15.06.2011

Tehran Əlişanoğlu: MKM: Cəmiyyət müstəvisində


Tehran-elishanoglu
Daha bir MKM arxada qaldı və milli kitab müsabiqəsinin yaşı oldu 2! Bütün qalmaqallara, müsabiqə-ətrafı ehtiraslara rəğmən, “MKM yenə də olacaq” deyən təsisçi, “Əli və Nino”nun sahibi Nigar xanım Köçərlini alqışlayaraq, keçək analizlərə: nədəndir, ay nədəndir…
Qalib Pərviz oldu, “Yad dildə” romanı ilə; həm də diqqət edin: 16 Münsifin verdiyi 128 balla, Məqsəd Nurun “Şəhər meri” romanını vur-tut bircə xal üstələyərək (127 bal)! Nədən ehtiraslar olmasın?! Daha sonra, üçüncü yeri bölüşdürən Natiq Rəsulzadənin “Xunxarlar” romanı və Nəriman Əbdülrəhmanlının “Yolsuz” romanı da nəticə etibari ilə çox uzaq deyil: 119 bal. Yada salsaq ki, MKM-də Münsiflər ümumiləşmiş Cəmiyyət rəyinin ifadəçisidirlər, Ədəbiyyat zövqlərinin belə yaxın gəlməsi bizə nəsə deməlidir. Mükafat alan – Romanlardır!; həm də birbaşa, aktual günümüzdən danışan, çağdaş insan-Cəmiyyət münasibətlərindən söz açan, müasir insanın içinə boylanmaq istəyən romanlardır.
Amma başqa tərəfdən: Münsif qiymətləndirməsində aşağı ballar qazanmış əsərlərlə (Aslan Quliyevin “Sonuncu” romanı – 85 bal; Azər Abdullanın “Sarı tağ” povesti – 97 bal; Etimad Başkeçidin “Kenterberri hekayələri” – 101 bal) qaliblər arasındakı məsafə də böyükdür; bunun özü də düşündürməlidir. Yerdə qalan əsərlərdən (Paşa Qəlbinurun “Qara su” romanı – 109 bal) daha ikisinin əslində povest olduğunu (Mirmehdi Ağaoğlu, “Küləyi dişləyən” – 107 bal; Natella Osmanlı, “Mən axmağam” – 103 bal) yada salsaq, Cəmiyyətin hər halda Romana üstünlük verdiyini deməliyikmi? Amma MKM-dən alınan Ədəbiyyat qənaətləri  bir başqa yazının söhbətidir; hələ ki müsabiqə-ətrafı ehtirasların məğzi-mənası-səciyyəsinə köklənək.

Qəsdən analizi məlum nəticələrə bir daha diqqət yönəltməklə başladım. Müqayisə etsək: bunun özü MKM 2-nin MKM 1-dən daha uğurlu sönuclandığını xəbər verir. Orda əsas mübahisə qalib 1-ci yerlə yerdə qalan 9 əsər ətrafında, başqa sözlə: Ədəbiyyat və qeyri-ədəbiyyat, Ədəbiyyat və kütləvi oxu marağı, Ədəbiyyat və Cəmiyyət zövqləri arasında idi. Qalibi mühakimə etmirlər – razılaşmışdıq; gənc bir repçi Qaraqan “A” romanı ilə Cəmiyyət marağını da, MKM 1-i də, kitab bazarını da qazanıb çəkildi öz sferasına. Amma MKM yenə gəldi Ədəbiyyatın hüzuruna; baxın MKM 2-inin nəticələrində Ədəbiyyat, ya qeyri-ədəbiyyat söhbəti yoxdur artıq; hansı əsər qalib olmağa daha layiq idi; layiqdir, ya deyil söhbəti var. Və həm də mübahisə: Ədəbiyyat – Cəmiyyət vaterxəttində deyil, əsasən Cəmiyyət gəmisinin öz içində gedir. Yəni bu o deməkdir ki, Ədəbiyyat maraqları Cəmiyyətə yeriyib də, Cəmiyyət özünün Ədəbiyyat maraqları üstündə çəkişir; hər maraq dairəsi: mənim Romanım daha üstün, layiqdir deyib durur. Sevinməyəkmi?
