08.06.2011

Ölən şagirdin atasından şok ittiham


    “Sinif yoldaşları qan verdi, amma qanı ona köçürmədilər”

Cəlilabadda baş vermiş hadisənin şok detalları məlum olub. Bıçaq yarası almış Cavanşir Həsənlinin həyatı xilas edilə bilərmiş, ancaq həkimlər ləng və məsuliyyətsiz hərəkət ediblər. Bu barədə Cəlilabadda olaraq, baş vermiş qətl hadisəsini araşdıran reportyorumuz Samir Kazımlıya mərhum Cavanşirin atası Həsən Həsənli deyib.

Yeniyetmə oğlunu itirmiş dərdli ata əmədaşımıza danışıb ki, onun oğlu heç də xəstəxanaya aparılarkən yolda keçinməyib, o xəstəxanaya yerləşdiriləndən sonra hələ yarım saat həyatda olub: "Oğlum qan itirirdi. Mən xəbəri eşidib çatanda o, hələ sağ idi. Yalvardım, yaxardım, "uşağın həyatını xilas edin" dedim, ləng tərpəndilər. Sinif yoldaşları qan verdi, amma qanı ona köçürmədilər. Uşağım qucağımda öldü".

Rayon xəstəxanasının baş həkimi Valeh Məmmədov C.Həsənlinin son anları barədə əməkdaşımıza danışarkən bildirib ki, yaralı xəstəxanaya gətirilərkən ağır vəziyyətdə olub, çox qan itiribmi, can verirmiş, ona görə də yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. 

Xəstəxananın reanimasiya şöbəsinin müdiri Şəmsəddin Bunyadov bildirib ki, yaralı xəstəxanaya saat 11 10-da daxil olub, 11.40-da isə həyatını itirib: "Cavanşir Həsənli gətirilərkən təzyiqi 0 idi". 

Bununla belə, C.Həsənlinin yaxınları həkimlərdən şikayətçi olacaqlarını bildiriblər. Onların fikrincə, yaralının həyatını xilas etmək mümkün imiş.

Reportyorumuzun sözlərinə görə, mərhum şagirdin yaxınları bildiriblər ki, bu hadisə ilə bağlı heç kəslə düşmənçilik aparmaq, qisas almaq fikirləri yoxdur və onlardan heç kim Təzəxan Mirələmlinin evinin qarşısında keçirilən aksiyaya qatılmayıb: "Biz ölümüzün dəfni, hüzr məclisi ilə məşğul idik. O aksiyanı, siyasi şounu orada kim təşkil eləyib, xəbərimiz yoxdur".

"Yeni Müsavat" əməkdaşının 7 saylı məktəbin direktoru Elminaz Nadirova ilə görüşmək cəhdi uğurlu alınmayıb. Direktor məktəbdə baş vermiş hadisə ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib. 

İki şagirdin arasında baş verən faciəvi hadisəni siyasi şouya döndərdiyi üçün adı hallanan Cəlilabad İH başçısı Əziz Əzizov da jurnalistlə görüşmək istəməyib. İH başçısına istinad edən İH-in ictimai-siyasi şöbəsinin müdiri bildirib ki, Əzizov jurnalistlərin müstəqil araşdırma aparmalarını tövsiyə edir. 

musavat.com

Комментариев нет:

Отправить комментарий