15.06.2011

Türk bacıların filmi Almaniya gündəmində – MÜSAHİBƏ+FOTO


1
Ötən il Almaniyada siyasətçi, sosial-demokrat Thilo Sarrazin  “Almaniya özünü yox edir” (“Deutschland schafft sich ab”) adlı kitabı ilə kəskin tənqidlərə məruz qaldı. Sarrazin kitabda immiqrasiyanın problemlərindən, mühacirlərin (xüsusən də müsəlmanların) alman cəmiyyətinə inteqrasiya olmaq istəməməsindən, almanlarda doğumun aşağı düşməsindən və bütün bunların pis nəticələnəcəyindən yazıb.
Bu ilin Berlin kinofestivalında nümayiş etdirilən “Almaniyaya xoş gəldiniz” filmini Thilo Sarrazinin məlum kitabına qarşı ironik cavab hesab edənlər də var. Təsadüfi deyil ki, məhz bu filmin nümayişınə ölkə prezidenti Kristian Vulf (Christian Wulff) təşrif buyurmuşdu. Filmin rejissorları, Almaniyada doğulub böyüyən Nesrin və Yasemin Samdereli bacıları almanları miqrantların gözü ilə təqdim edir. Bu sosial komediya ölkədə yaşayan üç nəsli təmsil edən türk ailəsindən bəhs edir. Ailədə almanların təsəvvür etdiyi kimi dini fanatlar, despotlar yoxdu və qadınlarla qul kimi davranmırlar.
ANN.AZ Nesrin və Yasemin Samdereli bacılarının Almaniyanın “Zeit” qəzetindəki müsahibəsini oxuculara təqdim edir.

- Siz „Almaniya“ filmində üç nəsli göstərmisiz: 60-cı illərdə Anadoludan Ruhr vilayətinə gələn mühacir fəhlə, arvadı, onların dörd uşağı və iki nəvəsi. Bu üç nəsil bir-birindən nə ilə fərqlənir?
Nesrin:
- Burda hər şey klassikdir: Hərçənd baba Almaniyadakı həyat standartlarından imtina etməsə də, o həmişə türk kimi qalır. Arvadı isə alman pasportu ilə qürur duyur, amma təfəkküründə nəsə dəyişmir.  Onların uşaqlarına alman mühiti təsir etsə də, türk əsasları güclüdür. İki mədəniyyət arasında qalan uşaqlar daim bu konfliktlə yaşayırlar.  Amma eyni zamanda inteqrasiyaya da çalışmırlar. Filmdə babanın böyük oğlu Vəli almanca yaxşı danışa bilmir, Almaniyada doğulan Əli isə türklərə qarşı çox skeptikdir. Türk yeməkləri ona acı gəlir, Türkiyədəki həyat isə xaotik görünür. Onun alman olan arvadı da təbii ki, qərbli kimi düşünür.
- Daha gənc nəsil – nəvələr 6 yaşlı Cenk və 22 yaşlı Canan əksinə, kifayət qədər almanlaşıblar.
Nesrin:
- Bu iki nəfər özlərini Almaniyada vətənlərindəki kimi hiss etsələr də, identik suallar ortaya çıxırdı: Nə üçün mən beləyəm? Mən, ümumiyyətlə, necəyəm? Başqaları məni necə görür?  Birinci sinfə gedən Cenk isə əsəbləşir: məktəbdə alman uşaqları türklərlə futbol oynayır, onu isə heç bir komanda qəbul etmir.
Yasemin:
- Gənc Canan modern alman həyatı yaşayır. O universitetdə oxuyur, sevdiyi kişi ilə yaşayır, onun ailəsi ilə əlaqəsi sıx deyil. Canan sevgi dolu həyat yaşasa da, onun ingilis dostu haqda nə valideynləri, nə də babası, nənəsi bilir. O hamilə olanda tərəddüd edir, çünki ailəsinə bunu necə danışacağını bilmir.
- Bu həm də ailənizdə sizin yaşantılarınızla bağlıdır?
Nesrin:
- Təbii ki, film dəqiqliklə bizim ailə hekayətimizi anlatmır, amma həyatımızda baş verən bəzi məqamlardan istifadə etmişik. Bizim babamız da kənddən İstanbula  və ordan da iqtisadi səbəblərdən dolayı Almaniyaya köçüb. Canan daha çox bizim prototipimizdir. Onun bütün azadlıqları olsa da,  öz ailələrindəki mövcud qaydaları nəzərə alır. Bir türk kişi ilə münasibət qurmamaq isə həmişə bu qaydaların sınmasına gətirib çıxarır.
- Axı, ziddiyətli həyatı necə yaşamaq olar?
Yasemin:
- Bizim atamız tamamilə liberal düşüncəlidir. O, bizim qaydalarımızı bilir, onlara sayğıyla yanaşır. Biz də yeri gələndə ailə qaydalarına riayət edirik. Məsələn, filmdə belə şey var: Cananın anası Leyla siqareti gizlində çəkir. O atasının bunu görməməsinə çalışır. Əslində bu düz deyil, o, yetkin, müstəqil adamdır. Hərçənd, o, qaydalara qarşı getdiyi üçün xəcalət də çəkə bilərdi.
- Almaniyadakı Milad günlərini filmdəki uşaqlar kimi yaşamısız?
Yasemin:
- Anamızı məcbur edirdik ki, almanların Milad bayramında elədiklərindən bizim üçün hazırlasın. Bu eynilə filmdəki kimi dəhşətli görünürdü: kiçik ağac və qablaşdırılmamış hədiyyələr.
Nesrin:
- Yox, filmdə heç olmasa əsl ağac vardı, amma bizim ağacımız plastikdən idi.
- Hazırda türk köklü uşaqların o zamanlarda olduğu kimi başqa problemləri varmı?
Yasemin:
- Mən ehtiyat edirəm ki, indi uşaqlar güclü qəliblərdə sıxılıb qalırlar, xüsusilə də əhalinin sıx olduğu yerlərdə. Bizim xoşbəxtliyimiz onda idi ki, qaynayıb qarışırdıq. Oxuduğumuz məktəbdə çox az türk vardı. Etnik azlıqların yaşadıqları rayonlarda uşaqlar üçün  mədəniyyətlər arasında balansı tapmaq, dərk etmək çox çətindir.

