bəhs etdiyimiz problemin gerçəkdən də bəşəri xarakter daşıdığını anlayanlar az olmasa da, onların arasında yalnız bir nəfər ekstraordinar, ona qədər kimsənin etmədiyi bir əməli gerçəkləşdirmək fikrinə düşdü.
Planetləri “özəlləşdirən” adam
ABŞ vətəndaşı Dennis Houp 1980-ci ildə beynəlxalq qanunlarda bəzi nöqsanları aşkarladı. O nöqsanları ki, Houpa tamamən qanuni şəkildə bir kimsənin sahib olmadığı əraziləri ələ keçirməyə imkan verdi.
Yəqin ki, çoxları Cek Londonun yazdıqlarını oxuyub.
Londonun əsərlərində təsvir etdiyi “Vəhşi Qərb”i fəth edərək hinduların ərazilərinə yiyələnən ilk pionerlərin dönəmlərindən gələn qanun hələ də işləkdir.
Həmin qanuna görə, Şimali Amerikada rəsmi qurumlar, şirkət və özəl şəxsə məxsus olmayan ərazi dövlət torpaqları sayılsa da, hər hansı vətəndaş onu özününküləşdirə bilər.
Yetər ki, həmin əraziyə sahibliyini sübut edə bilsin.
Daha doğrusu, o torpaqların ilk sahibi kimi tanınsın və ya özünü tanıtsın.
Dennis Houp da eynən bu anlama əsaslanaraq müvafiq sənədləri hazırladı və dövlət orqanlarına müraciət etdi. Onun müraciətinə rədd cavabı verən tapılmadı.
Daha sonra o, BMT, SSRİ, ABŞ, Çin, Kanada və başqa ölkələrin dövlət başçılarına məktublar yollayıb bildirdi ki, bəs “beynəlxalq qanunlara müvafiq olaraq Ay planetini şəxsi mülkiyyəti elan edir”.
Yenə də etiraz edən tapılmadı.
Zira BMT-ə daxil olan dövlətlərin hələ 1967-ci ildə imzaladığı sazişə görə, heç bir astronomik cisim, o cümlədən Ay planeti hansısa dövlətin mülkiyyəti və ya milli mənsubiyyət altında olan ərazi sayıla bilməz.
Bu minvalla Houp 1980-ci ildə “Ay səfirliyi” (“The Lunar Embassy”) adlı şirkət yaradır və başlayır Ay planetindəki “ərazi”ləri satmağa.
İndiyədək Ayda torpaq almış minlərlə şəxsin arasında tanınmış siyasətçilər, şou-biznes mənsubları, Hollivud ulduzları, konqresmenlər, müxtəlif ölkələrin məşhur vətəndaşları və hətta ABŞ-ın iki sabiq prezidenti var.
Təbii ki, onlar sadəlövh deyillər və Ayda ərazi almağa da sadəcə, bir əyləncə kimi baxırlar.
Bundan başqa, Ay, yaxud da Marsda ərazi əldə etməyə xərclənən pullar da həmin şəxslər üçün qayət önəmli məbləğ olmadığı üçün “Ayda torpaq sahəsinə sahiblik sənədi”ni şou-biznesin daha bir ünsürü, əyləncəli reklam məqamı hesab edirlər.
Postsovet məkanında isə vəziyyət fərqlidir, çünki həyat səviyyəsi, rifah durumu və gəlirlərin məbləği sarıdan Qərblə böyük fərqlər mövcuddur.
Təşəxxüslülər üçün tələ
Houpun yaratdığı və rəhbərlik etdiyi şirkətin Bakıda nümayəndəliyi olmadığından Azərbaycan vətəndaşlarının bu ekzotik yolla aldadılması “Lunar Embassy” şirkətinin Rusiyadakı nümayəndəliyi vasitəsilə həyata keçirilir.
Müştərilərə də Ayın ən müxtəlif səmtlərində ərazilər təklif olunur.
Şirkətdən verilən məlumata görə, Azərbaycan vətəndaşları indiyədək Ayın görünən tərəfində, yəni Reyt vadisi, habelə Metiy, Fabrisius və Jansen kraterlərinin yanlarında “torpaq”olar alıblar.
Torpağı alan müştəriyə 6 sənəd verilir:
Onlar “Ay Konstitusiyası”, Ay səthinin xəritəsi, Ay planetində sahəsi müştəri tərəfindən müəyyənləşdirilərək pulu ödənmiş əraziyə sahibliyi təsdiqləyən sertifikat ($99), “Kosmik fəza tədqiqatçısının pasportu” ($49), “100 Ay dolları” adlı unikal suvenir əskinas ($10), Ayda satın alınmış ərazinin kosmik peykdən çəkilmiş fotoşəkli ($15 dollar).
İngilis dilində yazılmış bu sənədlərin ölçüsü 11×14 düymdür (1 düym = 2,54 sm).
Neçə azərbaycanlı digər planetlərdə torpağa pul sayıb?
Bu absurd və cəfəngiyyata daha çox bənzəyən manipulyasiya ilk baxışdan inanılmaz görünsə də, Azərbaycanda artıq 24 nəfərin Ayda, 6 nəfərin isə Marsda ərazi aldıqları bildirildi.
Ayda ərazilərin qiymətlərinə gəldikdə isə, “Lunar Embassy”dən verilən açıqlamalar maraqlı idi.
Bəlli oldu ki, Ayın görünən tərəfində 1 akr, yəni 0,4 hektar ərazinin qiyməti $120-yə barəbərdir.
