Страницы

03.10.2011

Həyata qarşı

Arzu Abdulla

Hər zaman yaşamın axarı ilə get. Əsla, axara qarşı getmə, axardan sürətli olmağa çalışma! (Oşo)

Amma bu müdrikin kəlamlarını vecinə almayanlar çoxdur. O zaman sual olunur-həyata qarşı gedənlərin cəzası nə? Ağırdır, bu cəza, çox ağır. Ən azında təklənmə. Bəli, axara qarşı gedənlər bütün zamanlarda və bütün məkanlarda tənha qalıblar. Bu tənhalıq çox çətindir. O an ağlınıza Aqil M. Quliyevin çəkdiyi kliplərdəki sahillə birgə qaçan tənhalar gəlməsin. Həyata qarşı gedənlərin tənhalığının arxasında təkcə təklik deyil, bundan daha dəhşətli nəsnələr var. Unudulmaq, tərk edilmək, hələ tənhalıq deyil. Atılmaq, xatırlanmamaq da tənhalıq deyil. Əsl tənhalığın arxasında bilirsizmi nələr dayanır? Haqsızlıq, ətrafda hamının sənin üzünə tutuduğu qəlblərindən böyük yumruğu, ən yaxınlarının “dəlidir” deyib keçməsi… budur əsl tənhalıq…
Həyata qarşı gedənlərin cəzası böyük. Bu üsyana qalxmışlarla həyat daima oynayır. Onları başqaları kimi, axara qoşulub axanlar kimi öləndən sonra dərhal unutmur.
Həyat Zaman adlı dostuna qoşulub axara qarşı gedənlərlə daima məzələnir. Onları bu günə gətirib, təriflətdirir, sonra geri qaytarır, yenidən unutdurur. Bu unudulmaq artıq axara qarşı gedənlərin sağlığındakı tərk edilməkdən, unudulmaqdan daha dəhşətli olur. Bu unudulma onların sağlığındakı kimi təkcə qəlbini göynətmir, bu unudulma onların ruhunu yandırır. Offf, bu yanğı çox acıdır. Axara qarşı gedənlərin sağlığında tez-tez bu yanğının tüstüsü, adam iyi gələn tüstüsü gəlir burunlarına. O anda diksinirlər. İndiyə qədər onlara dəyən heç bir zərbə bu qədər güclü olmur. Sanki huşunu itirmiş adamın burnuna naşatır sipirti tuturlar.
…axı sağlığında bu adamlar ancaq ruhlarını bəsləyiblər-hər iki dünya üçün. Palaza bürünüb, ellə sürünənlər ruhlarını öldürüb, gödənlərini bəsləyəndə bu üsyankarlar ruhsal aləmlərini bəsləyiblər.
Amma bir də gördün budur, tarix axara qarşı gedənləri min ildən sonra ortaya çıxartdı. Aha, artıq hamı bu adama pərəstiş edir, hamı, hamı. Axı bu adam dəbdədir. Bir dəfə geyim mağazasında bir qızın anasına inadla Çe Gevaranın şəkli vurulmuş çəkələk almasını təkid etdiyini görəndə sevindim. Bu boyalı yeniyetmənin Çe Gevaraya sevgisinə sevindim. Hər halda bu qız Mahsun Qırmızıgülün “Aşka sürgün” qəhrəmanlarının şəklini istəmirdi. Amma qəfil qızdan eşitdiyim bu sözlər məni üşütdü: “Ay mama, bu saqqallı kişinin şəkli indi moddadır, çuşka olma”.
Hə, həyat axara qarşı gedənlərlə bax,  belə məzələnir. Onlar unudulduqları kimi tarixin müxtəlif anlarında geri dönür, xatırlanır, sevilir, qəhrəmana çevrilirlər. Bəzən isə əksinə olur. Onlar min il sonra yenidən düşmən kimi skandal yaradır. Sizcə, bu gərəkdirmi onlara? Qətiyyən!
Cismani dünyamızda onlar cisimləri üçün deyil, ruhları üçün çalışırlar. Bu an düşünün, artıq ruh dünyasında onların cismanı nələrəsə ehtiyacı varmı? Yox, yoxdur. Onlar, həm burdakılar, həm ordakılar Tanrının onlara əmanət verdiyi ömürü fərqli yaşadılar, çox fərqli. Qoyun kimi ancaq yemək dalınca hara gəldi özlərini soxmadılar. Təmiz qaldılar, tərtəmiz. Tanrının yanına üzü ağ getmək üçün. Şəffaf, tərtəmiz vücudları isə ruhlarının rəngini əks etdirir. Bu çox gözəldir, günahsız, üzü ağ. Axı HAQQ uğurunda döyüşənlər HAQQIN ən yaxın dostlarıdır. Onlar elə HAQQIN seçdikləridir, minlərin içindən sevib, seçdikləri. Tanrım, sevgin kutlu olsun!

xeber.info

Комментариев нет:

Отправить комментарий