07.06.2011

İcra başçısı 300 min dolları necə yedi?

Şahin Məmmədov dövlətə məxsus 18 km-lik su borularını satıb
Əməkdaşımız Ağcabədidə şok faktlar üzə çıxardı
Ağcabədinin icra başçısı Şahin Məmmədov dəmir, çuqun, alüminium satır. Bunu rayonda olanda sakinlərdən eşitdik. Onlar başçıya ayama da qoşublar - “Metallom Şahin”. Elə bu ayamanın yaranma səbəbini araşdırmaqla çox maraqlı məlumatlar əldə etdik...
18 km-lik borudan əldən edilən gəlir
ÿSən demə, Şahin Məmmədov Qarqar çayından rayonun mərkəzinə axan suyun borularını çıxarmağı əmr verib. Məlumatı verən şəxsin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, onları çıxarıb sata bilmir. Həmin az hissəni sata bilməməsinin nədəni rayon sakinləridir. Kimlərdəsə sual yarana bilər. Icra başçısı niyə boru alverinə girişib? Məgər rayonda qazanmağa başqa gəlirli sahə yoxdur? Təbii ki, hər bir rayona olduğu kimi, Ağcabədiyə də dövlət büdcəsindən hər il milyonlarla pul ayrılır. Ancaq boru məsələsini unutmaq, ya da fikir verməmək mümkün olmayan bir şeydir.
Belə ki, Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-lik borunun 15 km-ə qədəri çuqundan ibarətdir. Qısa hesablama aparsaq, icra başçısını bəlkə də anlamaq olar. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Yəni, bir kilometrə 250 çuqun boru düşür. Bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq - 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır.
Deməli, Şahin Məmmədov “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipini işə salaraq oturduğu yerdə 300 min dollardan artıq pul əldə edir. Hələ biz alınan qiymətin üstünə yerdə qalan 3 km-lik borunun (bu hissəsi dəmirdir - R.D) məbləğini gəlmirik. Bunu da qeyd etsək, ortaya fantastik rəqəm çıxacaq. Insaf naminə danışmaq lazımdır ki, icra başçısı bu məbləği əldə etmək üçün çoxlu işlər görməli olub. Bir rayona ağalıq edən Şahin müəllimin bu qədər pulu əldə etmək üçün hansı əziyyətlərə qatlaşdığını da araşdırıb üzə çıxardıq.
Deputatın qardaşına 1500 dollar
Şahin Məmmədov bu işləri görmək üçün dostunun oğlu Nazim adlı şəxslə əlaqəyə girib. Işin icraçısı isə icra başçısının sürücüsüdür. Yəni, cənab Məmmədovun lazımi yerlərə tapşırıqlarını o, verir. Və beləcə başlayıblar bir-bir çuqun və dəmir boruları çıxartmağa. Arada bir neçə dəfə problemlə üzləşiblər. Əksəriyyətindən qalib kimi ayrılan icra başçısı bir-iki yerdə məğlub duruma düşüb. Məğlub olduğu şəxslərdən biri də rayondan deputat seçilən Tahir Rzayevin qardaşı Fəxrəddin Rzayevdir. Icra başçısı deputatın qardaşının ərazisinə düşən çuqun boruları çıxartmaq üçün ona 1500 dollar ödəməli olub. Yalnız bu addımdan sonra Məmmədov istəyinə çatıb. Ancaq elə ailələr olub ki, ümumiyyətlə, həyətinin qazılmasına izn verməyib. Çünki icra başçısı həyətini xarabaya döndərəcəyi evin sahibinə pul təklif etməyib. Üstəlik, evinə də ziyan dəyəcəyi təqdirdə heç bir maddi yardım etməmək eşqinə düşüb. Bunu da vaxtında duyan şəxslər Şahin Məmmədovun adamlarını əliboş yola salmağa məcbur olublar. Kimsəsiz, arxasız olanlar isə səslərini çıxarmayıblar. Adının çəkilməsini istəməyən rayon sakini deyir ki, elə ailələr olub ki, icra başçısı onların bir hektar torpaq sahəsini qazdırıb, çuqunları çıxardıb. Həmin şəxslərə böyük məbləğdə ziyan dəyib. Ancaq bircə manat belə, ödənilməyib.