Ayın görünən tərəfində iri ərazinin, yəni 10 akrın (4 hektar) satış qiyməti $890-a bərabərdir.
Mars planetinə gəldikdə isə, orada 1 akrın qiyməti $130 təşkil edir.
“Qırmızı planet”də torpaq alana “Sahiblik barədə Müqavilə”, “Mars Konstitusiyası” və satın alınmış ərazinin yerləşdiyi yerin göstərilməsii şərtiləə Mars səthinin xəritəsi verilir.
Marsda 10 akrlıq iri ərazi $3200-ə satılır.
Ayda ərazi ilə bağlı Milli.Az xəbər portalının əməkdaşının “Lunar Embassy” ilə elektron poçt vasitəsilə yazışması zamanı sövdələşmədə bizə bu planetdəki Bürkü Körfəzində, Eratosfen kraterinin sağ tərəfində 12 hektar “ərazi” təklif olundu.
Daha sonra isə Marsda, “Qrand Kanyon”un yaxınlığında, Tarsis vulkanlarının sol səmtində 5 hektar “boş ərazi”nin olduğu vurğulandı.
Ofisi Rusiyanın Sankt-Peterburq şəhəri, Liqovskaya prospekti, 130 ünvanda yerləşən şirkətin meneceri Yelena Avdotyevanın dediyinə görə, onların İrkutskda, Ukraynanın paytaxtı Kiyevdə, habelə Belarus və Moldovada nümayəndəlikləri var:
“Bizim fırıldaqla məşğul olduqlarımızı deyənlər yanılır və əsassız iddialarla çıxış edirlər. 1980-ci ilin noyabrından bəri “Lunar Embassy” şirkəti Ayda 1 milyondan artıq, Mars və Venerada isə 500 minə yaxın ərazi satıb. Rusiyada 1998-ci ilin dekabr ayından fəaliyyət göstəririk və müştərilərimiz arasında ən məşhur adamlar – siyasətçilər, aktyorlar, müğənnilər, jurnalistlər, yazıçılar, bank, kazino və restoran sahibləri var”, – deyə Y.Avdotyeva söylədi.
Onun dediyinə görə, Azərbaycanda da müştəriləri sürətlə artır. Belə ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Ay, Mars və Venerada ərazi alanların sayı baxımından şəksiz lider sayıla bilər.
Yerli “kosmik sahibkar”lara gəldikdə isə, onların arasında ən müxtəlif peşə sahibləri, o cümlədən müğənni Ədalət Şükürov da var.
Şirkət mənsubları onu da söylədilər ki, hazırda “Lunar Embassy”nin sahibi Denis Horupun mülkiyyətində olan daşınmaz əmlakın, yəni Ay, Mars və Venera planetlərindəki ərazilərinin toplam dəyəri $800 trilyona yaxındır.
Ötən ilin ortalarından etibarən isə Houpun şirkəti ayda hər biri 1777 akr olan 3 milyona yaxın sahəni satışa çıxarıb.
“Ümid edirik ki, vaxt gələcək, BMT-də rəsmi nümayəndəmiz də olacaq”, – Y.Avdotyeva söylədi.
“Məni bağışlayın, amma bu əsl sərsərilikdir”
Ay, Mars və Venerada ərazilər alaraq “Lunar Embassy”ə pul ödəmiş vətəndaşlarımız gerçəkdən də, həmin sahələrin sahibləri sayıla bilərmi?
Hüquqşünas Mənsur Qurbanovun dediyinə görə, Arktika və Antarktida olduğu təki, Günəş sistemindəki və ya xaricindəki planetlər, səma cisimləri və s.-də kimsənin ərazi alıb satmaq hüququ yoxdur.
“Planetlərdəki ərazilər heç bir dövlətə məxsus deyil və ola da bilməz. Beynəlxalq hüquqa, dövlətlərarası anlaşmalara görə heç bir dövlət, təşkilat və ya şəxs həmin planetlərdə hansısa əraziyə iddialı ola bilməz. “Lunar Embassy” adlanan şirkətin fəaliyyətinə gəldikdə isə, bu, tipik maliyyə fırıldağıdır və onların indiyədək məsuliyyətə cəlb olunmamalarının yeganə səbəbi təşkilatın ABŞ ərazisində yerləşməsi, fəaliyyətinin də həmin dövlətin qanunvericiliyi çərçivəsində nizamlanmasıdır. Birləşmiş Ştatların qanunları isə, belə fəaliyyətin vətəndaşların bilavasitə aldadılması, maliyyə fırıldaqları və qanun pozuntuları üzərində qurulmadığı halda “Lunar Embassy” təki şirkətlərin işini qeyri-legitim hesab etmir. Həmin şirkət Ay, Mars və Venerada ərazi satır. Məni bağışlayın, amma bu əsl sərsərilikdir. Azərbaycanda da həmin şirkətin xidmətlərindən yararlanmış insanlara isə pullarını kağız parçasına verdiklərini deyirəm. O “sahiblik müqavilələri”nin heç bir hüquqi dəyəri yoxdur, ola da bilməz”, – M.Qurbanov söylədi.
Beynəlxalq hüquq və əmlak hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərin də fikri təxminən belədir.
… “Lunar Embassy” isə Azərbaycanda yeni sadəlövhlər, təşəxxüslərini “Ayda torpağım var” kimi primitiv və eqoist öyünmələrlə təmin etməyə çalışan pullu adamlar arayır.
Həsən Ağacan              milli.az

Комментариев нет:

Отправить комментарий