16.06.2011

Şeyxə qarşı kampaniyanın arxasında nə dayanır?

Ramiz Mehdiyev onu devirib, yerinə Hacı Sabir Həsənlini gətirmək istəyir
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə dəyişikliklər müzakirə edilərkən YAP-çı deputat Səyavuş Novruzov Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadəni hədəfə aldı. YAP-çı QMI sədrinin geyiminə sataşdı: “Özümüzün formamız olsun. Nəyə görə Iran mollaları kimi əmmamə qoymalıyıq? Hesab edirəm ki, buna ehtiyac yoxdur”.
Səyavuş Novruzov bundan əvvəl də yas mərasimlərinə görə, Şeyxi kəskin ittiham etmişdi. Əslində YAP-çı deputatın Allahşükür Paşazadə ilə bağlı çıxışları QMI sədrinə qarşı hakimiyyətdəki rəqibləri tərəfindən aparılan kampaniyanın tərkib hissəsidir. Şeyxin iqtidardakı ən güclü rəqibi isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev uzun müddətdir ki, Allahşükür Paşazadəni zərərsizləşdirməyə çalışır. Hicam qalmaqalı yarananda Ramiz Mehdiyevin Şeyxə müxtəlif cəbhələrdən hücumları daha da kəskin xarakter aldı. PA rəhbəri Allahşükür Paşazadəni hicaba qadağanı dəstəkləməyə məcbur etməklə dindar təbəqə arasında nüfuzdan salmaq və QMI sədrliyindən uzaqlaşdırılmasına nail olmaq istəyirdi. Lakin Şeyx bütün təzyiqlərə rəğmən hicabanı qadağanı dəstəkləmədi. Özünü sığortalamaq üçün Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədovun həbsində hakimiyyətinə mövqeyini dəstəklədi.
Səyavuş Novruzov da Ramiz Mehdiyevin komandasına daxil olan deputatlardandır. Bu baxımdan fürsət düşdükcə Şeyxi “vurmağa” çalışır. YAP-çı deputatın Allahşükür Paşazadəni hədəfə ilə alması ilə bağlı politoloq Cümşüd Nuriyev də maraqlı açıqlama verib. Politoloq “Şərq”ə bildirib ki, yəqin Səyavuş Novruzov Şeyxin yerində Hacı Sabiri Həsənlini görmək istəyir. Kifayət qədər informasiyalı şəxs olan Cümşüd Nuriyevin belə mülahizə irəli sürməsi təsadüfi sayıla bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, politloq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Şeyxin də “fövqəlnazir”lə münasibətləri çox yaxşıdır. Onun atası Fəttah Heydərovla dostdur. Ola bilər ki, Allahşükür Paşazadə bu çevrədə özünə qarşı kampaniyanın səbəbləri barədə danışarkən Hacı Sabirin onun yerinə gətirilməsini də vurğulayıb. Bundan əlavə Hacı Sabir Həsənlinin Şeyxin postuna gətirilməsi planı barədə dəfələrlə yazılıb. Yeri gəlmişkən, Hacı Sabir Həsənli Ramiz Mehdiyevə yaxın şəxs hesab edilir.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий