07.01.2012

Ədalət Salman, biz gecikməmişik ki?


Əbülfət Mədətoğlu

Dünyanın rənglər çalarında nə qədər diqqət yetirsən də sözü, sözün rəngini seçib müəyyənləşdirə bilmirəm. Çünki söz o qədər rəngbərəngdir ki, onu yalnız ovqata, məqama uyğun bir rəngdə görmək mümkün olur. Təbii ki, bu mənim şəxsi fikrimdi və mən düşünürəm ki, hər bir söz onu dilə gətirənin, onu ifadə edənin özünü təqdim etməklə yanaşı, həm də sahibinin sevdiyi rəngdə görünür. Bu mənada Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin, Hüseyn Arifin sözlərinin rəngini bir qədər uyğunlaşdıra bilirəm. Yəni bu müəlliflərin fəlsəfəsiylə, sevgisiylə, təbiət tərənnümüylə bir kəsişmə nöqtələri var. Onların sözü məhz həmin o nöqtəyə gəlib bir-birinə "salam!" verib gedir.

Və yaxud Məhəmməd Hadinin, Xəlil Rzanın, lap elə bugünkü şairlərimizdən Ramiz Rövşənin, Rüstəm Behrudinin, Vaqif Bayatlının, Vaqif Səmədoğlunun sözlərində də mənim bir nöqtədə qovuşdurduğum məqamlar var. Bax, bu mənada mən sözün rənginin olub-olmamasının sahibinin, qələm adamının ruhuyla, dünyaya baxışıyla, ovqatıyla əlaqələndirirəm.
Neçə gündür bir kitabı mütaliə edirəm. Yazı stolumün üstündədi. Az qala 100 səhifəyə yaxın olan bu kitabı əvvəl seçmə qaydada, yəni adda-budda, sonra ardıcıl, nəhayət sondan əvvələ oxuyub başa çıxmışam. Oxuduqca da özümdən asılı olmadan qəribə hislər yaşayıram. Və həmin o hisslər də mənə məşhur bir deyimi xatırladır. Həmin deyimi ədəbiyyatçılar yaxşı bilirlər - "Qoqolun şinelindən çıxmaq"
...
Bəli, bu şeirlər və onun yaratdıqları ovqat məni həmyaşıdım, eyni dövrdə ədəbi aləmə öz sözü ilə gələn Ədalət Salmanın sözünün rəngini arayıb-axtarmağa çəkib apardı. Həmin ünvana ki, mən də ordan keçib gəlmişəm. Ədəbiyyat, söz bizləri eyni yolun yolçusu edib. Sadəcə az-az görüşsək də, sözlərimiz həmişə bir-birimizin yanında olub, bir-birimizdən xəbər aparıb gətirib. Elə bu günlərdə Ədalət Salmanın "Gedək, bəxtim, əlini ver" şeirlər kitabı əlimə düşdü. Onun bu təzə kitabının redaktoru qələm dostum Faiq Balabəylidi. Kitabı oxuduqca sözün rəngi barəsində düşündüyüm məqamda gözüm kitabın çap edildiyi nəşriyyatın adına sataşdı. Çox maraqlıdı, "Sözün işığı"!!! Bilmirəm, bu ruh yaxınlığıdı, yoxsa təsadüfdü. Amma hər nədisə doğrudan-doğruya o məndə xoş bir ovqat yaratdı, içimdə bir rahatlıq hiss etdim. Və bunun ardınca qələm dostumun ilk şeirinin adı da mənim üçün lap çiçək çırtlatdı - İlahi, sən bizi sözə bağışla!..

   İlahi, sən bizi sözə bağışla,
  
   Sözlə yediririk balamızı da.
  
   İlahi, sən bizi bizə bağışla,
  
   Onsuz da çəkirik bəlamızı da.


Bəli, bu qəribə təsadüflər məni əməlli-başlı kitabdakı dünyanın ən dərin guşələrinə çəkib apardı. Getdiyim yolda qeyri-adi mənzərə, bir gülüstan, bir çəmənzar gördüm. Və bu gülüstanda, bu çəmənzarda şeirlərin hər biri mənə müxtəlif gülləri, çiçəkləri xatırlatdı. İlk qarşılaşdığım boynubükük bənövşə oldu və şair qardaşımın misraları məhz həmin bənövşə kimi məsum görkəmi ilə pıçıldayırdı. 

 
   Mənim tanıdığım öz dünyam vardı,
  
   Müqəddəs sandığım söz dünyam vardı.
  
   Halal dünyam vardı, düz dünyam vardı,
  
   Məni yaşamağa qoymadı dünya.

