07.06.2011

Heydər Əliyevə ilk dəfə burada “Allah” deyildi

Az sonra həmin adamların çoxu Əliyevi topa tutmaq üçün MK-nin Plenumunda növbə gözlədilər
Stenoqramda daha sonra yazılıb: ... “Yerdən səs”; “Ehtiyac yoxdur”... Amma planlaşdırılmamış natiqə cavab vermək üçün 60 deputat hazır olduğunu bildirdi. Cəmi 17 deputata söz verildi.  Həmin çıxışların bir qismindən parçaları diqqətə çatdırmağa ona görə ehtiyac var ki, 30 il əvvəl olduğu kimi, bu gün də “utanıb yerə girmirik, parça-parça olmuruq”. Çünki o tarixi sessiyada olduğu kimi, həqiqətə vicdanımızın gözü ilə baxmamağın, reallıqdan çıxış etməməyin yolunu tuturuq. Yəni, 30 il əvvəlki kimi, bu gün də cəmiyyətin həqiqətə ehtiyacı yoxdurmu?
Bu da həqiqəti görməyən dövlət xadimlərinin, yazıçı və şairlərin deputat yoldaşlarının nə demək istədiyini yarım sözdən başa düşənlərin çıxışı... Amma çıxışa keçməzdən bir fakta diqqət yetirin. Az müddət sonra həmin adamların bir çoxu Əliyevi topa tutmaq üçün Mərkəzi Komitənin Plenumunda növbə gözlədilər, Milli Məclisin iclasında ayaqlarını yerə döyüb fit çaldılar...
“Təxribatçı Məmmədov və xalqın böyük oğlu...”
Respublika Ali soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov:
- Hamıya yaxşı məlumdur ki, Azərbaycan zəhmətkeşləri böyük yüksəlişlərlə işləyirlər, dövlət planlarını, qəbul edilmiş sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirirlər. (alqışlar). Bu yaxınlarda Bakıda keçirilən iclasda Sov.IKP MK-nın Baş katibi L.I.Brejnevin Azərbaycan zəhmətkeşlərinin son 8 ildə qazandığı nailiyyətlərə verdiyi qiymətdən yüksək qiymət ola bilərmi? (alqışlar). Biz burada Heydər Əliyevin xüsusi xidmətlərini qeyd etməliyik (sürəkli alqışlar). Mən belə düşünürəm ki, Məmmədov təxribatçılıq edir və “bizim sessiyanın” işinə mane olmaq istəyir (sürəkli alqışlar). Mərkəzi Statistika Idarəsinin məlumatlarını şübhə altına almaq təxribatdan başqa bir şey deyil... Bizim sessiyanın işinə heç bir təxribatçı mane ola bilməz (sürəkli alqışlar).
Neftçala rayon partiya Komitəsinin birinci katibi U.Qurbanov:
- Bizi hiddətləndirən odur ki, Leonid Iliç Brejnev böyük qələbəmizə yüksək qiymət verdiyi halda, Məmmədov belə çıxış edir. Mən belə hesab edirəm ki, elə bu gün, sessiyada Məmmədov deputatlıqdan geri çağırılmalıdır (alqışlar).
Abşeron rayon partiya Komitəsinin birinci katibi Hümbətov:
- Yalnız biz indi başqalarının gözünə dik baxa bilirik... Bütün bunlar Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir (sürəkli alqışlar).
Mirbəşir rayon partiya komitəsinin birinci katibi D.Məmmədov:
- Respublikamızda Heydər Əliyev kimi rəhbər heç vaxt olmayıb (alqışlar). Əliyev bu cür çirkin əməllərdən həmişə uzaq olub (alqışlar). Belə hallara qarşı mübarizə yoldaş Əliyevin qanındadır (gurultulu alqışlar). Respublikamız çox böyük uğurlar qazanıb (alqışlar). Bu yaxınlarda Bakıda təntənəli yığıncaqda şəhərimizin bayrağına Lenin ordeni taxan L.I.Brejnevin dediyi kimi, “Azərbaycan iri addımlarla irəliləyir”. (sürəkli alqışlar). Yoldaş Əliyev, hamı - mühəndisdən başlayıb ağsaqqala qədər sizin arxanızda dayanır! Mən təklif edirəm ki, bundan sonra Məmmədov kimilər belə iclaslara buraxılmasınlar (alqışlar).
Bərdə rayon partiya komitəsinin birinci katibi R.Səfərəliyev:
- Azərbaycan partiya təşkilatı xalqımızın sınanılmış oğlu Heydər Əliyevin rəhbərliyi altında uğurlar qazanmışdır. (sürəkli alqışlar). Bu zaman böhtançı Məmmədov partiya təşkilatımızın işinə baş katibin verdiyi yüksək qiyməti eşitmək istəmir. Şərçini boynundan tutub buradan çölə atmaq lazımdır (gurultulu alqışlar).
Qatar maşinisti Q.Əliyev (Kirovabad):
- Məmmədov bütün Azərbaycan xalqına, partiyaya şər atıb. Mənim on uşağım var, hamısı ali təhsillidir. Məmmədova ar olsun! (alqışlar)
Azərbaycan statistika idarəsinin rəisi S.Abbasəliyev:
- Bizdə rəqəmlərin şişirdilməsinə yol verilmir. Heydər Əliyeviç Əliyev bu məsələlərin real olması üçün birinci dayağımızdır (sürəkli alqışlar). Sumqayıt partiya Komitəsinin plenumunda şəhər prokuroru da Məmmədovsayağı çıxış edib. Görünür, onu da böhtançı Məmmədov öyrədib (sürəkli alqışlar).
