15.06.2011

ŞŞIIŞŞ… Sakit!


Niyazi Qasımzadə
Niyazi Qasımzadə
Niyazi Qasımzadə
 Bu nə addır?  Əşşi boş ver… Bütün adlar mənalı olmalıdı? Əsas tərkibdi axı. Bəyənmirsən heç oxuma! Çox kobudam? Yox əslində bu dəqiqə çox sakitəm və niyə belə yazdığımı heç özüm də anlamıram. Bir dəqiqə dayan. Mən özümü anlamıramsa başqaları məni necə anlasın? 
Necə anlasınlar ki, mən dünyadan nə istəyirəm…
Necə anlasınlar ki, mən etinasızlıq xəstəliyinə qarşı mübarizə aparıram…
Necə anlasınlar ki, bu etinasızlıq xəstəliyi AİDS xəstəliyindən daha təhlükəlidir…
Necə anlasınlar ki, mən bunları deyirəmsə bu mənim özümü ağıllı göstərməyimin əlaməti deyil!A xı mən onlar kimi deyiləm. Heç onlar kimi olmaq da istəmirəm. Amma bəlkə bu dəfə problemlərdən yox yaxşlıqlardan danışım? Oldu, baş üstə! Klaviaturanı bezdirmək istəmirəm bu bezdirici fikirlərlə. Kompüteri demirəm çünkü bu alət bizim dilimizi bilmir…
Nəysə keçim yaxşı şeylərdən yazmağa:
-Yaxşı ki, müsəlmanam…
-Yaxşı ki, şeytanlar var, mələklərin qədrini bilmək üçün…
-Yaxşı ki, daha kiçik yaşlarımda dost xəyanətinin nə olduğunu görmüşəm. Bunun ilkini bir də böyük yaşlarda yaşamaq var idi. Lap pis yıxılardım, Allah qorusun!
-Yaxşı ki, kompüterdən başqaları kimi axmaq məqsədlərlə istifadə etmirəm. Məsələn pornoqrafik məzmunlu saytları ziyarət etmək üçün!
-Yaxşı ki, sevginin və nifrətin nə olduğunu bilirəm…
-Yaxşı ki, sevilmirəm! Bu ciddi məsuliyyətdir axı – bacarmamaqdan qorxmuram əslində. Yenə ən sonda uduzmaqdan qorxuram! (“Yenə” deyəndə səhv anlaşılmasın deyə izah edirəm ki , həyatımda yüzlərlə sevgili olmayıb)
-Yaxşı ki, məni anlamayanlar daha çoxdu. Hamı anlasaydı maraqsız biri olardım.
-Yaxşı ki, sürətli yazmağı bacarıram, yoxsa ölərdim elə kompüterin başında.
-Yaxşı ki, ağlamağı da bacarıram. Hislərini ifadə edə bilməyənlərdən deyiləm yəni.
-Yaxşı ki, düşmənçilik edib haqqımda şaiyələr yayanlar çoxdu. Bu rəqiblərimin daha tez uduzmağına kömək edir. Axı haqq-ədalət həmişə öz yerini tapır (?!)
-Yaxşı ki, çox dözümlü bir xalqla birgə yaşayıram, yoxsa hər il bir çevriliş yaşayan bir ölkənin vətəndaşı olardım və burdan bezərdim.
-Yaxşı ki, burda axmaq siyasətçilər daha çoxdu. Yoxsa tez-tez gülmək üçün pul verib gülüş dolu kino diskləri almalı olardım.
-Yaxşı ki, siyasətçi deyiləm.
-Yaxşı ki, narkoman deyiləm və ya “narkowoman”.
-Yaxşı ki, türk olduğumu unutmamışam!
-Yaxşı ki, hələ də məni anlayan insanlar da var (az da olsa).
-Yaxşı ki, susmağı bacarmıram. Yoxsa bir dəfəlik “lala” edərdilər məni də.
-Yaxşı ki, milliyyətçiliyin nə olduğunu da bilirəm. Yəni başqaları kimi milliyyətçilik deyəndə ağlıma gələn tək şəxs Hitler deyil! (milliyyətçilik faşizm demək deyil!)
-Yaxşı ki, işğalda olan torpaqlarımızın 20%-dən çox olduğunu da bilirəm. Axı itirdiyimiz torpaqlar təkcə Qarabağ ərazisindən ibarət deyil..