   
   
Və yaxud:

   Üzünə kim dedi qəbahətini,
  
   Gördü bu dünyanın xəyanətini.
  
   Niyə ucuz tutdu Ədalətini,
  
   Niyə yaşamağa qoymadı dünya?


Belə götürəndə poetik sualdı. Amma sualın iç qatına düşəndə onda həmin o bənövşə məsumluğunun boynubüküklüyünün səbəbləri də ortaya çıxır və məlum olur ki, "Zəmanə adamı ola bilmirəm" fikri elə-belə yaranmayıbdı. Məhz elə o zəmanə adamı ola bilməmək Ədaləti də, məni də, bizim kimi düşünənləri də zəmanə adamı olmağa qoymur. Zəmanə adamı ola bilməmək isə yaşaya bilməməyin açıq düsturudur. Onun üzərində baş sındırmağa dəyməz. Çünki biz zəmanə adamı da olmaq istəmirik. Əgər istəsək, onda bu misraları kağıza köçürə bilmərik.

   Bu dünya malına sanma əyilləm,
  
   Heç vaxt vüqarımdan dönən deyiləm.
  
   Öz halal yolumdan dönən deyiləm,
  
   Zəmanə adamı ola bilmirəm.

  
Sirr yerimiz, başımızı dizinə söykəyib yuxuladığımız, laylasını dünyanın ən gözəl musiqisi kimi qanımıza-canımıza hopdurdumuz, sirr yerimiz olan anamızın da bəzən bizi qınaması, bizi bu dünyayla yoldaşlıq etməyə çağırması da bizi zəmanə adamı edə bilmir. Çünki biz rəngini özümüz gördüyümüz sözümüzlə yalnız Tanrıya güvənir, təmiz adamlara arxalanırıq. Bax, elə bu səbəbdəndir ki, Ədalət Salman açıq şəkildə bəyan edir:

   Mənim ümid yerim təmiz adamlar,
  
   Təmiz olmayana kəsilləm qənim.
  
   Həyatda nə qədər təmiz adam var,
  
   Sanıram o qədər arxam var mənim.

   
   Və yaxud:

   Dayaqsan haqqını alana, gördüm,
  
   Həyansan kimsəsiz qalana, gördüm.
  
   Qənimsən hər cürə yalana, gördüm,
  
   Yaxşı ki, sən varsan, ay yaxşı adam.

  
Burda bir etirafın yeridi. Onu yazmasam, deməsəm günaha batmış olaram. Əslində şair qardaşımın dediyi fikirlər hər kəsin ürəyindən keçir və hər kəs də birmənalı şəkildə anlayır ki, dünyanı öz çiyinlərində saxlayan yaxşılıqlar və yaxşı adamlardı. Əgər bu adamlar onların əməlləri olmasa, dünyanın tarazlığı pozular, tərəzisinin gözü əyilər. Və hətta dünya bir yanı üstündə sürüşüb məhvə doğru gedər. Bax, elə bu yaxşılığın, bu yaxşı adamların yaratdığı mühit, onlardan gələn ilhamdır ki, Ədalət yazır:
  
   Öyüb qardaşını hey yerli-yersiz,
  
   Gözlərə çəkəndə qardaşlı qızlar.
  
   Qardaşsız deyilik, deyin daha biz,
  
   Ədalət adında qardaşımız var.

  
Səmimiyyətlə, özü də son dərəcə isti bir ürəklə ifadə edilən bu fikrin arxasında qardaşsız bacılara təkcə təsəlli yox, həm də İlahidən gələn bir xoş təbəssüm, ovqat, dözüm, xüsusilə bütün yaxşıların onların yanında olması dayanır. O cümlədən şair Ədalət Salman çəkinmədən özünün bütün qardaşsız qızların qardaşı, doğması hesab edir.
Ümumiyyətlə, bu gün sözlə, qələmlə nəfəs alan hər kəsin yaradıcılığında özünəməxsus bir mövzu var. Əslində bu mövzu bəşəridi, hamıya aiddi. Lakin bu mövzu həm də özünə məxsusdu, özəldi. Təbii ki, bu özəl olan da Sevgidi, Məhəbbətdi. Onun poetik zirvəsini Füzuli fəth edib. Amma mənim, sənin, eləcə də digər bir insanın sevgisi də fərdi bir qaydada Məcnun, Leylinin sevgisindən heç də aşağıda dayanmır. Sadəcə, biz özümüz kimi sevirik. Bizi sevənlər də özləri kimi sevirlər. Yalnız bir nüansı çıxmaq şərti ilə söz adamları sevgilərini ictimailəşdirə bilir, poetikləşdirə bilir, ona qol-qanad verir, onu ətə-qana doldurur. Ancaq adi insan öz böyük sevgisini də elə özü üçün, adi qaydada yaşayır. Və bu yerdə Ədalətin "Sən hardan biləsən məhəbbət nədir" deməsi həm yerinə düşür, həm də sual doğurur. Ona görə yerinə düşür ki, məhəbbətin yükünü, necəliyini, nə cür olduğunu, insana nə verib nə aldığını bu bəlaya düşənlər daha yaxşı bilirlər. Amma sual da ona görə doğur ki, kimin bu məhəbbətdə nə axtardığını, bu məhəbbəti necə yaşadığını qiymətləndirmək də çətindi, sorğu-sual etmək də. Sadəcə, şairlər öz missiyaları etibarı ilə Tanrıya daha yaxın olduqlarından onlar bu sualı verməkdə sərbəstdilər, o cümlədən Ədalət Salman da.

