07.06.2011

Əliyevin birinci hakimiyyəti dövründə korrupsiya sistemi


1969-cu il Azərbaycana total qorxu gətirirdi
Birinci katib Heydər Əliyev repressiya aparatını hərəkətə gətirir
SSRI prokuroruna gizli lent yazısı ötürdülər...
SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko “Azadlıq”ın əməkdaşı ilə söhbətini davam etdirir: “Gizli sex” rəisləri həbs edildilər, növbə Saşa Babayevə çatdı. Əliyev baş prokuror Roman Andreyeviç Rudenkoya zəng etdi, ona Saşa Babayevin “gizli sex sahibləri” ilə əlaqəsi olduğu barədə məlumat verdi. Bundan əvvəl Əliyev prokuror Qambay Məmmədovu yanına çağırdı və prokurorun yaxın adamı olan Babayevin həbsilə bağlı sanksiya verməsini ondan tələb etdi.
Əliyev Rudenkoya bildirdi ki, Mərkəzi Komitə respublika prokurorluğuna inanmır, buna görə də işin SSRI prokurorluğunun mühüm işlər müstəntiqlərindən birinə verilməsini istəyir. Inamsızlıq yaratmaq üçün faktlar çoxdan hazırlanmışdı. Gizli milislər Moskva mehmanxanalarının birində Saşa Babayevin SSRI prokurorluğunun bir qrup əməkdaşı ilə birlikdə əxlaqsız qadınlarla eyş-işrət məclisini lentə köçürmüşdü. Rudenkonu inandırmaq üçün lenti ona göstərdilər. Mərkəzi aparatın lentə düşmüş əməkdaşları işdən qovuldu. Azərbaycana isə yoxlama aparmaq üçün xüsusi istintaq qrupu göndərildi.
Əliyevin əlinə imkan düşmüşdü. Babayevin işindən istifadə edərək prokurorluqda yoxlama başladı...
Iş yoldaşlarının güllələnməsində iştirak edən prokuror
Arxiv materiallarında bu hadisə ilə bağlı nələr tapmaq olur?
Rəşid Markaroviç Kazaryan prokurorluqda 13-cü maaş alan tək-tük prokurorlardan biriydi. Ona görə ki, ölüm hökmlərinin yerinə yetirilməsinə nəzarət prokuroru idi. Həmin gün bu erməni əsilli prokuror Bayıl türməsinə gəldi. Əvvəlkilərdən fərqli olaraq, o, bu dəfə hər gün gördüyü, əl verdiyi, dəfələrlə çörək kəsdiyi iş yoldaşlarının - prokurorların güllələnməsində iştirak edəcəkdi. Ibrahim Babayevin və Izik Quliyevin niyə həbs edildiyini, haqlarında belə ağır hökm çıxarıldığını hamıdan yaxşı ölkənin birinci adamı bilirdi. Çünki “gizli sexlər”i prokurorlar deyil, nazirlər açdırmışdı. Burdan gələn pulların çoxu da elə onların cibinə gedirdi.
Bir azdan güllələnmə hökmü kəsilmişləri əməliyyat otağına gətirdilər. Erməni prokuror başqalarından fərqli olaraq kimlərin güllələndiyi barədə düşünmürdü.
Baş nazirin oğlu güllələnmə otağında
Əvvəl Iziki gətirdilər. Izik Azərbaycanın sabiq baş naziri Teymur Quliyevin oğlu idi. Gizli iqtisadiyyatın, sexlərin  bu nəzarət prokuroruna nə dəxli vardı?!
Sifətinin qanı qaçmışdı, özünü itirmişdi, sonuncu  dəqiqələrdə belə, başına nə gəldiyini anlamırdı. Sinəsində düyünlənmiş hıçqırıqlarını səsə çevirmək, qışqırmaq istəyirdi. Sinəsindən bir ağrı qopdu, istədi əlini daşa, divara vursun, nəzarətçilərin əlindən çıxıb ölümün ağzından qaçsın. Içəridə olduğu bu 10 ayda özünə bu sualı çox vermək istəmişdi, ürəyi gəlməmişdi. “Məni niyə öldürəcəklər, məni niyə öldürəcəklər”, deyə fikirləşirdi. Birdən, bu fikirlər dilindən də çıxdı, ölüm otağının divarlarında əks-səda verdi: “Bəlkə yaşamaq haqqında düşünəydim...”