Rayonun Xocavənd kəndində Qarabağ kanalının üstündə olan dəmir borunu bu günə qədər də çıxarda bilməyiblər. Belə ki, borunun düşdüyü ərazi Qarabağ veteranına məxsusdur. Icra başçısı adamlarını onun yanına göndərsə də, heç nəyə nail ola bilməyib. Üstəlik, müharibə əlilinə pul da təklif olunub, ancaq yenə də razılaşmayıb. Yalnız bunu deyib: “Icra başçısı qanuni sənədləri təqdim etsin. Bundan sonra boruları pulsuz çıxarda bilər”. Qarabağ kanalının üstündə olan borunun uzunluğu 48 m-dir. Sadəcə diametri böyük olduğundan və borunun içərisindən başqa biri keçdiyi üçün Şahin Məmmədov bu işdə də çox maraqlıdır. Ancaq...
Qazıntı meydançanı da it gününə salıb
Icra başçısı boruları çıxartmaq üçün başqa rayonlardan texnika gətizdirib.ÿ Bərdəyə, Sabirabada müraciət etməyin səbəbi isə Ağcabədidə heç bir texnika sahibinin bu işə qol qoymaması olub. Ona görə yox ki, haqsızlığa etiraz edirlər, ona görə ki, icra başçısının adamları işlətdiyi şəxslərin pulunu ödəmirlər.
Borular bir metrlikdən tutmuş beş-altı metr dərinliyə qədər qazılıb, çıxarılır. Qazıntının ən çətin yeri Xocavənd kəndindədir. Əvvəla həmin ərazidə torpaqları 6 metr dərinlikdə qazmaq gərək olur. Ikincisi də, sözügedən ünvana getmək üçün Qarqar çayını adlamalısan. O ünvana baş çəkənlər bilir ki, çayı adlamaq üçün hansı çətinliklərlə üzləşirsən. Bizi aparan maşın çayın bu tayından o tayına adlamaq üçün bir neçə saat mübarizə aparmalı olsa da, cəhdi nəticəsiz qaldı. Sonda çarəsiz qalıb pay-piyada çayı adlayıb boruların qazıldığı məkana getdik. Yolboyu qarşımıza çıxan çobanlardan qazıntının aparılması səbəbiylə maraqlandıq. Hamı da bir ağızdan eyni sözü dedi - icra başçısının tapşırığı var ki, su boruları çıxarılmalıdır!!!
Boru Xocavənd orta məktəbinin idman meydançasından da keçdiyinə görə dağıdılıb. Hazırda meydança istifadəyə yararsızdır. Bu işdə ona təhsil şöbəsinin müdiri Mehdi Əhmədov da kömək edib.
Alüminium hasarlar da “yox”a çıxıb
Şahin Məmmədov imkanlarından istifadə edərək bütün boruları çıxartmağa çalışır. Kimisinə hədə-qorxu gəlir, kimisinə şirnikləndirici vədlər verir, kimisinə ümumiyyətlə, bata bilmir. “Mübarizə” aparıb qalib gələ bilmədiyi şəxslərlə çalışır ki, çox səs-küy yaratmasın. Bunu bizə danışan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı “yuxarı”larla məsləhətləşməyib. Ona görə də, çalışır ki, o qədər də ajiotaj yaratmasın. Gözdən pərdə asmaq üçün icra başçısı “Azərsu”nun keçmiş sədri Nizaməddin Rzayevlə danışığa gedərək, 18 km-lik borunun kiçik bir hissəsini (təxminən 4-5 km.-ni - R.D) sənədləşdirə bilib. Bu ilin əvvələrində N.Rzayevin vəzifəsindən getməsi ona planını tam başa çatdırmasına əngəl törədib.
Maraq üçün qeyd edək ki, icra başçısı rayonun mərkəzində 160 metrlik bəzəkli alüminium hasarları da “yox”a çıxardıb. Hasarı isə təxminən 1 metr hündürlükdə daşla doldurub. Bundan əlavə, rayonun mərkəzini içməli suyla təmin edən iki artezian quyusu da it-bata düşüb. Rayon camaatının içməli suya olan tələbatını isə “vodavoz”lar 20-30 manat qarşılığında ödəyirlər...
***
Əslində, məqsədimiz iki-üç gün rayonda qalıb bir yazı hazırlamaq idi. Bir neçə problemi özündə cəmləyən reportaj. Ancaq boru məsələsi o qədər böyük oldu ki, nə başqa problemlərə diqqət yetirdik, nə də Ağcabədidə gecələdik. Elə həmin gün Bakıya qayıtmalı olduq...
                   
azadliq.info                                Ramin DEKO, 
Bakı-Ağcabədi-Bakı

Комментариев нет:

Отправить комментарий