15.06.2011

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist – Zemfira Ələsgərova ... (FOTOLAR)


Modern.az xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin hekayətini davam etdirir. Bu dəfəki yazımız Almaniya vətəndaşı ilə evlənən bakılı jurnalist Zemfira Ələsgərovadır. O, hazırda Almaniyada yaşayır.

- Zemfira xanım, jurnalistikada çalışanların bir qismi sizi tanıyır, amma tanımayanlar da çoxdur. Özünüz barədə bir qədər geniş məlumat verin.
- Mən Zemfira Ələsgərova. Bir zamanlar Azərbaycan mətbuatında az-çox tanınan isimlərdən biriydim. Doqquz ildir ki, mətbuatdan uzaqdayam, həm də tək mediadan deyil, eyni zamanda da Vətəndən…

Gözdən uzaq olan, könüldən də uzaq olar deyirlər. Bəlkə də artıq mediada unudulmuşam. Ona görə də tam başdan başlayım. Məni ilk dəfə qələm adamı kimi bir zamanların məşhur mətbuat orqanı olan “Gənclik” jurnalı, rəhmətlik jurnalist Hüseyn Əfəndi kəşf etdi. Orta məktəb illərindən jurnalistikaya marağım vardı, yerli “Abşeron” qəzetində məqalələr yazırdım. Amma peşəkar kimi bu sahəyə “Gənclik. P.S” qəzetiylə gəldim. Sadəcə bir yazı göndərmişdim onlara və heç gözləmədiyim halda məni dərhal işə dəvət etdilər. Və beləcə başladı hər şey- 1993-cü ildə.
Əslində mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmadım - ola bilmədim (bunu çox istədiyim halda), başqa fakültəsini bitirdim. Bizim zamanımızda test sistemi tətbiq olunmamışdı və universitetin “bahalı” fakültələrinə daxil olmaq hər kəsə nəsib olmurdu…
Ancaq bu mənim yaza bilməmə mane olmadı. Ola da bilməzdi, çünki yaza bilmək, yazmaq bir fitri istedaddır və heç bir universitet bunun elmini öyrətmək iqtidarında deyil.
“Gənclik. P.S” maddi sıxıntılar ucbatından bağlandıqdan sonar “7 gün”qəzetində işləməyə başladım, sonra da “Panorama” qəzeti… Ard;nca da digər qəzetlər...
Beləcə müxtəlif mətbuat orqanlarında yazmaq şansım oldu. Çox sevirdim yazmağı, uzun illər sevə-sevə yazdım. Bacardığım qədər obyektiv olmağa çalışdım, haqsızlıqlar qarşısında susmadım. İstər müxalifət olsun, istərsə də iqtidar olsun, eyni dərəcədə tənqid edə bilərdim, yetər ki, çap etməyə hazır mətbuat orqanı bulunsun.
Amma son illərdə bir ümidsizliyə qapılmışdım və nə qədər ağır olsa da vətənimdə, doğulub- böyüdüyüm Bakımda sıxılmağa başlamışdım. Və nə qədər qəribə də olsa, bu mənim həyatımın ən radikal qərarını verməmə səbəb oldu və evlənib Almanyaya getdim.

- Necə oldu ki, xarici vətəndaşla ailə həyatı qurdunuz? 
- Necə oldu da Almaniyaya getdim, bu adamı hardan tapdım? İnanın kı, çox təsadüfi bir olay baş verdi... Bəlkə də klassikləşmiş bir deyim olacaq - qismət, taleh işi…
Çox təsadüfən onun internet saytına girmişdim, maraqlı bulmuşdum, bir-iki şərh yazmışdım. Beləcə ondan da cavab gəlmiş, yazışmalar, fikir mübadilələri bir ay içində onun Bakıya gəlişiylə nəticələndi.
Həyat yoldaşım türkdür, Almaniyada böyümüş, orda oxumuşdur. Necə deyərlər tam bir avropalıdır. 

