07.01.2012

Abbas Səhhət. NİDAYİ MİLLƏT

 VƏTƏN
   

   Könlümün sevgili məhbubu mənim

   Vətənimdir, Vətənimdir, Vətənim.

   Məni xəlq eyləmiş əvvəlcə xuda

   Sonra vermiş vətənüm nəşvü nüma.

   Vətənim verdi mənə nanü nəmək,

   Vətəni, məncə, unutmaq nə demək?!

   Anadır hər kişiyə öz vətəni:

   Bəsləyib sinəsi üstündə onu.

   Südüdür kim, dolanıb qanım olub,

   O mənim sevgili cananım olub,

   Saxlaram gözlərim üstə onu mən

   Ölərəm əldən əgər getsə vətən.
   

   Vətənin neməti nisyan olmaz,

   Naxələflər ona qurban olmaz.

   Vətən - əcdadımızın mədfənidir.

   Vətən-övladımızın məskənidir

   Vətənin sevməyən insan olmaz,
 
   Olsa, ol şəxsdə vicdan olmaz.
    

 SABİR


   Sabir, ey aləmi-xəlqə tərcüman!

   Ey hər anda kasə-kasə zəhr udan!

   Ey qoca bir qövmə ağlarkən gülən,

   Naləsilə xalqı dağlarkən gülən.



   Gülməyində qanlı-qanlı giryələr

   Hər müsəlman könlünü məhzun edər.

   Qəm sənə ol qədr təsir eyləmiş,

   Giryəni hüznün gilovgir eyləmiş.



   Bir acı gülmək olub ondan əyan,

   Kəsrəti-alamını eylər bəyan.

   Şerdə tərhi-növ icad eylədin,

   Qoqolu, hüqoları yad eylədin.



   İqtidari-şairanən faşdır,

   Sən günəşsən, hasidin xəffaşdır,

   Etmərəm qaib səvadi-naməni,

   Ruhbəxş əsari-novgi-xaməni.



   Xatirim şerinlə şirinkamdır,

   Layiqi-təqdiri-xassü amdır.

   Tərzü üslubi-bəyanın sadədir,

   Cəzbi-qəlb etməkliyə amadədir.



   Xassdır bu şiveyi-rövşən sənə,

   Mərhabılar, Sabirim, əhsən sənə!

   Ey mücəssəm duyğu, ey ülvi bəşər,

   Ey çamurluq içrə düşmüş saf zər,



   Tənü lən eylərsə hər nadan sən,

   Ya müsaid olmasa dövran sənə,

   Qəm yemə, təxfif ver alamına,

   Az çəkər, heykəl yaparlar namına.
   


 
  ÖZLƏRİNİ SEVƏNLƏRƏ 


   Tutalım çox ağıllı tacirsən,

   İş aparmaqda xeyli mahirsən.

   
İqtidarın, malın, pulun çoxdur,

   Xalqa ondan vəli kömək yoxdur.

   Sandığında var isə miloynlar,

   Nəf görmür əgər müsəlmanlar,

   Tüf sənin mülkü malü dövlətinə.

   Həm sənə, həm də şənü şövkətinə!



   Pəhlivanlıqda gər müsəlləmsən,

   Fərz edək Zal, ya ki, Rüstəmsən,

   Etmisən şanlı-şanlı fəthü zəfər,

   Tapmısan aləm içrə şöhrətlər,

   Xəncərin qorxudursa dünyanı,

   Millətin olmasa nigəhbanı,

   Tüf sənə, həm sənin rəşadətinə,

   Həm də şəmşirinə, şücaətinə!



   Gər adın bir ədibi-danadır,

   Qələmin möcüzi-Məsihadır.

   Nəzmü təlifdə hünərvərsən,

   Ya ki, bir şairi-süxənvərsən,

   Sənə mafövqdən gəlir ilham.

   Nəf görmürsə firqeyi-islam,

   Tüf sənə, həm sənin kitabətinə,

   Həm də təqririnə, fəsahətinə!



   Yox isə tay sənə məharətdə,

   Müxtəresən fünunü sənətdə,

   İşləməkdən qolun yorulmaz isə,

   Vəli islama nəf olmaz isə,

   Kəndi nəfsinçin iləyirsən əgər,

   Verməyirsən ümumə faidələr,

   Tüf sənə, həm sənin məharətinə,

   İxtira etdiyin sənaətinə!



   Sən ki, darülfünun qutarmışsan,

   Elmdə intəhaya, varmışsan,

   İsmü rəsmin cahanı tutmuşdur

   Amma islamını unutmuşdur,

   Sənə möhtacdır müsəlmanın,

   Razı olmur vəli cibişdanın,

   Tüf sənin elmü fənnü hikmətinə!

   Həm sənə, həm də ol fəzilətinə!



NİDAYİ MİLLƏT YAXUD AMALI-VƏTƏNPƏRVƏRANƏ
   

   Ey əhli-vətən, tərk eləyin büğzü ləcuci!

