Страницы

14.11.2011

Füruğ Fərruxzad. Şeirlərindən seçmələr

”Və yaralarımın hamısı eşqdəndir ” deyən Füruğ bir avtomobil qəzasında öldü.

CÜT


Axşam çökür
Və axşamdan sonra qaranlıq
Və qaranlıqdan sonra
Gözlər,
əllər,
nəfəslər, nəfəslər və nəfəslər…

 və şırnaqdan damcı – damcı tökülən
suyun səsi…


Sonra
Iki qırmızı nöqtəsi
Yanan iki siqaretin…


Saat əqrəblərinin səsi…

Və iki ürək
Və iki tənhalıq.

(Yenidən Doğuluş)

GÜNAH

Günaha batdım; zövq dolu bir günaha
Titrəyən və şəhvətli bir bədənin yanında.
Tanrım! Nə bilim neylədim mən,
o qaranlıq və səssiz guşədə.

O qaranlıq və səssiz guşədə
Baxdım onun sirr dolu gözlərinə.
İstək dolu gözlərinin yalvarışı ilə
Qəlbim taqətsiz titrədi köksümdə.

O qaranlıq və səssiz guşədə
Pərişan yanında oturdum.
Dodağından həvəs töküləndə dodaqlarıma
Divanə ürəyimin kədərindən qurtuldum.

Bir eşq nağılı pıçıldadım qulağına:
Səni istəyirəm ey sevgili.
Səni istəyirəm ey qoynu cənnət guşəsi,
Səni ey divanə aşiqim, səni…

Arzu alovlandı gözlərində,
qırmızı şərab rəqs etdi qədəhdə.
Yumşaq yatağın ortasında bədənim
Məstanə titrədi köksü üstündə.
Günaha  batdım; zövq dolu bir günaha
isti, atəşli bir qucaqda.
Günaha işlədim yandırıb yaxan,
kin tutan, dəmirdən qollar arasında.

(Divar)

BİR ANLIQ

Hələ nə qədər getməliyəm görən
bir diyardan başqa bir diyara?
Gedə bilmərəm. axtara bilmərəm hər zaman
eşqi və başqa bir sevgilini.

Biz kaş iki qaranquş olaydıq
bir bahardan başqa bir bahara
ömrümüz boyunca uçan.

Ah, çox gecdir artıq
Üstümə çöküb elə bil
ağır bir buludun qapqara parçaları.

Öpüşünə bulananda
Dodaqlarımın üstündə adətən
Canagəlir bir anlıq ətir.

Elə bulanıb ki, qəmli eşqim yox olmaq
Qorxusuna
Titrəyir bütün varlığım sənə baxanda.

Bir pəncərədən
yarpaq dolu sevgili ağacıma,
xəzan sarısının atəşinə baxan kimi…

Axarsuyun üstündə sürüşüb gedən
qarışıq bir təsvirə baxan kimi…

Gecə və gündüz
Gecə və gündüz
Gecə və gündüz

Qoy
unudum.

Nəsən sən bir andan,
Gözlərimi şüur vadisində açan
bir andan başqa?

Qoy
unudum.

Tərcümə: Oktay Hacımusalı

Комментариев нет:

Отправить комментарий