- Evlənmək çətin, həm də məsuliyyətli işdir. Gərək qarşı tərəfi yaxşı tanıyasan. Güclü və zəif yönlərinə bələd olasan. Xarici vətəndaşla evlənmək qərarı verəndə bunları nəzərə aldınızmı?
- Mən onun evlənmək təklifini qəbul edərkən heç düşünmədim. Sanki Bakıdan Biləcəriyə gedəcəkdim. Heç bir tərəddüdsüz qəbul etdim. Bəlkə də qaçıb getmək, tamam başqa bir həyat başlamaq istəyi, vətəndə qapıldığım ümidsizlik hissi gözlərimi kor etdi. Bəlkə ona hədsiz dərəcədə güvəndim. İndi bunları dilə gətirdiyimdə səhv etdiyimi anlayıram. Çünki qürbətdə yaşamaq çox çətindir. Həyat yoldaşın nə qədər yaxşı bir insan olsa belə, qürbətdə yaşamaq çətindir.

- Vətəndən xarici ölkəyə köçmək, xaricdə yaşamaq sizin üçün çətin olmadı ki?
- Mən bəzən Bakının əyri- üyrü, tozlu-torpaqlı yollarının, basırıq avtobuslarının, dağınıqlığının, qanunsuzluqlarının belə, özləmini çəkirəm. Dəli olduğumu düşünməyin, bu bir gerçəkdir. Kaş ki, heç kim doğulub-böyüdüyü ölkədən getmək ehtiyacı hiss eləməsin. Vətəndə də çətin, vətəndən kənarda da. Nə qədər paradoksaldır?!

- Əvvəllər xarici ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz?

- Hazırda mən Almaniyada yaşayıram. Amma inanın, ağlımın ucundan belə keçməzdi ki, nə zamansa mən Almaniyada yaşayacağam. Əlbəttə ki, insanın xaricdə yaşamaq xəyalları olur, bəlkə çoxları bu hissi yaşamışdır və yaşayır. Ancaq bütün bu xəyalların günün birində həqiqət olması çox dəyişik duyğudur. Bəzən insanın inanmağı gəlmir.

- Həyat yoldaşınız sizinlə evlənəndə onun ailəsində bunu necə qəbul ediblər?
- Mənim həyat yoldaşım türk olsa da, Avropada böyüdüyü üçün fərqli xarakterə sahibdir. Məsələn, bizim ölkəmizdə insanların düşüncə tərzi tamamən fərqlidir. Ölkəmiz demişkən, mən bütün müsəlman ölkələrini, o cümlədən Türkiyəni nəzərdə tuturam. Biz fərqliyiz, Avropa insanları isə tamam fərqlidir. Bu səbəbdən mənim həyat yoldaşım da eyni avropalı kimi yetişmişdir. Onlar çox sərbəst düşüncəyə sahibdirlər. Bizim ölkəmizdə yaşı 25-i keçən qızların (evdə qalmışlar?!) ailə-uşaq sahibi olmaq şansı nə qədər yüksəkdir?
Bunu dilə gətirmək belə istəmirəm. Amma bir avropalı üçün bunun heç bir önəmi yoxdur. Mənim həyat yoldaşımın ailəsi heç bir şəkildə onun mənimlə evlənmək qərarına qarışmadı. Bizdə birinin qızını istərkən ən azından yeddi sülaləsini araşdırırlar. İnsana, insanın duyğularına, hisslərinə dəyər vermək başqa bir insani keyfiyyətdir ki, bu da Avropada var.

- Həyat yoldaşınız və siz: adət - ənənələrlə bağlı hansı fərqlər, hansı oxşarlıqlar var?
- Dediyim kimi Avropada insanlar başqadırlar. Biz heç bir zaman onlar kimi ola bilmərik. Açıqası mən bunu arzulamıram da... Çox örnək olası keyfiyyətləri olsa belə, mən yenə də öz türk toplumumu tərciyə edirəm. Çünki mən belə yetişmişəm, dəyişə bilmərəm ki..?
Mənim həyat yoldaşım Türkiyədə böyümüş - boya başa çatmış bir türklə müqayisədə yerdən - göyə qədər fərqlidir. Onun tək pasportunda türk oldugu yazılıb. Bu səbəbdən onunla adət-ənənələrimiz baxımından hansı fərqlərin və ya oxşarlıqların olduğundan danışmaq yersiz olardı. Mən Türkiyədə də oldum, Almaniyada bütün yaxın rəfiqələrim türk qızlarıdır. Bu baxımdan deyə bilərəm ki, türklərlə bizim həyat tərzimiz eynidir, kiçik-kiçik dəyişik detallardan danişmaga dəyməz. Türkiyə bizim özümüzdür. Mən Türkiyədə yaşasaydım, heç bir qürbət çətinliyi çəkməzdim. Amma bir Avropa ölkəsində yaşamaq çox çətindir.
 Bu dediklərimdən sonra soruşa bilərsiniz ki, əcaba qürbətin çətinliklərindən şikayət edən birisi olaraq nə vaxtsa geri Vətənə dönüb orda yaşamaq istərəmmi?