-Yaxşı ki, Azərbaycan öz ürəyi açıqlıq siyasətindən əl çəkib.  Lakin 200 min km²-i 86.6 min km²-ə çatdırandan sonra olduğu üçün bu oyanışa üzülürəm.
-Yaxşı ki, məni TV proqramlarına dəvət etmirlər bəzi məmurlarla birlikdə. Çünkü bəlkə də onların üzünə tüpürərəm elə efir vaxtı!
-Yaxşı ki, Naxçıvandan Bakıya köçmüşəm. Naxçıvanda “blokadada” qalmaqdan daha yaxşıdı.
-Yaxşı ki, Naxçıvanın “blokada ərazisi” olduğunu deyəndə nəyi nəzərdə tutduğumu bilənlər də var!
-Yaxşı ki, Bakıda McDonalds’ var əks təqdirdə axmaq gənclərimiz bluetooth-dan tanışlıq üçün istifadə edə bilməzlərdi axı…
-Yaxşı ki, hələ də axmaq olmayan gənclər var (az deyil!). Çoxdu. Sadəcə olaraq ayrı-ayrılıqda nəfəs alıb-verirlər.
-Yaxşı ki, biz çox qonaqpərvərik milləik. Hətta o qədər qonaqpərvər ki, düşmənlərimizə də qucaq açırıq. Aramızdadırlar ama xəbərimiz yoxdu.
-Yaxşı ki, hakimiyyət məhz İlham Əliyevdədir. İsa Qəmbərdə olmağından daha yaxşıdır fikrimcə. İqbal Ağazadə də alternativ ola bilər amma bunun üçün ilk növbədə ölkəmizdə siyasi azadlıq istənilən səviyyədə olmalıdır və ya ümumiyyətlə olmalıdır!
-Yaxşı ki SOCAR şirkəti var! Neftimizin pulunu BP-nin mənimsəməyindən yaxşıdır. İnşallah o pulun millətə də xeyri olacaq. Keçidlər və körpülər tikilib bitəndən sonra İnşallah(!!!)
-Yaxşı ki, son vatlar ziyalılarımız Qarabağı tez-tez ziyarət edirlər. Bu davranış bizim onlardan qorxmadığımızı bildirir! Düzü heç mən sevdiyim qızla bu qədər tez-tez görüşmürəm.
-Yaxşı ki, QHT-lər arasında ancaq pul qazanmaq və ya böyük vəzifələrə gəlib böyük insan olmaq məqsədi güdməyən təşkilatlar da var.
-Yaxşı ki, məktəblərdə rüşvət də var. Yoxsa direktorlar öz övladlarını bahalı məktəblərdə, hətta nəinki bahalı məktəb və ya liseylərdə xarici ölkələrdə də oxuda bilirlər və ölkəmiz üçün yararlı vətəndaşlar yetişdirirlər.
-Yaxşı ki, hələ ki ölkədəki məmurlardan var-dövlətləri haqqında hesabat almırlar. Elə olsa birdən–birə xarici ölkələrə böyük miqdarda pul “axar”.
Ölkəmizdən bəziləri özlərini gizlədə bilməyi üçün, bu da ölkəmizə ciddi ziyan vurar. Yavaş-yavaş o bəziləri də aşkarlanacaq və yerdən-yerə vurulacaq. Əsas odur ki millətin pulu bitsin ki, buna ehtiyac yaransın. Millətin pulu diyəndə ki, əslində heç millətin pulu da yoxdur. Bəlkə elə ona görə də bizə krizis təsir etmədi. Mən bəziləri kimi krizisin bizə təsir etməməyini qəti şəkildə monorxiya ilə əlaqələndirmirəm! Mümkün deyil, Azərbaycanda monarxiya yoxdur. Azərbaycanda sadəcə olaraq insanların nələri isə bacarmamağı var! Bir məsəl var “Pişiyin əli ətə çatmayanda deyir ki mundardır”.
-Yaxşı ki, bu yazını oxuyan da var.
-Yaxşı rəy bildirənlər də olacaq.
-Yaxşı ki, mən məhz sizinlə eyni millətin nümayəndəsiyəm! çünkü məhz sizin aranizda olduğum üçün Allaha şükr edirəm!

Комментариев нет:

Отправить комментарий