- Filmdə dinə daha az rast gəlinir. Siz islam amilini bilərəkdən qabartmamısız? Bununla  belə  almanların qavrayışında islam türklərin həyatında həlledicidir.
Yasemin:
- Biz islamı – o, gündəlik həyatın adi hissəsi olduğu yerdə qabartmışıq. Ümumiyyətlə isə, əksər xristian ailələrində olduğu kimi bizdə də din məsələsi heç zaman əsas mövzu olmayıb.
- Amma nənə filmdə bəzən yaylıq bağlayır.
Yasemin:
- Yaylıqdan istifadə o zaman daha çox ədəb məsələsi hesab edilirdi. İndi din səbəbindən başını örtən qadınlar yaylığı başqa formada bağlayırlar. Baş yaylığı bağlamağı istənilən halda avtomotaik olaraq zülmlə, qadının haqqının tapdanması ilə eyniləşdirmək olmaz. Bu şəxsi bir qərardır. Mən arzulayıram ki, başı yaylıqlı qadınlar daha iddilaı işlər görsünlər və özlərinə güvənli olsunlar.
- Film istehsalı zamanı sizə çətin gələn nə idi – bir qadın və ya türk olmaq?
Yasemin:
- Film çəkmək beyinlərdə hər halda daha çox kisi işi kimi formalaşıb. Bir qadın cəsarətlidirsə və özünə inanırsa bunu çətin həzm edirlər. Çünki qadın kimi həmişə qayğıkeş olmalısan, hər kəsi diqqətlə dinləməlisən və hər kəsi anlamalısan. Türk rejissorlarının başqa problemi də var. Əgər söhbət türk mövzularından gedirsə, bunları xüsusilə sənə xatırladırlar.  Bu qıcıqlandırıcıdır. Mən qadınamsa, bu o demək deyil ki yalnız qadın mövzularını araşdırmalıyam.
- Film üçün  maliyyə tapmaq asan oldu?
Yasemin:
- Biz  8 il əvvəl ssenarinin birinci versiyasını yazmışdıq. O zaman  Fatih Akın italyan mühacir fəhlədən bəhs edən “Solino” filmini çəkmişdi. Düşünürdük ki, bu mövzuda yenidən danışmaq lazımdırmı?  Əksəriyyət istəyirdi ki, film faciə janrında çəkilsin, amma biz komediyanı seçdik.
Nesrin:
- Bu hekayəni biz uzun müddət idi ki, ekranlaşdırmaq istəyirdik. Əsas odur ki, kimsə kənardan bizə nəyi çəkəcəyimizi diqtə etməsin.

Almancadan Sevda Sultanova çevirdi                           

Комментариев нет:

Отправить комментарий