08.01.2012

Çoxüzlü Yanuslar üçün


Трехликий ЯнусCavidan

Dinsizsən, dinlisən, liberalsan, radikalsan, deistsən, ateistsən, adamsan, insansan, mutantsan, gibridsən, yarımçıqsan, hər nəsən, amma nolar, qarıldama...baş-beynimiz getdi daha!
Местный житель
Son günlər virtual aləmin harasına baxırsan, hansı tərəfinə boylanırsan, görürsən ki, kimsə dinli, kimə də dinsiz olmasını gözə soxuşdurur, hər kəs sanki özünü böyük bir səhnədə solo ifa edən hiss edir və bu solo ifasında mütləq həmin adam ya İslama qarşı, ya da İslamaqarşılara qarşı göstərir.
Nə baş verir, xanımlar və bəylər?!

İndiyə kimi şərab içib meyxoş olub sərməst düşərək şeirlər, poemalar, dastanlar, daha nə bilim  nələr qoşub-qarışdıranlarımız indi cəh-cəhlə İslam dininin ehkamlarına binayi-qədimdən bağlı olmaqlarını car çəkirlər, heç demə bu insanlar bizim bu qədər vaxtı  bir arada-bir sırada dayandıqlarımız deyilmişlər, biz neçə zamanlar imiş ki, İlahinin saf və mömün mələkmisallarıyla çiyin-çiyinə yazarlıq edirmişik, eyvah, bunlar pakətəklərmiş ki, Peyğəmbər səhabələrinə yaxınlıqlarıyla Allah dərgahında mütləqül-hakim dərəcələri varmış, bəs biz - karlar və korlar, könlümüzüə, qulaqlarımıza möhür basılmışlar bilməmişmişik illər boyu Allahın bizi bu pak mələklərinin mübarək mövcudluqlarının bizim üçün iki dünya boyunca şərəf və fəxr olmasını da!
Vay bizlərin halına!
Vay ki, ikinci bir qisim yazarlarımızı da indiyədək Aydan arı, Sudan duru bildiyimiz halda, haqq-ədalət, azad söz, ilahi bərabərlik, insani ləyaqət, məhəbbət və mərhəmət casrçıları kimi tanıdıqlarımız indi peyğəmbərlərə, müqəddəs kitablara, Kainatın sarsılmaz sütunlarına qarşı çıxırlar, sən demə, bunlar elə əzəldən evlərində nənələrinin canamazlarını görüb həmən küçəyə tullayanlar imiş, babalarının Quran kitabçalarını təndir gözünə atıb yandıranlarmış, sən demə, bunlar yaşadıqları kəndlərdə, obalarda ən yaxın adamlarının cənazə mərasimləri vaxtı mollanı yaxına buraxmır, mürdəşiri təpikləyir, axundla əl tutanda cəld hamamlanıb qüsullanırmışlar, sən demə, Məhərrəm ayına salıbmış hamısı toylarını, Aşurada mütləq diskotekaya gedənlərmiş, Qurban və Ramazan bayramlarında kimsəni təbrik etməz və kimsədən təbrik qəbul etməzmişlər!
Vay sizlərin halına!
Vay ki, sizləri adam balası kimi bir dəfə də olsun ədəbiyyatın bir küncünə yığmaq və ölkənin söz sərvətini dünyaya çıxarmaq, tanıtdırmaq üçün birgəliyə cəlb etmək olmadı!
Vay ki, sizlərin hər birinizin dabbaqda gönünə bələd olanların əllərində birdəfəlik istifadə üçün gərək olduğunuzdan utanmırsınız!
Vay ki, bu ölkədə hələ də sizlərə aldananlar, inananlar, uyanlar var...
Bu dəhşətdi!
Bu dəqiqə heç biriniz illərlə birgə çörək yediyiniz, qapısından Allah salamı verib girdiyiniz ən yaxınlarınızın belə bir gün sizə qarşı olacağından sığortalanmamısınız!
Biabırçılıqdı bu!
Allah bu dünyaya dinləri zamanlara və məkanlara görə payladı, insanlığın həyatı üçün nizamnamələr yolladı, bəlli bir yol göstərdi hər məkan və hər zaman üçün, bir-birinizə qardaş olaraq, yoldaş olaraq yaşayasınız və sonunda Ona dönəsiniz deyə!
Nəyinə lazımsınız Onun bu halınızla?!
Heç bir dini digərinə düşmən kimi vermədi, bunları bir-birinə düşmən bilən, bir-birinə düşmən edən hər kəs lənətini almağa məhkumdur, bilmirikmi?
Hamınız yalan danışırsız, hamınız!
Gözlərimizin içinə baxa-baxa, gözlərinizin içinə kimi yalan danışırsınız!
Dinlər Allaha aparan yollardı, dindən danışan adamın söhbəti Allaha yaxınlaşdırmalıdı adamı, iyrəndirməməlidi insanlıqdan da, mənəviyyatdan da, bəşərilikdən də.
Mənim sizlər kimi avara-avara ədəbi tədbirlərdə, redaksiyalarda, təqdimatlarda və s. dolaşmaq kimi bir lüksum yoxdur, yoldaşlar, kəndin bir küncündə, dörd divarın arasında bircə noutbukum var, onunla internetdən xəbərləri, ədəbiyyatı izləyə bilirəm, vəssalam, amma hər gələndə bir laqqırtı, hər baxanda bir sırtıqcasına ağ yalan, hər boylananda bir abırsız üzəduranlıq görməyə məhkum eləmisiz adamı, belə olmaz axı?!
Bu gün dözmədim, facebookda bu statusu paylaşdım:

Allahdan bəhs etməyən və Ona gətirməyən söhbətlərin hamısı qarğaların qarıldaşmasından başqa bir şey deyildir. Dinsizsən, dinlisən, liberalsan, radikalsan, deistsən, ateistsən, adamsan, insansan, mutantsan, gibridsən, yarımçıqsan, hər nəsən, amma nolar, qarıldama...baş-beynimiz getdi daha! 

Sabah məni məcbur eləməyin, Çoxüzlü Yanus deyim sizlərə, bəziləri üçün hətta Y hərfini çıxmaqla da!


Комментариев нет:

Отправить комментарий