- Elə onu soruşmaq istəyirdim...
- Təəssüf ki, yox. Mənim bir övladım var, onun gələcəyini düşünməyə məcburam. Mənim vətəndə bu  yaşdan sonra gəlib bir düzən qurmam çox çətin olardı. Orda evim yox, bir normal qazanclı iş təminatım yox. Burda evliyəm, həyat yoldaşım kompüter mühəndisidir, yaxşı işi var. Ancaq günün birində işsiz qalsa belə, alman dövləti dərhal bizi himayəsinə alacaq. Vətəndə təəssüf ki, bizim belə şansımız yoxdur. Tək bu səbəbdən zatən insanlar Avropa ölkələrinə yerləşmək istəyirlər. Çünki heç bir halda dövlət vətəndaşlarını çarəsiz buraxmır.
Elə çıxmasın kı, mən Avropanın ən möhtəşəm ölkələrindən biri olan Almaniyanı aşağılayıram, kiçik düşürürəm. Buna mənim nə həddim, nə də haqqım var. Demək istədiyim bu ki, biz buraya aid deyilik, burda yüz il də yaşasaq, bura insanı kimi olmayacağıq. İnsanlar tək sosial müdafiə üçün bura can atırlar. Yoxsa sanmayın ki, bir demokratik dövlətdə, demokratiyanın hakim oldugu bir ölkədə yaşamaq asandır. Əsla belə deyil, ən azından ona görə ki, gerçək demokratiya hər istədiyini söyləyə bilmək demək deyil.  Kaş ki, hər kəs öz vətənində problemsiz yaşaya bilsəydi…


- Hazırda nə işlə məşğulsunuz?
- Mənim ürəyim doludur, hər şeydən danışmaq istəyirəm. Bu arada Almaniya həyatımı, qürbətdə yaşamağın çətinliklərini, öz vətənimi anladan çox maraqlı (nə qədər təvazökaram?!) kitab yazmışam - alman dilində. Ancaq burda nəşriyyat məsrəfləri o qədər yüksəkdir ki, çap etdirə bilmədim. Bunu bacarsaydım, Almaniyada almanca kitab yazan bəlkə də ilk azərbaycanlı qızı olacaqdım…
Əslində belə bir fikrim heç yoxdu. Amma o qədər canım sıxılırdı ki… İllərlə jurnalistliyi bir peşə olaraq yerinə yetirdiyimi sanırdım. Halbuki, bu bir ehtiyacmış - yazmaq ehtiyacı. Eynilə yemək kimi, içmək kimi. O kitabı yazdıqdan sonra elə rahatladım kí…
Mən burda evdar qadın olmağa məcburam, jurnalist işi tapmaq bir az çətindir, bəzən internet saytlarında almanca yazılar verirəm, amma bundan pul qazanmaq imkanı çox azdır.


Azərbaycanla əlaqəniz hansı şəkildədir, gəlib-gedirsinizmi, mətbuatımızı izləyirsinizmi?
- Azərbaycan mətbuatını da izləyirəm, bilirsiniz internet bizə hər çür imkan verib. Vallah mən elə bir fərq görmürəm, bir irəliləyiş yox sanki, hər zamankı kimi jurnalistə ancaq yazmaq qalır. Bakıya hər gəlişimdə şəhərimin gözəlləşdiyini, hətta bir Avropa şəhəri standartından da yüksək səviyyədə dəyişdiyini görürəm . Amma bu zahiri dəyişikliklər insanların gərçək həyatlarıyla tərs mütənasibdir. Bakımız gözəlləşir, sevinirəm,amma bu yetməz…
Yaxında yenə vətənə gələcəyəm, orda ailəm, var, can dostlarım var. Ümid edirəm ki, bu səfərki gəlişimdə bir az daha xoşbəxt insanlarla, bir az daha ürəkaçan ab-havayla qarşılaşacağam.
Hələliksə Allaha əmanət olun!!!
 
 
 

Adəm Qorxmaz

Комментариев нет:

Отправить комментарий