   Əlləri qoynunda durub tənha, tək,
  
   Oyaq qalmamısan gecə sübhə tək.
  
   Hələ sevməyirsə sinəndə ürək,
  
   Sən hardan biləsən məhəbbət nədir?

   Və yaxud:

   Baxıb sevənlərə köks ötürmədin,
  
   Sevib, kirpyinlə od götürmədin.
  
   
Kiminsə ömrünə yaz gətirmədin,
  
   Sən hardan biləsən məhəbbət nədir?


Doğrudan da bu duyğuları yaşamayan hardan bilsin ki, ya o oğlanın sevgisi tumurcuqlayıb, ya bu qızın sevgisi. Əgr bilsə, onda o da şair olardı, o da Ədalət Salman kimi yazardı. 
   
   On yeddi ləçəkli, on yeddi yaşlı,
  
   Hələ kəpənəksiz o çiçək qızın
  
   Sevgisi gözündə tumurcuqlayıb...


Ədalətin şeirlərinin mövzusu insandı, təbiətdi və bir də duyğulardı. Özü də barəsində söhbət açdığım "Gedək, bəxtim, əlini ver" kitabındakı şeirlərin hamısında bu aydınca hiss olunur. Məhz ovqata söykənən, ovqat kitabı kimi qəbul etdiyim bu şeir toplusu çoxlarımızın yaşadığı duyğuların misra ifadəsidi. Məsələn:

   Xoşladığın qızlar yenə
  
   Ürəyimə yatmır, ana.
  
   Heç kəs bütün istəyinə
  
   Evlənməklə çatmır, ana-
  
   Ana, məni tələsdirmə.


Yəqin ki, bu misraları oxuyan oxucular analarının, bacılarının onları necə tələsdirdiyini, onlara necə qız seçdiklərini xatırladılar, yaddaşları təzələndi. Və xatırlayıb istər-istəməz sevgilərini və sevdiklərini də göz önünə gətirib göz üstünə qoydular, Ədalətin dediyi kimi.

   Sən mənim ömrümə doğan ayımsan,
  
   Baxıb gözlərinə qoy duyum səni.
  
   Sən mənim bəxtimə düşən payımsan,
  
   Öpüb gözüm üstə hey qoyum səni.


   Və yaxud:
 
   Mənim verəcəyim ürəkdir sənə,
  
   Ömrünü sevginlə naxışlayaram.
  
   Bilsəm göz muncuğu gərəkdi sənə,
  
   Bir cüt gözlərimi bağışlayaram.

   
Ədalət Salman, kitabındakı şeirlərin adda-budda nümunələrini təqdim etdiyimə görə gərək bunu günaha yazmayasan. Sadəcə, mən oxucuya demək istədim ki, bu kitabı arayıb-axtarsın və görsün ki, onun deyə bilmədikləri elə mətləblər var ki, oxuyub özününküləşdirə bilər, ruhu təzələnər, sevgisi gün işığına çıxa bilər. Və bir də bu kitabdakı sözlərin rəngi onun bu dünyadakı rənglərdən fərqli bir rənglə üz-üzə gəlməsinə səbəb olar. Təbii ki, bu da tapıntı sayılar. Və nəhayət, mən sənin sözlərinin rəngini gördüm. Elə o sözün rəngində də sənə böyük sözün yolunda öz sözünün rənginə sadiq qalmağı, onu illərdən-illərə, oxucudan-oxucuya, kitabdan-kitaba davam etdirməyi arzu edirəm. Çalışaq ki, nə tələsək, nə də gecikək. Onsuz da bizim zamanımız atüstü olubdu. Elə atüstü də olmaqdadı.

Комментариев нет:

Отправить комментарий