14.06.2011

Hollandiyada qətlə yetirilən azərbaycanlı ailənin həyat dramı


23256
Bəd xəbər çox tez yayılır.
Avropanın bu sakit ölkəsində baş verən faciə də qoca qitədə yaşayan soydaşlarımız arasında ildırım şoku yaratdı. Hamı bir-birinə sual dolu nəzərlərlə baxmaqdan, bir-birinə “niyə belə oldu?” deməkdən başqa söz tapmır. Hər bir soydaşımız bu ailələrin faciəsini özününkü hesab edir. Amma bütün bunlar heç nəyi dəyişmir. Dörd qadın soydaşımızı həyata qaytarmaq qeyri-mümkündür... Bir də bu faciə soydaşlarımız arasında əsaslı və əsassız şayiələr yayılmasına şərait yaradıb. Bu da insanları faciənin özündən daha çox narahat edir. Bəs əslində Hollandiyada nə baş verib və niyə baş verib?
...Bu il may ayının 12-də Hollandiyada yaşayan 20 yaşlı soydaşımız Fəridə Fərhad qəfildən yoxa çıxır. Anası Rəbiyyə Fərhadın və nişanlısı Eşqan Gözəlzadənin polis orqanlarına müraciətdən başqa çarəsi qalmır. Bununla belə qızdan xəbər çıxmır...
...Bu hadisədən cəmi dörd gün sonra - mayın 16-da gündüz saat 11.30-da Hollandiyanın Zveyndrixt (Zwijndrcht) şəhərində yaşayan Axundovlar ailəsində bundan daha dəhşətli faciə baş verir və bu hadisə Avropada yaşayan soydaşlarımızı və bütün Hollandiyanı ayağa qaldırır. Naməlum şəxs Axundovların mənzilinə daxil olaraq atanı - Namiq Axundovu, onun həyat yoldaşı Leyla Şeyxzamanovanı və iki qızını - Nərgiz və Nərminəni güllələyir. Bu basqından yalnız ata - Namiq Axundov sağ qalır və onu xəstəxanaya çatdırırlar. 
Əslində bütün bunlar Avropa həyat tərzi üçün bəlkə o qədər də qeyri-adi hadisə deyil. Silah gəzdirmək hüququ olan avropalıların bəzən psixi problemləri bu cür sonluqla qurtarır. Amma bu dəfə söhbət bu kiçik və stabil Avropa ölkəsində məskunlaşan azərbaycanlılardan, onların başına gələn faciədən getdiyi üçün ciddi söz-söhbətə və müzakirələrə səbəb olur. Kimdir günahkar? Belə vəhşi qətli kim törədib?
***
Uzun müddətdən bəri Hollandiyada yaşasam da son vaxtlar işimlə əlaqədar daha çox Almaniyada qalmalı olduğumdan bu faciənin təfərrüatlarını telefon vasitəsilə öyrənməyə çalışdım. Amma aldığım informasiyalar kifayət eləmirdi. Faciənin real təfərrüatlarını öyrənmək üçün Hollandiyaya getməli oldum. Ən azı faciə yaşayan soydaşlarımın ailələrinə baş çəkmək, onlara təsəlli vermək üçün! Bir də gəzən şayiələrə aydınlıq gətirmək, bu şayiələrə son qoymaq məqsədilə...
Faciələrdə erməni izi axtaranlar da oldu, Azərbaycansayağı əxlaq motivlərindən şübhələnənlər də...
Bəs əslində nə baş verib və niyə baş verib?
Hollandiyada ilk görüşdüyüm adamlar burda məskunlaşan ziyalılarımız oldu. Onlar, sözün əsl mənasında şok içində idi. Ziyalılar bu faciəni Azərbaycan diasporuna arxadan vurulan zərbə kimi qiymətləndirirdilər.
Hollandiyadakı Azərbaycan icmasının dəyərli simalarından olan professor Əli Həsənov Azərbaycan mətbuatında faciə ilə bağlı yazılardan birində “meyitlər ortalıqda qalıb” kimi ifadənin işlədilməsinə görə hiddətini gizlədə bilmir.
Bu ölkədə həkim kimi fəaliyyət göstərən Kərim Göyçəli isə burda soydaşlarımızın bir-birinin sevincinə və kədərinə şərik olduğundan danışır.
Başqa bir ziyalı soydaşımız - Aydın Abdullayev mərhumların müsəlman adətləri ilə dəfn olunduğunu, müsəlman qaydaları ilə yas mərasimləri qurulduğunu xatırladaraq şayiələrin əsassız olduğunu söyləyir.
Bu söhbətlər faciə günlərinin mənzərəsini göz önündə canlandırır. Mənzərə isə tükürpədicidir...