Sumqayıt şəhər partiya komitəsinin birinci katibi H.Ə.Həsənov:
- Məmmədov özünü faytonun təkərləri altına atıb məşhur olmaq istəyən Çexov qəhrəmanına bənzətməsin. Bütün ölkə onu yox, Heydər Əliyevi tanıyır (sürəkli, davamlı və gurultulu alqışlar).
Şamaxı rayon partiya komitəsinin birinci katibi F.Mustafayev:
- Yoldaş Əliyev bizim fəxrimizdir, respublikamızın və xalqımızın dahi oğludur (sürəkli alqışlar). Haradansa bir Məmmədov peyda olur və ona şər atır.
Bu adam Süleyman Rəhimov oldu!
Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimov:
- Qambay sadəcə ağlını itirib. Sən kimə qarşı çıxırsan, Qambay?! Əgər Allaha inansaq, belə demək olar, qarşımızda Əliyev simasında Allah dayanıb. Bu cəsarətli oğulu Allah özü bizə göndərib (sürəkli alqışlar).
Azərbaycanın xalq yazıçısı Mirzə Ibrahimov:
- Sükan arxasında dayanıb bu respublikanı düz yolla aparmaq böyük istedad tələb edir. Bu istedadların hamısı əziz, ürəkdən sevdiyimiz Heydər Əliyevdə var (sürəkli, daimi alqışları, gurultulu alqışlar əvəz edir, zal ayaq üstə əl çalır).
Sonra ikinci katib söz alır. O da azərbaycanlı həmkarlarından geri qalmır. Üzünü Q.Məmmədova tutub deyir:
- Azərbaycan dilində bir misal var: “It hürər, karvan keçər”.
Bu ürəkbulandıran çıxışları hələ xeyli davam etdirmək olardı. Bəlkə də, sadəcə, bir-iki sitatla kifayətlənmək olardı. Amma bu stenoqramın məxfiliyi bizi sitatları bu qədər uzatmağa məcbur etdi. Çünki Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış növbəti sessiyasının çap edilmiş mətnində nə Məmmədovun qəfil sözü, nə də ona verilən cavablar, əslində, Əliyevə yaltaqlanmaq imkanını reallaşdıranların çıxışları var.
Bu sirrin üstünü Arkadi Vaksberq açdı
Mən bir məsələni də əlavə etmək istərdim. Lenin kitabxanasında “Literaturnaya qazeta”nın ötən əsrin 80-ci illərini vərəqləyəndə çoxlu sayda oxucunun (aralarında yaşlılar çoxdu) Arkadi Vaksberqin əsərlərini, məqalələrini soruşduqlarının şahidi oldum. Həm də oxu zalının girəcəyindəki lövhədə bu məşhur jurnalistin, hüquqşünasın, vəkilin Fransada dünyasını dəyişdiyi barədə məlumat asılmışdı. Mən Arkadi Vaksberqi ona görə xatırladım ki, bu orta əsrlərə uyğun çıxışların mətbuata çıxmasında o, böyük rol oynamışdı.
Məmmədovun çıxışı, yoxsa ona rəqiblik edənlərin ət ürpədən yaltaqlığı?
Yenidən Kaliniçenko ilə söhbətə dönürəm. “Əliyevlə  yollarınız harada kəsişdi?” sualına qayıdıram.
- Yaxşı yadıma saldınız. Yoxa çıxan kitabdakı “Əliyev-Qambay Məmmədov: əlbayaxa döyüş, bəlkə çarpışma” bölməsini yazanda necə başlamaq haqqında günlərlə düşündüm. Bir-birindən maraqlı o qədər faktlar vardı ki... Əliyevlə Sosialist Əməyi Qəhrəmanı adı aldığı günün axşamında görüşüm. Onunla bu sessiyada danışanlar kimi danışmadım. Həbsxanada Saşa Babayevlə görüşdüm. Dedi ki, “məni Qambay Məmmədovun üzünə qoymaq istəyirlər, amma heç nə alınmayacaq. Oleq Ivanoviç, Moskvada uşaqlara de, məni onsuz da güllələyəcəklər, amma mən təmizəm!”. Bəlkə Əliyev- Məmmədov münaqişəsinin köklərindən başlayım?
Heydərova atılan güllə...
Bir kimsənin yadına düşmədi ki, niyə görə Şuşadakı islah-əmək müəssisəsinin zabiti iş yerini dəyişə bilmirdi. Çünki rüşvət verməyə pulu yoxdu... Çıxış yolu olmayan bu zabit ən sonuncu variantı seçdi - tabel silahı ilə Bakıya gəldi, Daxili Işlər Nazirliyinə girib, nazir Heydərovu və onun iki müavinini güllələdi. Üçüncü müavin qorxusundan stolun altında gizləndi. Sonradan onu qorxaqlığına görə işdən çıxardılar. Amma heç kim izah etmədi: bu silahsız adam nə etməliydi, kimi, necə qorumalıydı?
Heydərov Əliyevin dostu idi, müharibədə olmuşdu, Sovet Ittifaqı Qəhrəmanı idi. Ona hörmət edir, haqqında xoş sözlər deyirdilər. Bu ölüm, o zabitin gülləsi yalnız Heydərova tuşlanmamışdı, bu, respublikada yaranmış vəziyyətə qarşı üsyan idi. Baş verənləri dərindən təhlil edəndə görünürdü ki, ağzı köpüklənən xalq elçiləri, yazıçıları, alimləri, pambıqçı və mühəndisləri üçün yazılmış ssenari var. Ondan kənara çıxmaq, çıxış etmək, ən azı nazirin, birincinin  dostunun güllələnməsinin səbəblərini soruşmaq yasaqdır, oyun qaydalarını pozmaq deməkdir...
(ardı var)
azadliq.info                     Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий