08.01.2012

Həqiqət, yoxsa yalan: əgər həqiqəti bilirsənsə, onda yalana inan!


Vüqar Haqverdiyev
Bir azbilmiş bir çoxbilmişlə söhbət edir.
Yalan nədir? – deyə azbilmiş soruşur.
Hər gün eşitdiyimiz! – deyə çoxbilmiş cavab verir.
Hər gün eşitdiyimiz yalandırsa, onda günümüz yalanla keçir ki, qədeş ?! – deyə azbilmiş təşvişlə dillənir
Ancaq, gördüklərini gərək çıxsan! – çoxbilmiş deyir.
Bəs, gördüklərimiz, yalan deyil? – deyə azbilmiş təəccüblə soruşur.
Televizorda gördüklərini demirəm! – deyə çoxbilmiş deyir.
Söhbət daha da qızışır:
Bəs, insanlar niyə yalan danışır? – deyə azbilmiş maraqla soruşur.
Həqiqəti bildikləri üçün! – çoxbilmiş cavab verir.
Yəni, həqiqəti bilən yalan danışır?
Əlbəttə!
Niyə?
Çünki, həqiqəti demək acı olur! – deyə çoxbilmiş cavab verir və sonra soruşur: – Sən, haqqı tapdalayan, özündən güclü kiməsə həqiqəti deyə bilərsən ki, o yaramazdır?!
Yox! – azbilmiş bir az tərəddüdlə cavab verdi.
Əlbəttə, o haqla bərabər səni də tapdalayar. Ona görə də, öz işinin xətrinə ona nə deməlisən?
Alicənab insan!
Afərin, gördün biz niyə yalan danışırıq! – deyə çoxbilmiş qalib ruhda deyir.
Sonra söhbət həqiqət barədə davam edir.
Qədeş, bayaq dedin ki, insanlar həqiqəti bildikləri üçün yalan danışırlar. Bəs, həqiqət nədir? – deyə azbilmiş sual verir.
Qəbul etmədiyimiz fakt! – deyə çoxbilmiş cavab verir.
O necə həqiqətdir ki, onu qəbul etmək istəmirik? – deyə azbilmiş təəccüblə soruşur.
O, elə əsl həqiqətdir! – deyə çoxbilmiş cavab verir.
Deməli, əsl həqiqəti heç kim qəbul etmək istəmir? Bəlkə, heç bizə həqiqət lazım deyil? deyə azbilmiş nəisə kəşf etmiş kimi soruşur.
Əzizim, biz onsuz da həqiqəti bilirik! Ona görə də salamatı odur ki, yalana, ən yaxşısı isə özümüzə sərf edən şeylərə inanaq! – deyə çoxbilmiş söhbətə nöqtə qoyur.

Комментариев нет:

Отправить комментарий