Doğrudur, nəticələrə baxıb: bura Siyasət qarışıb; yəni Cəmiyyət Ədəbiyyatla oynayır, yaxud Ədəbiyyat oyunu oynayır – deyənlər-düşünənlər də var. Baxaq. Bu fikir, mənimcə, ən çox ordan qaynaqlanır ki, nəticələrdə gözlənilməzlik effekti var: yəni Cəmiyyətin yuxarıda qabartdığım aktual Roman maraqlarına doğrudan da mı ən çox məhz “Yad dildə” cavab verir? Ya əksinə, bəzi Münsif mövqelərinə (maraq-zövq dairələrinə) inansaq: Pərvizin romanı bu yerə ən az uyğun gələnidir?; hətta o qədər ki, protest olaraq Rəşad Məcid, Çingiz Abdullayev kimi nüfuzlu Münsiflər MKM-də gələcək iştiraklarından da imtina etmişlər; üstəlik başqa Münsifləri də bu addımı atmağa çağırmışlar. Məsələ, əlbəttə, heç də Rəşad Məcidin pərdələnməyə çalışdığı: romanın ağır üslubu, bədii əlacsızlığında olmasın gərək; elə isə o da yüksək qiymətləndirməyib (7 bal), məsələn münsiflərdən Afaq Məsud (3 bal) və Rəbiyyət Aslanova (3 bal) kimi, romana aşağı bal verməklə Münsif hüququndan bəhrələnə bilərdi…
Məsələ heç romanın təcəssümləndirdiyi müxaliflik əhval-ruhiyyəsində də deyil; elədə Pərviz haqlıdır ki: Yazar ümumən müxalif olur (http://www.azadliq.org/content/article/24227295.html); və deyək ki: onluğa düşən əsərlərin hər birisi də elə əfkari-ümumiyyəyə bu və ya digər qədər ictimai, mənəvi, ekzistensial-fəlsəfi, fərdi-psixoloji etirazı ilə yadda qalır. “Yad dildə” romanında üstəlik mövcud Cəmiyyətə qarşı kəskin siyasi barışmazlıq var; həm də o qədər qatı ki, bəzi Münsifləri (Cəmiyyət kəsimini) aşkar diksindirib, qorxuya salıb; bir baxın görün hansı əsərə səs vermisiniz! – deyə digərlərini (Cəmiyyət qismini) də sanki ayıltmağa vadar etmək istəyir. Həmin mövqeyə görə: Milli Kitab adını daşıyan mükafat bu növ siyasi mündəricəli romanlara verilə bilməz; bu niyyətdə olanlar (Cəmiyyət kəsimi) MKM-i sadəcə “iflasa uğradırlar” (Rəşad Məcid: “MKM-i Şahbaz Xuduoğlu iflasa uğratdı”, http://www.kulis.az/xeber_%3Cb%3E“MKM-i_Şahbaz_Xuduoğlu_iflasa__768.html )…
Ədəbiyyat yerinə, aşkar Siyasət havasını duydunuzmu? İndi tutaq ki, nəticələr bir qədər başqa olaydı, məsələn, R.Məcidin, ya Ç.Abdullayevin (maraq-zövq dairələrinin) favorit bildiyi “Şəhər meri”, ya “Xunxarlar” romanları birinci ola idi, bu dəfə Pərvizi qalib eləmiş Münsiflər (Cəmiyyət kəsimi): Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Mehriban Ələkbərzadə də (bircə Pərvizə 10 bal vermiş münsifləri qabardıram) protest edib, MKM-i tərk etməli idilərmi? Bu mənada Cəmil Həsənlinin mövqeyi daha səlisdir: “Bu məsələdə mən Rəşad bəylə razı deyiləm. Mənim yanaşmam belədir ki, ümumiyyətlə, bu 10 əsərin içərisində böyük ədəbiyyat yoxdur. Amma hər halda, yaxşı əsər kimi bu 10 əsər müsabiqəyə buraxılıb. Bizim seçimimiz bu 10 əsərin içərisindədir… Mən Məqsəd Nurun əsərinə 9 vermişəm. Mən heç bir partiyanın üzvü deyiləm və siyasi mülahizələrə görə bu məsələlərə qiymət vermək fikrindən uzağam. Mən əvvəldən maraqlanıb öyrənə bilərdim ki, bu kimdir. Mən sonradan bildim ki, AzTV-də işləyir, iqtidarın müəyyən tədbirlərində kifayət qədər aktiv adamdır. Amma onun əsəri yaxşı əsərdir… Mən onun əsərinə xoşuma gəlməyən addımına görə necə aşağı qiymət verə bilərəm? ..” (http://www.azadliq.org/content/article/24227295.html ).