Faciə ilə bağlı Hollandiyanın Zveyndrixt səhərində yaşayan hollandlar və soydaşlarımız birlikdə küçələrə çıxır, etiraz mitinqi keçirir və Axundovlar ailəsinin yanında olduqlarını bildirirlər. Onlar qətli törədənin və ya törədənlərin dərhal tapılıb ədalət mühakiməsinə verilməsini tələb edirlər. Lakin hadisənin şahidi olmadığından hələ heç kim saxlanılmır, heç kim istintaqa cəlb edilmir. Hadisənin yeganə şahidi - başından və qarın nahiyəsindən ağır güllə yarası alan Namiq Axundov isə hələ xəstəxanada ölümlə çarpışırdı...
Bir neçə gün sonra özünə gələn Namiq Axundovun polisə ifadə verməsi Helmond şəhərində yaşayan soydaşımız Faiq Baxışovun və onun dayısı Zaur Kərimovun şübhəli şəxs qismində həbsinə imkan yaradır. Faiqin yaşadığı evdə axtarış zamanı Axundovlar ailəsindəki faciədən 4 gün əvvəl itkin düşmüş Fəridə Fərhadın cəsədi həmin evin damından tapılır və...
***
20 yaşlı qızı müəmmalı şəkildə qətlə yetirilmiş anaya - Rəbiyyə xanıma necə təsəlli verəsən? Fəridənin nişanlısı Eşqan Gözəlzadəni necə ovudasan? Fəridəyə qayınana olmaq arzusu ürəyində qalan Məryəm ananı hansı sözlərlə sakitləşdirmək olar?
Nə qədər ağır olsa da ananı danışdırmaq, bu faciənin səbəblərini öyrənmək istəyirəm. Ana ağır-ağır danışır, nəyisə xatırlamağa çalışır. Məlum olur ki, bu faciənin kökü 2006-cı ildən başlayır. Onda hələ Fəridənin cəmi 15 yaşı olub. 20 yaşlı Faiq Baxışov hansısa tədbirdə Fəridəni görür, onunla tanış olur, sonra bu tanışlıq internet vasitəsilə ünsiyyətə çevrilir. Və günlərin bir günü Fəridə evə qayıtmır. Anası bu barədə polisə məlumat verəndən sonra onu Faiqin yaşadığı evdən tapırlar. Məlum olur ki, Faiq ailə qurmaq istədiyi Fəridəni Avropada Azərbaycansayağı qaçırmaq fikrinə düşübmüş. Azərbaycanın bu qədim adəti Avropa qanunlarına qətiyyən uyğun gəlmədiyindən Hollandiya polisi Faiqi üç aylıq həbslə cəzalandırır.
Faiqin həbsdən azad olmasından sonra Baxışovlar ailəsi bu dəfə el adəti üzrə Fəridəyə elçi göndərirlər. Lakin Fəridə Faiqi istəmədiyini və ona getməyəcəyini bildirir. Əslində elə bununla da söhbət bitməliydi. Amma Faiq bu etirazı qəbul etmir və Fəridəyə istər telefon, istərsə də internet vasitəsilə hədələyici mesajlar göndərir.
Rəbiyyə xanım bu mesajlar barədə polisə məlumat verir. Amma nəticə olmur. Təhqir və təhdidlər davam edir. Onda ana narahatlığını başqa bir soydaşımıza - Samit Məmmədova bildirir. O da Baxışovlar ailəsi ilə danışıqlar aparsa da, nəticəsi olmur və kənara çəkilir...
Bax bu fakt olduqca ürəkağrıdıcıdır! Əgər sən özün bu işə əncam çəkə bilmirsənsə, heç olmasa başqa soydaşlarımıza müraciət elə! Axı orda kifayət qədər nüfuzlu ziyalılar, ağsaqqallar var! Təəssüf ki, Samit Məmmədov faciənin qarşısını vaxtında almalı olduğu halda, sadəcə, yaxasını kənara çəkib...
***
Fəridə Fərhad jurnalistika fakültəsinin birinci kursunda təhsil alırdı. Hələ tələbə olsa da Hollandiya mətbuatında çıxış etməyə başlamış, hətta yerli televiziya kanallarından birində ingilis dilində veriliş də hazırlamışdı.
Əslən Cənubi Azərbaycandan olan Eşqanla da universitetdə tanış olmuşdu.
Rəbiyyə xanım bu faciədə daha çox Hollandiya polis orqanlarını günahlandırır. O, qızının hədə və təhdid dolu mesajlar alması barədə vaxtında polisə məlumat versə də, heç bir tədbir görən olmayıb.
Eşqan Tahranda doğulub. Özü etiraf edir ki, bu yaxınlara qədər Azərbaycan türkcəsində danışa bilmirmiş, bu dili ona Fəridə öyrədib. Fəridə özü isə ondan fars dilini öyrənirmiş ki, gələcəkdə klassik Azərbaycan ədəbiyyatını araşdıra bilsin...
