16.06.2011

Təhsil haqqı xalqın belini qırır

Dövlət ali təhsil müəssisələrində ödəniş haqqı kəskin artıb. Bəzi fakültələrdə artım təxminən üç dəfə olub. Indi Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Əhalinin yaşayış səviyyəsi ilə müqayisədə təhsil haqları onsuz da kifayət qədər yüksək idi. Bu da bir çox hallarda təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Çünki təhsil haqqını, eyni zamanda “imtahan sessiyası pulunu” ödəmək üçün bir çox tələbələr işləməyə məcbur olur. Məsələn, paytaxtın, demək olar, bütün şadlıq sarayları və restoranlarında ofisiant işləyən tələbə oğlanlardır. Onlar təhsildən daha çox işə diqqət yetirir. Görünür, təhsil haqlarının artırılması tələbə-ofisiantların sayını da artıracaq. Bəs ümumiyyətlə, təhsil haqlarının bu artımı hansı zərurətdən irəli gəlir?
"Təhsil haqları ilə əhalinin gəlirləri arasında kəskin uçurum var"
Iqtisadçı-ekspert Azər Mehtiyev Azərbaycanda təhsil haqlarının müəyyənləşdirilməsində sistemsizliyin olduğunu deyir. Ali məktəblərin bu qiymətləri necə müəyyən etməsində və nəyin əsasında belə qiymətlərin qoyulmasında heç bir meyar yoxdur. Universitet rəhbərləri istədikləri qiymətləri müəyyən edir və bu təklif Tələbə Qəbulu Dövlət Komissiyasına göndərilir.
Ekspert ali məktəblərdə bu qiymətlərin necə formalaşması ilə bağlı hər hansı işlənilmiş sənədin olmadığını da qeyd etdi: “Son qiymət artımları ilə bağlı məsələdə isə qəribə vəziyyət yaranıb. Universitetlər bildirir ki, onlar qiymət artımı ilə bağlı hər hansı müraciət etməyiblər. Bunu Nazirlər Kabineti edib və o qiymətlərin müəyyən olunmasında universitetlərlə heç bir razılaşdırma, yaxud əlaqələndirmə olmayıb. Istənilən halda Azərbaycanda təhsil haqlarının müəyyən edilməsində sistemin işləməsinə ehtiyac var. Təhsil haqları nəyin əsasında müəyyən edilir? Universitetin özünün səviyyəsi, razılaşdırma səviyyəsi nəzərə alınmalıdır. Universitetin verdiyi diplomun xaricdə nə dərəcədə tanınması məsələsi gündəmdə olmalıdır. Tələbənin hazırlanması üçün çəkilən xərclərin kalkulyasiyası olmalıdır. Təhsil haqqı bunun əsasında müəyyən edilməlidir. Indiki halda bunların heç biri yoxdur. Qiymətlərin müəyyən olunması daha çox çəkilən xərclərə əsaslanır. Bu xərclərin də hər zaman şişirdilməsi ehtimalı mümkündür. Çünki heç bir universitetdə tələbə hazırlığına çəkilən xərclərlə bağlı hesabatlıq, yaxud şəffaf sistem qurulmayıb”.
Ekspert təhsil haqlarının əhalinin cibinə uyğun olmadığını da vurğuladı: “Dövlət pulsuz təhsil sistemi tətbiq etsəydi, ”kimin imkanı var, o, pullu ali məktəblərdə oxusun" prinsipi ilə yanaşmaq olardı. Hərçənd ki, ümumi yanaşma ilə də qəbul edilə bilməz".
A.Mehtiyevin sözlərinə görə, ali təhsildə qiymətlər müəyyən olunarkən mütləq şəkildə əhalinin bu ödənişləri etmək imkanı öyrənilməli və qiymətlər əhalinin yaşayış şəraitinə uyğunlaşdırılmalıdır. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti nəinki orta gəlirlər qrupuna daxil deyil, hətta bundan çox uzaqdır. Belə bir şəraitdə təhsil haqları ilə əhalinin gəlirləri arasında kəskin uçurum yaranır. Artım isə daha çox universitetlərin maraqlarına xidmət edir.
“Təhsil haqqı ölkədə verilən əmək haqlarına, əhalinin gəlirlərinə uyğun olmalıdır"
Tarix elmləri doktoru, professor Cəmil Həsənli hesab edir ki, təhsil haqqı ölkədə verilən əmək haqlarına, əhalinin gəlirlərinə uyğun olmalıdır. Azərbaycanda isə bu istiqamətdə uyğunsuzluq var. Təhsil xərcləri durmadan artır və bu artım da əhalinin gəlirlərinə uyğun deyil.
C.Həsənli belə kəskin artımın əhalinin ziyanına olduğunu da qeyd etdi. Onun sözlərinə görə, təhsil alanlar ciddi çətinliklərlə qarşılaşacaqlar. Bunun üçün kreditləşmə sistemi həyata keçirilməlidir: “Təhsil müəssisələri kredit sisteminə keçməlidir. Normal faizlərlə kreditlər verilməlidir. Ölkədəki banklar təhsilin maliyyələşdirilməsi üçün kreditlər ayırmalıdır. Amma Azərbaycanda bank kreditlərinin faizi çox yuxarıdır. Həmin faizlərlə ancaq narkotik alveri etmək olar. Bahalı layihələrə vəsait ayıran dövlət bu problemləri nəzərə almalıdır”.
"Təhsil haqlarının artırılması camaatın cibini boşaldacaq"
Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, ilk növbədə təhsilin keyfiyyəti artmalıdır. Bunun üçün isə müəllimlərin əmək haqqını yüksəltmək lazımdır.
Ekspertin sözlərinə görə, təhsil haqlarının artırılması mütərəqqi məqsəd güdürsə, bu, effekt verə bilər. Əgər belə deyilsə, bu addım fiaskoya uğrayacaq və camaatın cibini boşaltmağa yönələcək. Ikinci variant daha çox gözləniləndir.
"Azadlıq" qəzeti                      Fizzə Heydərli

Комментариев нет:

Отправить комментарий