Siyasət belə şey ki, izləri hər yerdə görünür. Çox maraqlıdır: Rəşad Məcid “Yad dildə”nin qalib olmasını yazıçı Pərvizin deyil, ən çox naşir Şahbaz Xuduoğlunun ayağına yazır. Əslində, MKM-ə Münsif qismində qatılan gündən Ş.Xuduoğlu burdan naşir marağı güddüyünü gizlətmir də; Müsabiqədə ən yüksək qiyməti də (10 bal) məhz kitablarını nəşr etdiyi müəlliflərə (Mirmehdi Ağaoğlu, Nəriman Əbdülrəhmanlı, Pərviz) vermiş. Bununla təbii ki, o həm də Kitab biznesinin Ədəbiyyyat maraqlarından heç də ayrı olmadığını nümayiş etdirir. Olsun; o yerlərdən ki (Cəmiyyət kəsimində) AYB çəkilir, hətta hürkür, çəkinir də demək olar, həmin ərazini cürətlə və sürətlə Kitab bazarı tutmağa çalışır. Hazırda oxucular arasında siyasi motivlənmiş romanlara geniş maraq yaranmış, belə ki: naşir marağının məhz “Yad dildə” üzərində dayanması təəccüblü olmasın gərək.
Gözlənilməzlik effekti, görünür ki: MKM-in siyasətində lap əvvəlcədən var; Əslində, Nigar xanım Köçərli yenə də istəyirdi MKM nəsə bir kəşf, yeni nəfəs, heyrətləndirə biləsi əsər/kitab/imza ortaya qoysun. Artıq birinci, Ekspert mərhələsindən sonra bəlli oldu ki, bu olmayacaq; ona görə yox ki, biz bunu istəmirdik (bu barədə mən artıq yazmışam, bax: ANN.az “MKM – gözlə görünənlər”), 20-liyin az qala yarısı gənc müəlliflərə məxsus idi; favoritlərimiz də vardı. Məsələn, mənə görə: Sahilə İbrahimovanın “Zemi” povesti (“Varlı kişinin portmanatı” kitabı tamlıqda yox), bir başqasına görə: Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı, üçüncü birinə görə: Kəramət Böyükçölün “Çöl” romanı 10-luğa düşməyə layiq idi. Amma bütün Ekspertləri razı salaraq 10-luğa bircə gənc yazarın əsəri düşə bildi: Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən”i. Nigar xanım məyus görünürdü; bunu mən ondan soranda əsla narahatlığa əsas olmadığını dedi; insafən bu xanım işinə çox ciddi yanaşır, onu süni nəticələr maraqlandırmır; əksinə, Ekspertlərə tam etibarla real durumu bilmək istəyirdi: bu ilin ən yaxşı 10 əsəri bunlardırsa, qoy belə də olsun! – söylədi.
