15.06.2011

Yağız qarışqalar


“Yağız və boyuz qarşıdurması, iki inancın qarşıdurması idi. Doğru ilə yalanın, özgürlüklə əsarətin, eşitliklə zülmün”.
Güntay Gəncalpa özgü bir romanla qarşı-qarşıyayıq.
22 may ərəfəsində bitirdim romanı.
Romanda qarışqaların timsalında iki varoluşun, iki inancın, iki baxışın qarşıdurması verilib.
Boyuzlar əzən tərəf, yağızlar isə əsarətdə olan tərəfdir.
Halbuki, həmin torpaqlarda (romanda Limlidə) minilliklər ərzində eşitliyin, dəyərlərə sayğının hökm sürdüyü yağız hökmranlığı olmuşdur.
Alpərənlik dəyərlərinə əsaslanan yağız hökmranlığı.
Alpərənlik 7 qurala əsaslanır: 1- Dözgə. 2- Ərgə. 3- Sezgə. 4- Bilgə. 5- Birgə. 6- Sevgə. 7- Çözgə.
Romanın qısa xülasəsi belədir ki, artıq boyuzlaşaraq kimliklərini itirmək təhlükəsini dərk edən bir neçə yağız qarışqa vaxtilə boyuzlarla savaşıb alpərənlik sirlərini qoruyub saxlamaq üçün uzaqlara getmiş Bilay dədəni taparaq ondan unudulmuş yağız inancının, yağız kimliyinin sirlərinə yiyələnərək geri dönürlər və uzun sürən savaşdan sonra qalib gəlirlər.
Romanda diqqət çəkən bir məqam var.
Alpərənliyə yiyələnən yağızlar geri döndüklərində milyonlarla gözlədikləri halda minlərlə yağız onların ətrafına toplaşır və ilk savaşda yağızlar məğlub edilirlər.
Bu onlar üçün acı təcrübə olur.
Çünki sonradan romanda da anlatıldığı kimi, milli kimliyi dərk etmədən, özgür ruha yiyələnmədən, boyuzlaşmadan xilas olmadan mücadilə aparmaq uğursuzluqla sonuclanacaqdır.
Özgürlük yolunda ilk işin basqılara rəğmən milli kimliyə sahib olmanın gərəkliliyini göstərir.
Milli kimliyə gedən yol isə dildən keçir.
Ana dili ilə bağlı romanda belə bir cümlə var: “Tarixi anılarımızı öz gizəmli qatmanlarında barındıran tək varlığımız dilimizdir. Hər bir sözcük sanki canlı bir yağız kimidir. Bir yağız öldüyündə üzülərik. Dilimizdən bir sözcük itirildiyində, bəlkə o üzgünlüyü hiss etmirik. Ancaq yağız dilində bir ağrı və sancı hiss olunar. Bu sancılar düşüncələrimizin yanlış yola yuvarlanmasına nədən olur. Biz bunun bilincində olmuruq. Yağızların dili boyuzlaşırsa, yağız düşüncəsi də qaranlıqlara gömülər”.
Tam doğru bir düşüncədir.
Dilimizdə ərəb dili nə qədər çox olduqca ərəbləşərik, ərəb inancını daşıyarıq, fars dili çox olduqca boyuzlaşaraq əriyib yox olarıq.
Romanın üstün tərəflərindən biri də arı türkcədə yazılmasıdır.
Hansı ki, o sözlərin çoxu hazırda dilimizdə işlənməyərək, əski sözlüklərdə öz varlığını qoruyub saxlayır.
Bu sözlərin dilimizə qaytarılmasının yolu məhz ədəbiyyatdan keçir.
Digər yazarlarımızın da bu işi davam etdirməsi gərəklidir.
Sonuc olaraq, romanda çıxan bir gerçəkliklə qarşı-qarşıyayıq.
Güney Azərbaycanın bağımsızlığı üçün savaşdan öncə aydınlanmaya ehtiyac vardır.
Dilqəm Əhməd

Dilqəm Əhməd

Комментариев нет:

Отправить комментарий