16.06.2011

Catel-in taleyi hələ də sual altındadır


Müşfiq Əmirov: “Dəqiq bilmirik ki, problem nə vaxt aradan qaldırılacaq”
Artıq iki aydan çoxdur ki, CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində yaranan problem hələ də aradan qaldırılmayıb. Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb. Bir müddət əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdi ki, problem qısa zamanda aradan qaldırılacaq.
Həmçinin Ə.Abbasov CATEL-in Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə biləcəyini də söyləmişdi. Mətbuatda CATEL-in siyasi səbəblərə görə bağlanması barədə yazılsa da, şirkətdən bunu təkzib etdilər. “CATEL MMC” abunə şöbəsindən “Yeni Müsavat”a bildirdilər ki, texniki problem hələ də aradan qaldırılmayıb: “Bizdə yeni məlumat yoxdur. İnanın ki, ofis telefonlarımız gün ərzində susmaq bilmir. Abonentlərimiz də narahatlıq keçirirlər. Şirkət rəhbərliyi problemi texniki məsələ ilə izah edir. Bizlik heç bir şey yoxdur. Yəqin ki, yaxın günlərdə şirkət fəaliyyətini tam bərpa edəcək”.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, CATEL-in indiyədək 20 minə yaxın abunəçinin nömrəsi işlək vəziyyətə gətirilib: “Bu işdə ”Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin xidmətlərindən istifadə olunub. Digər “CATEL” abunəçiləri üçün də mobil rabitə xidməti bərpa etmək üçün “CATEL” rəhbərliyi ilə müzakirələr aparılır. Ancaq dəqiq bilmirik ki, problem nə vaxt aradan qaldırılacaq. Texniki problemin tamamilə aradan qaldırılması yaxın günlərdə gözlənilir". Abunəçilərə kompensasiya ödənilməsi məsələsinə gəldikdə isə, o, bu məsələyə baxılacağını da söylədi.

Комментариев нет:

Отправить комментарий