Tanışlıqlarının ömrü qısa olsa da, bir-birinə bağlanıblarmış. Eşqan deyir ki, o itgin düşən gün nömrəsindən telefonuma zəng gəldi: “Bircə onun ”Eşqan" deyə qışqırdığını eşitdim. Dərhal ara kəsildi və nə qədər zəng vurdumsa telefon söndürülmüşdü".
Polisə məlumat verilsə də, tədbir görülməyib. Eşqan güman edir ki, polis dərhal reaksiya versəydi, bəlkə də onun ölümünün qarşısını almaq olardı...
Qeyd edək ki, Hollandiyada yaşayan əcnəbilərin əksəriyyəti yerli polis orqanlarının biganəliyindən narazılıq edir. Deyirlər ki, polis yerli adamların şikayətinə dərhal reaksiya versə də, gəlmələrin şikayətinə laqeyd münasibət göstərir. Bu acı həqiqəti Hollandiyada yaşayan polyak da, mərakeşli də, türk də etiraf edir. Hollandiya polisinin belə davranışından yerli adamlar da narazılıq edir...
***
Daha ağır faciə yaşayan Axundovlar ailəsinin qapısını döymək də ağırdır. Bu ölkədə Axundovlar ailəsini bütün azərbaycanlılar yaxşı tanıyır. Namiq Axundov Bakının məşhur Axundovlar ailəsində doğulub. Həyat yoldaşı Leyla xanım isə əslən Gəncədən idi, məşhur Şeyxzamanovlar ailəsinin nümayəndəsi olub. Onların iki qızı ailə qurmuşdu, kiçik qızları Nərgiz isə ali məktəbi təzəcə bitirmişdi. Arzusu azərbaycanlı oğlanla ailə qurmaq idi. Amma... nə qədər ağır olsa da, elə məhz azərbaycanlı oğlanın da gülləsinə tuş gəldi!
***
...Nərgiz Hollandiyada keçirilən tədbirlərdən birində Faiq Baxışovla tanış olur. Lakin tezliklə Nərgiz anlayır ki, onlar fərqli adamlardır və ayrılırlar. Bu barədə anasına da məlumat verir.
Faciə baş verən gün Namiq müəllimin böyük qızı Nərminə 7 yaşlı oğlunu məktəbə yola salıb atasıgilə gəlir. Saat 11.30-da qapının zəngi çalınır. Böyük bacı giriş qapısını açır və dərhal güllələnir. Qatil tapançaya səsboğucu taxdığından güllə səsini eşidən olmur.
Ana qızının ardınca qapıya çıxır və növbəti güllənin qurbanı olur. Qatil içəri keçib Nərgizi də vurur. Qonşu otaqdan çıxan Namiq Axundov əvvəl qarın nahiyəsindən, sonra isə başından güllə yarası alır...
***
Faciədən dərhal sonra şayiə yayılıb ki, qatil erməni qarışığı olan azərbaycanlıdır. Lakin bu, həqiqətə qətiyyən uyğun deyil. Faiq Baxışovun anası Esmira xanım əslən Bakının Əmircan kəndindəndir. Allaha ibadət edir, namaz qılır. Atası isə Biləsuvar rayonunda doğulub. Təəssüf ki, bu insanlarla görüşə bilmədim. Məncə, onların faciəsi, dərdi evində yas düşən valideynlərdən heç də az deyil. Təbii ki, övladlarının qətlə yetirdiyi insanların yaxınlarının valideynlərinin üzünə çıxmaq onlar üçün qeyri-mümkündür. Bundan əlavə, onların öz övladlarının da həyatı qəhr olub. Bu cür ağır cinayətlərə görə Faiq Baxışov ömürlük həbs cəzası ala bilər. Nəhayət, bu ata-ana Hollandiyada yaşayan azərbaycanlıların üzünə necə çıxacaq? Bu da qürbətdə yaşayan insanlar üçün böyük faciədir!
Əslində belə ağır faciələrə görə heç kimə haqq qazandırmaq mümkün deyil! Ortada günahsız insanların qətli faktı var!
Bu həm də Avropada yaşayan Azərbaycan diasporu üçün ağır faciədir. Və bəlkə də bu faciədə Avropada pərakəndə fəaliyyət göstərən diaspor təşkilatları daha çox günahkardır...
Axı bu faciə Avropada yaşayan azərbaycanlılar arasında birliyin, mehribançılığın olmamasına bir işarədir.
Bəlkə bu ağır faciələrdən dərs alaq? Bəlkə bir daha belə faciələr baş verməsin deyə hansısa səhvlərimizi düzəldək? Bəlkə xırda ambisiyalarımızı bir kənara atıb Avropada sözün əsl mənasında Azərbaycan evi, Azərbaycan cəmiyyəti yaradaq?
Bilmirəm, bilmirəm. Düşünmək lazımdır. Ən azı belə faciələrə bir daha şahidlik etməmək naminə düşünmək lazımdır!!!
     Elman Mustafazadə, Hollandiya-Almaniya                  "Yeni Musavat"

Комментариев нет:

Отправить комментарий