08.01.2012

Depressiyalaşan bayramlar


Ülvi Məmmədli
Professional Oxucu Liqası

("Aşınmalar" silsiləsindən)

Sovet vaxtının kişiləri bayramları necə keçirdiklərindən danışanda adamın ağzı açılı qalır

 Bankomatların qarşısındakı pensiyaçılar elə növbədəcə bayram eləyirlər. Pensiya verilən gün onlarçün bayramdır. Sonrakı bayramların onlara dəxli əslində yoxdur. Nəyi bayram etsinlər ki? Amma yəqin ki qocalar da adlarına bir gün ayrılmasını istəyərdilər. Nədi, dostlar, hansınızın belə günü xüsusi qeyd eləməyə marağınız var? Sabahın necə olmasını qorxusuz, ağlamadan keçirmək, ürəkdən gülə bilmək üçün ayrılan bir günə ehtiyacınız varmı? Bəs hər gününüzü belə keçirmək necə olardı?

 Əlbəttə, bayramlar olur və sonra, sonra adi günlər gəlir. Pul qurtardı, bayram da qurtardı. Kim desə ki, həyatı bayram kimi keçirə bilər, ən azından şişirdir. Biz gündəlik qayğılardan azad ola bilmərik və heç bunu arzulayanın olmasını güman da etmirəm. Bu problemlər ümumilikdə "insanın həyat və iş fəaliyyətini" təşkil edir. Gərək adam kimi yaşaya və işləyə biləsən, özünün adam qiymətini və qədrini biləsən. Özün də, ətrafdakılar da, dövlətin də. İşlədiyin vaxt öz ailəni dolandıra biləsən, dövlətinə xeyir verəsən, adamlar arasında yaşaya bilib gərəkliyini hiss edəsən. Adamlar arasında! Müxtəlif adamlar arasında. Özü də "Varlılar da" ağlayan səbəblərdən ağlaya biləsən, elə onlar kimi.
 Amma ürək bayramları elə seyrək, nadir olur ki. Çoxları da ümidlərini heç doğrultmur. Kimsə səni bezdirir, əvvəlki şuxluq itir, səbirsizləşirsən, hisslərin, həyacanın da korşalır. Get-gedə bayramlar da adama bir yük olur, əvvəlki şadlığı və fərəhi qətiyyən vermir. Sovet vaxtının kişiləri bayramları necə keçirdiklərindən danışanda adamın ağzı açılı qalır. Müstəqillik gələndən bizdə hər şeyin dadı qaçıb. ("Yadımdadır, bizim vaxtımızda paradlar parad kimi olardı, bizim türmələrimiz də türmə kimi olardı" və s.). Həyat adam üçün yuxulayır. Əlbəttə, bəzən başqa cür də olur, amma yaşamağın ləzzətini itirmiş adamlar günü-gündən çoxalır. Artıq nəyi isə reanimasiya eləmək, qayıtmayanı qaytarmaq cəlhdləri baş tutan deyil. Təəssüf!
 Bir də ona görə təəssüf ki ömründə yaranmış boşluqlar istənilən depressiyalarla dolur, adamlarımız, xüsusilə ziyalılar mənəvi tənhalıqdan əzab çəkir, çox vaxt sərxoşluğa yuvarlanır. Ya da qeybətə, dedi-qoduya girişir. Boşluq təkcə bunlarla dolsa dərd yarıdır, adamı o qədər də yandırmaz. Sonrası isə daha ağrılıdır, elə bil notla yazılmış kimi, şəxsiyyətin deqredasiyası, səhhətlə bağlı problemlər, yaxın adamlarla konflikt başlayır.
 Bayram öldü! Birdəfəlik, həmişəlik! Ruslar getdi, bayranmı da özü ilə apardı.
Daha sizin küçədə bayram olmayacaq. İngilis işğalında bayram olmur.

Комментариев нет:

Отправить комментарий