Elə bil, ayağına daş bağlanmışdı, ardınca getmirdi, son anda ayaqları ona saniyələrlə hesablanan ömür bağışlayırdı.
“Sizin son sözünüz...” - erməni cəllad dilləndi.
Bu sözlərdən sonra ölüm gəlirdi. Izikin başı bir anda sağ çiyni üstünə əyildi. Arxadan atəş açıldı. Cəllad düz atmışdı. Bir güllə ilə onu susdurdu.
Növbə Ibrahim Babayevə çatdı. Onu ölüm otağına əli qandallı gətirmişdilər. Bu müharibə iştirakçısının şux yerişini, uca boyunu, gözəlliyini ölüm qorxusu da ala bilməmişdi. Ölüm anını hiss etdirmədən otağa girdi. Düz erməninin qarşısında dayandı: “Rəşid, uşaqlara salam de! Bilin, bizim heç bir günahımız yoxdur!”
Müharibədə güllənin seçə bilmədiyi bir cəsarət sahibini güllələmək əmrini bir erməni verəcəkdi. Sonra prokurorluğa qaçıb kiminsə qarşısında quyruq bulayıb sədaqətini  göstərəcəkdi. Elə bil, Ibrahim soyuqqanlılığı ilə ölümü dondururdu. Erməni prokuror onun baxışlarına dözmədi, yana çevrildi. Ibrahimin gözlərindən yağan nifrətdən qorxan erməni tələsdi.
Bəlkə də müharibədən qara kağızı gəlsəydi, anasına, övladlarına bu qədər dərd olmazdı... Arxadan açılan atəş onu da susdurdu...
Qisasçılıq dövlət siyasətinə çevrilirdi
Azərbaycanda 1969-cu ilin sakit inqilabının ilk əzabkeşləri dünyasını belə dəyişdi... Bu yeni repressiyaların, yeni total həbslərin başlanğıcı idi. Qorxu qayıdırdı. Azərbaycanı qarşıda daha böyük faciələr gözləyirdi. Bir tərəfdə yalan və haqsızlıq, o biri tərəfdə plan və yalançı təriflər dayanmışdı. Bir tərəfdə zalları titrədən sürəkli alqışlar, o biri tərəfdə oğul itirən anaların hıçqırıq dolu göz yaşları dururdu. Bir tərəfdə kürsülərdən deyilən əsassız nəticələr, o biri tərəfdə polis rejiminin zorla adlara yazdırdığı  cinayətlər... Qisasçılıq dövlət, partiya siyasətinə çevrilirdi...
Onları niyə öldürdülər?..
Həmin günlərdə Bakı şayiələrlə yaşayırdı. Onları niyə öldürdülər? Cəsarəti çatanlar bu sualı özünə verir, qorxu içində ətrafa baxıb köks ötürürdülər. Əsl həqiqəti bilənlərin əli heç yerə çatmırdı.
Bakının məşhurlarının belə tez qətlə yetirilməsinin arxasında kimin dayandığı məlum idi. Yeni birinci katib yolagəlməz prokurorun əl-qolunu qırırdı, Teymur Quliyevin oğlunu güllələtməklə cəmiyyətə mesaj göndərirdi: “Mənim üçün toxunulmazlar yoxdur, mənim toxunmadıqlarım var”.
Izik Quliyev məhkəmə hökmlərinin icrasına nəzarət idarəsində işləyirdi, Ibrahim Babayev isə uzun illərdi ki, istintaq idarəsinin rəisi idi. O, prokurorluğun Qambay Məmmədovdan sonra ən sözükeçən adamı idi.
Əliyevin 1969-cu ilin avqust plenumundakı tezislərindən biri korrupsiyaya qarşı mübarizə idi. Gizli iqtisadiyyatla mübarizə adı altında rəqiblərin zərərsizləşdirilməsi mexanizmini yaradırdı. Yenidən bölüşdürmə, köhnə komandanın DTK əməkdaşları ilə əvəzlənməsi, iki-üçqat nəzarətin yaradılması da bu məqsədə xidmət edirdi.