   
Bir dəm arayın halımıza rahi-əlaci!

   Sönmüş vətənin sərsəri-cəhl ilə siraci,

   Vicdanları təlx etdi qəmin, məsləh əcaci,

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Yaran, yığılaq bircə quraq məclisi-matəm,

   Öz halımıza eyləyəlim növhə dəmadəm.

   İslamın olubdur necə gör rövnəqi bərhəm.

   Nifrət edir islamın adından bütün aləm.

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Qəflət yetər, agahi-təqazayi-zaman ol!

   Hali-vətənü milləti gör, əşkfəşan ol!

   Cəhd eylə təriqi-hünərü elmə rəvan ol!

   Mərdanə bu meydanə cəladətlə divan ol!

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Bir eylə təfəkkür, necə gör xab olub islam,

   Ənvai-bəlayaya giriftar olub islam,

   Biizzətü bihörmətü biar olub islam,

   Ancaq quru bir ada nigahdar olub isləm,

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Bəsdir bu qədər xabi-cəhalətdə ki yatdıq,

   Millət üzünə babi-tərəqqini qapatdıq,

   Əslafımızın hörmətü heysiyyətin atdıq,

   Şəni-vətənü milləti biganəyə satdıq,

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Ətfi-nəzər et, gör necə tutmuş bizi kabus -

   Kim, səlb olunub qeyrəti-milliyyətü namus.

   Ey taleyi-mənhus! Əcəb etdin bizi məyus.

   Eyvah! Tərəqqi ediriz, gör necə məkus.

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!



   Afaqi tutub qülğüleyi-bangi-cəzaid.

   Əqsami-tərəqqivü təalivü fəvaid.

   Amma olur islamda qəflət mütəzaid.

   Bu dərdə edin çar əki, Səhhət ola aid,

   Milliyyəti yad eyləyin, ey milləti-naci!

   Pək təhlükəli xəstədir islam məzaci!

 

   ***

   Ey vətən, getmə ki, əldən gedəriz!

   Biləriz fərz sənin xidmətini!

   Nəqdi-can eşqinə isar edəriz,

   İstəriz vəzi-fəlah heyətini!


   NALEYİ-TƏHƏYYÜR YAXUD MİLLƏTƏ XİTAB
   

   Nə idin dün, nə olmusan bu zaman?

   Millət, ey baisi-həyati-vətən!

   Oyan, ey milləti-əziz, oyan!

   Sənə vabəstədir nicati-vətən.



   Nə idin dün, nə olmusan əknun?

   Gün ki, çoxdan çıxıb nə çox yatdın?

   Millət, ey sübh ulduzum, nə üçün

   Bir işıqlanmaq ilə tez batdın?



   Nə idin dün, nə olmusan, ey vah!

   Sən ki, dünyaya pərtövəfkən idin.

   Olmusan indi qanlı zülmətgah,

   Sən ki, afaqa şəmi-rövşən idin?



   Nə idin dün, nə olmusan, yarəb!

   Hanı, ey vah, o şan, ol şərəfin?

   O işıqlı günün olubdur şəb,

   Bərhəm etməz cahanı vaəsəfin.



   Nə idin dün, nə olmusan, əfsus!

   Gec oyandın bu qəmli röyadan.

   Yoxsa tutmuş məgər səni kabus?!

   Açıl, ey sübh, leyli-yeldadən!



   Nə idin dün, nə olmusan hala?

   Gül kimi bir zaman açıl, çiçəyim.

   Dövr elə əzmi-ovci-istela,

   Xaliqimdən budur mənim diləyim.



   Nə idin dün, bu gün nə oldun sən?

   Hürr ikən əbdi-natəvan oldun.

   Niyə bəs qönçəlikdə soldun sən?

   Ey baharım, nə tez xəzan oldun?
   

   QIŞ


   Payız çatanda axırda boranlı, qarlı qış yetər,

   Soyuq, yağış, küləkli qar xəlaqi məlul edər.

   
Havanın onda artırar soyuqluğunu günbəgün,

   Ağacların vərəqləri düşər, xəzəl olar bütün.

   Donar şirin sular bütün, düşəndə şaxta onlara,

   Məşəqqət ilə sındırıb qarı yığarlar ambara.

   Dəyirman işləməz, donar, gəliş-gediş çətinlənər.

   Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr.

   Qopanda qarlı fırtına cahanı tarmar edər,

   Qırar, yıxar ağacları, qiyamət aşikar edər.

   Sükuta dalıyor meşə, cahanı başqa hüzn alar,

   Qar üstə ol zaman fəqət qırıldaşar da qarğalar.

   Qaçarlar isti yerlərə tamam quşlar ol zaman.

   Bizimlə qışlayar fəqət dolaşa, sərçə, çağsağan.

   Geyər cırıq bürünməsin soyuqda titrəyər, əsər,

   Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər.

Комментариев нет:

Отправить комментарий