Страницы

11.11.2011

Faizlərin faizinin faizi


Alı Vüsal
Professional Oxucu Liqası

Firma dərmanları xəstəni sağaltmaq üçün yox, onu ömrü boyu müalicəyə düçar etmək üçündür

 Atalar sözü var, qurdun adı çıxıb, çaqqal var baş kəsir. İndi biz də başlamışıq təhsil belə gəldi, səhiyyə belə getdi, bu idarələrdə rüşvətxorluq belə tüğyan elədi, o birisində korrupsiya idarəni porsuq kimi didib-dağıtdı. Amma sən demə, elə işlər var imiş, oradakı gəlhagəl belə işlərin yanında heç nə imiş.
 İndiki həkimlər xəstələrə elə bahalı dərmanlar yazır ki, dərmanın qiymətlərinə baxanda həmin şəxsin bütün xəstəliyi yadından çıxır. Səbəbini də sən soruşmamış deyəcəyəm. Sən demə, həkimlər bəzi dərman satan işbazlarla birləşib həmin dərmanların satışından xeyli faiz götürürlər.

Əvvəllər xəstə dərmanın yanına gedirdi, indi dərman xəstənin yanına gedir. Belə ki işbaz dərman satanlar gəlir bəzi bərkgedən həkimlərin yanına və razılaşırlar ki, düz gəldi-gəlmədi bizim firmanın dərmanlarından yaz xəstələr üçün. Pul ola, həkim ola! AzərbayCan həkimi də ağına-bozuna baxmadan xəstənin resseptini həmin dərmanlarla doldurur, özü də bu işdən gələn qazancın 15-20 faizini götürür. Əvvəllər 1 manata olan dərman firma dərmanı olandan sonra olur 7-8 manata, 5 manatlıq olur 25 manata. Bir parodiyada deyilmişkən, xəstənin sazı olur kontrabas.
 Hələ insafı itirməmiş bəzi həkimlər deyir ki, bu firma dərmanları xəstəni sağaltmaq üçün yox, onu ömrü boyu müalicəyə düçar etmək üçündür. Bir çox həkimlər- ginekoloqundan cərrahına qədər, bu alverdən bəzən ayda 1-2 min manat qazanır. Gözgörəsi soyğunçuluq baş alıb gedir, xalqın gələcəyi təhlükə altına düşür.
 İstəsələr bu cür neqtiv halları bir dəfəyə aradan götürərlər. İstəmirlər, qardaş. Baş həkim, hüquq mühafizə orqanları bir-iki nəfəri sınaq üçün, şərti “klient” sifəti ilə, yəni narkotik alverçilərini tutduqları kimi, yollasınlar həmin həkimlərin yanına, görsünlər ki bizim ağ xalatlılar xəstələri necə qara günə qoyur, onların anasını bu firma dərmanları ilə necə ağladırlar.  Amma eləməzlər. Çünki həmin faizlərin faizlərindən onlara da faiz gəlir. Elə deyilsə, göstərsinlər məharətini.

 O gün maşınla keçirdik, gördük polislər bir jurnalistin qolunu burub, polis maşınına salmaq istəyirlər. Yanımdakı deyir, ola bilər jurnalist olduğunu bilməyiblər. Ola bilər. Çünki bunların bəzisi kitab-dəftəri elə itirib, rayonun ziyalısı kimdir, ağsaqqalı kimdir, keflərinə deyil. Bunların tanıdıqları ancaq iş verənlər, qədim peşə sahibləri, narkotiklə adam şərləyənlər, evyıxanlar, onlar üçün vaxtaşırı bazarlıq edənlərdir. Ziyalı onların nəyinə lazımdır ki, tanısınlar.

Комментариев нет:

Отправить комментарий