MKM-də Pərvizin “Yad dildə” romanının qalib olmasını heç də Ədəbiyyatımızın böyük uğuru sanmıram; amma bu gözlənilməzlik effektini MKM-in ictimai rəyə doğru daha bir qələbəsi bilirəm. Hələ ötən yazımda qeyd eləmişdim: hazırda bizdə Ədəbiyyat ətrafı mövqe savaşları başlamış və burda öz diktəsini etmək üçün Ədəbiyyat, Ədəbiyyatı yaradanlar hələ çox səy göstərməli olacaq (bax: ANN.az “Roman – Ədəbiyyat – Kitab: mövqe döyüşləri”). Əslində, Ekspert olaraq seçdiyimiz 10-luqdan hər hansı bir əsərin qələbəsi bizi qane etməliydi; edir də. Bundan sonrakı söhbətlər yalnız Ədəbiyyatın artması, intişarı nəfinə olan şərhlər, təhlillərdir. Müəyyən Münsif mövqeyindən (Cəmiyyət kəsimindən) söylənən o fikirlə razı deyiləm ki: guya Pərvizin romanı heç 10-luğa da düşməyə layiq deyilmiş (Rəşad Məcid: “MKM-i Şahbaz Xuduoğlu iflasa uğratdı”,http://www.kulis.az/xeber_%3Cb%3E“MKM-i_Şahbaz_Xuduoğlu_iflasa__-768.html ); subyektivizmə qalsa, bəli, mübahisə etmək olar; mübahisələr də elə onun üstündə gedir ki: Ədəbiyyatın sözünü kim deyir, kimdir Ədəbiyyatın sözçüsü?
Qalib elan olunandan sonra Ekspert dostlardan biri yaxınlaşıb mənə dedi ki: 1-ci və 2-ci yerləri tutmuş əsərlər ilk olaraq məhz ondan keçmişdi; mən də zarafatla dedim: onda bir sən Ekspert olsaydın, elə bəs idi. Amma belə olmur; Ədəbiyyat kiminsə diktəsiylə olmur, amma Ədəbiyyat naminə çalışanlar, səy edənlər olmasa da Ədəbiyyat olmur. Əslində, Ekspert dostum nəyisə qarışdırmışdı; siyasi motivlənmiş romanlar barədə (Pərvizin “Yad dildə” və Samir Sarının “X günü”) o demişdi: ya bu əsərlərdən hər ikisini buraxmalıyıq, ya heç birini. Bəlkə də haqlıydı; amma biz siyasi yox, bədii-estetik prinsiplərlə işləyirdik; və bu mənada gərəkirsə, ilk növbədə Elnarə Tofiqqızını təbrik eləməliyik, Pərvizin romanını ən yüksək məhz o qiymətləndirmişdi. Mətbuatda belə bir fikir oldu ki, Ekspertlər də qiymətlərini açıqlamalıydılar; amma belə bir şərt olmamışdı; çün bizdə qiymətləndirmə yardımçı vasitə olub, hər Ekspertin öz onluğunu üzə çıxarması üçündü; son qərar isə bu siyahıların müqayisəsindən doğurdu. Amma şəffaflıq naminə açıqlamaq gərəkirsə, ictimai rəyə uduzmağımdan heç də əndişələnmirəm: “Yad dildə” romanı mənim 10-ğumda 12-ci idi (yəni burda heç yox idi)…
Pərvizin “Yad dildə” romanının qələbəsi MKM-ə daha da demokratiklik imici qazandırdı; bütün analizlərə rəğmən, yenə də əgər burda bir Siyasət, oyun aktı görənlər varsa, bu Oyuna getməyə də dəyər. İctimai rəy Ədəbiyyat üçün vacibdir; zira o özü bunu qazana bilməzsə, MKM, ya qeyri adı ilə başqaları ona sahib çıxacaqdır…       
 

Tehran Əlişanoğlu                                                 13-14 iyun 2011

Комментариев нет:

Отправить комментарий