Əslində, keçmiş birinci katib Vəli Axundovun vəzifədən uzaqlaşdırılması da yığılan pulların mərkəzə tam çatdırılmaması üstündə olmuşdu. Bununla bağlı məlumatlar Andropova ötürülmüşdü, o da məlumatı Brejnevə çatdırmışdı. Qəzəblənən Brejnev Andropova Azərbaycanda dəyişiklik etməyə icazə vermişdi. Andropov-Əliyev maşını bütün iqtisadi mexanizmləri sındırıb yenisini yaratmağı qarşısına məqsəd qoymuşdu.
Əliyevin yeni iqtisadi siyasəti xalqı daha da yoxsullaşdırmağa, ölkənin kapitalını bir mərkəzdən idarə etməyə yönəlmişdi.
Mübarizədən qorxuya düşən bir çox “gizli sex” sahibləri Odessaya köçdülər. “Gözdən pərdə asmaq” üçün Əliyev kimlərisə yerində otuzdurmalıydı. Bu “gözdən pərdə asma”  nümayişinin ilk qurbanı S.Babayevlə Izik Quliyev oldu.
Niyə repressiyalar Qambay Məmmədovun ətrafından başladı?
Niyə məhz Qambay Məmmədovun ətrafından başlanmasının səbəbləri də hamıya məlum idi. Q.Məmmədov prokuror təyin olunana qədər 16 il “KQB”-də işləmişdi, Əliyevə çox yaxşı bələd idi. Elə ilk illərdən Əliyevin seçdiyi prinsiplərlə razılaşmadığını gizlətmirdi. Sov.IKP MK bürosuna, Ali Sovetə, MK yanında partiya nəzarəti komitəsinə məktublar yazır, respublikada yaranmış real vəziyyətlə bağlı məlumat verirdi. Pambıqçılıq və üzümçülük sahəsində şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi rəqiblərlə mübarizə vasitəsinə çevrilmişdi.
Əliyevin prokurorlara qarşı gurultulu məhkəmə prosesi həm diqqəti yaranmış vəziyyətdən yayındırır, həm də qarşıya qoyulmuş vəzifələri yerinə yetirirdi. Əliyev Moskvaya onların adamı olduğunu sübut etdi. Respublikada antisovet meşşanlığının kökünü kəsdi, ipə-sapa yatmayan prokuror Məmmədovun “yuvasını” dağıtdı. Həmçinin hüquq-mühafizə orqanlarına öz adamlarını gətirmək imkanı qazandı. O, “Bakılı-əyalət” mübarizəsində qalib gəlmək imkanı qazandı. Ilk dəfə siyasi elitaya seçim qabiliyyətə görə deyil, yerliçilik, qohumluq prinsipi ilə aparıldı.
Əliyevi “Şah Abbas” adlandırdığına görə öldürüldü...
Qambay Məmmədova qədər Əliyev daxili işlər naziri Məmməd Əlizadə ilə vidalaşmışdı. Məhz Əlizadə 1950-ci ildə “KQB”-nin müavini olanda zabit Əliyevin keçmişinə işıq salmaq istəmişdi. Əliyevin nədənsə Məmmədovlarla heç bəxti gətirmirdi. Tezliklə Kürdəmir rayon partiya Komitəsinin birinci katibi Məmmədov Əliyevi “Şah Abbas” adlandırdığına  görə həbsxanaya atıldı və müəmmalı şəkildə dünyasını dəyişdi. Bu katibə düzlüyünə görə “Bala Lenin” adı verilmişdi.
Saşa Babayevlə Izik Quliyevi gizli sexlərə himayəçilik adı ilə həbs etdilər. “Sosialist mülkiyyətinin oğrularına  şərait yaradan” bu prokurorlar, əslində, Əliyevə Məmmədova əl uzatmaq üçün lazım idi. Amma heç kim sual vermədi: hansı prinsiplə bu iki adamın cinayəti bir iş altında birləşdirilmişdi?
***
Koliniçenko burada köks ötürür. Axı, bu prokurorların mühakimə olunduğu maddələrdə ölüm hökmü nəzərdə tutulmurdu... 9 ay istintaq apardılar, tez məhkəməyə göndərib, ölüm hökmü çıxardılar. Icranı da tezləşdirdilər. Necə? Yenə Əliyevin şəxsi müdaxiləsi öz işini gördü...
(ardı var)
azadliq.info                   Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий