08.01.2012

İŞIQ GƏLƏN TƏRƏF


Oktay AxmedovOqtay Əhmədov. Hekayə

 …Axır ki, ölmədi, kitabını gördü! Ona yuxu kimi gəlsə də ilk kitabı əlindəydi, burnunu sirli-sehrli xoş mətbəə qoxusu vururdu. Görəsən dünyada bundan da gözəl iy vardımı? Sponsorunun — firma prezidentinin qəbul otağındakı yumşaq, iri krosloya yayxanıb qalın üzlü kitabını vərəqləməkdən doymurdu ki, doymurdu. Ağappaq varaqları barmaqlarıyla xışıldatdıqca bu təmasdan canına təsviredilməz, ləzzətli bir istilik yayılırdı. Gör a, bir kitab çap eləmək nə çətin iş imiş ki, illərlə övlad həsrətiylə qovrulan sonsuz adam kimi o da ömrünün böyük bir hissəsini kitab intizarıyla yaşamışdı.

Kitabının çapına sponsor axtardığı bu uzun illər ərzində neçə-neçə xeyriyyəçini dişinə vurmuş, hamısı lax çıxmışdı, amma yenə də ümidini itirmir, əvvəl-axır ədəbiyyatın əsl hamisiylə rastlaşacağı günə zərrəcə də şübhə eləmirdi. Elə bu ümidlə də ilk dəfə üç ay əvvəl firmanın qapısını açmışdı. Ucundan-qırağından eşitmişdi ki, firma rəhbəri xeyriyyəçi adamdır, yanına pənah gətirmiş heç kəsi indiyədək geri qaytarmayıb. Sir-sifətindən adamı vahimə basan dazbaş, kostyumlu pəzəvəng oğlan qarşılamışdı onu. Elə bil vəhşi, tüklü, ibtidai insanın əlindən dəyənəyini alıb üzünü qırxmış, əyninə kostyum geyindirib buraxmışdılar firmanın içinə. Qorxudan sarısını udub gəlişinin məqsədini dili topuğ çala-çala oğlana bildirəndə danqabaş nataraz gözləmədiyi mədəniyyətlə "buyurun" deyib onu qabağına salmış, düz qəbul otağınacan aparmış, katibəyə təhvil verib yerinə qayıtmışdı. Qısa donlu, uzunayaq katibə də mədəni, tərbiyəli bir qız imiş. Kresloda ona yer göstərib mehribancasına "əyləşin, — demişdi, — qonaqlar kabinetdən çıxan kimi sizi qəbul edəcəklər". On-on beş dəqiqədən sonra prezidentin futzal meydançası boyda olan kabinetindəydi. Yanaqlarından qan daman bığıburma, bazburutlu kişi onu diqqətlə dinləmişdi. Kişi deyəndə ki, bu rəhbər işçi ondan dörd-beş bahar böyük ola, ya olmaya. Əlbəttə, ömrünü şerə-qəzələ fəda eləməyib iş-güc ardınca düşsəydi, indi o da özünə görə handa bir kişiydi. Firma prezidenti-zad olmasa da, ən azından hansısa bir MİS-in müdiyidi və hal-hazırda yəqin ki, əlinin altında beş-üç süpürgəçidən, bir-iki santexnikdən-filandan varıydı. Qayğıkeş insan təsiri bağışlayan prezident onun qovluğundan bir-iki poeziya nümunəsi götürüb ürəyində oxumuş, razılıq əlaməti olaraq bığaltı gülümsəmişdi: "Əhsən, halal olsun!" Belə məlum olmuşdu ki, prezidentin özü də poeziya həvəskarıymış və hətta cavanlıqda bir müddət məhəbbət şerləri də yazarmış. Şair buna heç təəccüblənməmişdi də, çünki bu məmləkətdə elə bir kişi qırığı çətin tapılaydı ki, gəncliyində məhəbbət mövzusunda, yaxud nəsihətvari şer yazmamış olaydı. "Elə yaxşı ki, bu hisslər prezidentdə ötəriymiş, — şair fikirləşmişdi, — yoxsa o da hiyləgər ilham pərisinin qalın ipli toruna düşüb ömrünün sonunacan çapalayacaqdı. Sözsüz ki, indi nə futzal meydançası iriliyində kabinet sahibiydi, nə də firma prezidenti. Bu dəqiqə o özü də külliyatını qovluğun içinə yığıb qoltuğuna vuracaq, o idarə sənin, bu firma mənim, qapı-qapı düşüb həyatının qalan hissəsini sponsor axtarışlarına sərf etməklə əridəcəkdi". Hə, nəsə… Prezident nəvazişkarcasına gülüb məşhur ifadəni təkrarlamışdı ki, istedada dayaq olmaq hər bir imkanlı, vicdanlı insanın borcudur, istedadsız adamsa onsuz da özünə yol açacaqdır. Şair böyük ürək sahibinin alicənablığından elə kövrəlmişdi ki, ağlamaqdan özünü zorla saxlamışdı. Zeynalabdin Tağıyevin bu saat kabineti dolaşan ruhu əlbəttə ki, şad idi. Hacının gördüyü böyük işləri qeyrətli oğullar şərəflə davam etdirirdilər! Bu da nəticəsi: özəl nəşriyyatın mətbəə xərcləri üç gün ərzində ödənilən kimi bir həftəyə kitab işıq üzü görmüşdü!
Kişi üstəlik ağzından qaçırtmışdı ki, inşallah, kitabınının "prizint…" "priz…" "prezintasiyası", (şoğərib adamın dilinə də yatmırdı) yəni təqdimat mərasimi mənim boynuma! "Kimdən əskiksən, — demişdi. — Fısqırıq bir məclis qurarıq təzə "İnturist"də. Çağırarsan dost-tanışıvı, mən də vəzifəli, böyük-böyük adamları dəvət elərəm, lap Milli Məclisdən deputat da gətizdirrik. (Bu deputatlar da harda aş, orda baş idilər, dönmüşdülər keçmiş Rusiyadakı "toy generallarına"). Məşhur müğənniləri, estrada ulduzlarını da yığıb tökərik ora. Heç ürək-göbəyivi yemə, lələşin ölməyib hələ, — sonra lovğa-lovğa döşünə döymüşdü, — səninçün elə bir banket quraq ki, səsi bütün Azərbaycana yayılsın!.."Artıq Puşkini, Əli Kərimi də yaşda ötmüşdü, saç-saqqalı Şaxta baba kimi ağappaqdı, hələ də "gənc şair" çağırırdılar onu. Özlərini tənqidçi adlandıran zalım balaları indiyədək sovet stereotiplərindən, basmaqəlib terminlərdən əl çəkə bilmirlər ki bilmirlər də: yaşı qırxı haqlamış qələm sahibinə də "gənc" deyirlər, poeziya aləmində təzə-təzə iməkləyən on dörd-on beş yaşlı həvəskara da. Allah gec elər, güc elər — dağıldı o quruluş, alt-üst oldu o idbar sistem. Adamın olmasaydı, vay halına! Kitabını nəşr etmək istəyirdin, deyirdilər get əvvəlcə mətbuatda bir xeyli şer dərc elətdir, tanın, sonra gəl; şerlərini çap elətdirmək fikrinə düşsəydin, başdan edəcəkdilər ki, hələ kitabın çıxmayıb… Əgər arsızlığına salıb dirənsəydin, onda gərək gəncliyini girov qoyaydın ki, 40-50 yaşlarında əl boyda yelaparan broşuran işıq üzü görəydi. Yaxşı ki, "əhli təmkin" olan Füzuli o dövrü görmədi, yoxsa yazılarını qoltuğuna vurub illər boyu nəşriyyatların qapıları arxasında boynubükük durmalıydı, nədi-nədi, uzaq başı "Divan"larından beş-üç qəzəl seçib "müəllifin ilk kitabı" adı altında bir gün çap eləyəcəkdilər. Nəsə, o zəmanədə adam olmaq istəyirdinsə, gərək mütləq adam tapmalıydın…Qorbaçovun "yenidənqurması" başlananda iynənin ucu boyda ümid işığı görünmüşdü, sanmışdı ki, yəqin tilsim qırılar, buz əriyər. Amma bu vaxt bədbəxtlikdən çap növbəsi yetişmiş "yelaparanının" illər uzunu yatıb qaldığı nəşriyyata məşhur Qulam Qursaqlını rəhbər göndərmişdilər, o gözünədöndüyüm də mətbuatda uzun bir siyahı dərc elətdirib müəlliflərə ultimativ ismarıc yollamışdı ki, bəs, həzərat, nəşriyyatımda yenidənqurma işlərinə başladığıma görə, bir ay müddətinə gəlib əlyazmalarınızı (cızmaqara deməyə dili gəlməmişdi, yəqin fikirləşmişdi ki, bu lap ağ olar) götürüb iş-gücünüzün ardınca getməyiniz tələb olunur, əks halda, makulaturalarınızdan iri bir tonqal qalatdırıb ətrafında şəxsən özüm yallı gedəcəm… O gün ömrünün ən qara günüydü. İllərlə nəşriyyatın arxivində batıb qalmış əlyazmalarını — tozlu qovluğu əlində tutub suyu süzülə-süzülə evinə dönürdü. Elə bilirdi ki, bütün şəhər gülürdü ona, hamının gözü ondaydı: "Yaşı otuzu haqlamış "gənc" şairə baxın, xoruzunu vurdular qoltuğuna!.." Qafasında bəzən intihar fikri dolaşan o çağları indi xatırlamaq istəmirdi. Gec də olsa kitabı çapdan çıxmışdı!Bir də baxdı: kitab nə kitab! Qalın üz qabığını nəfis şəkildə işləmiş rəssama ürəyində min dəfə alqış dedi. İşinə vicdanla yanaşan korrektoru da harda görsə səmimi-qəlbdən təşəkkür eləyəcəkdi, bir xəta belə buraxmamışdı, nöqtələr də yerindəydi, vergüllər də. 200 nüsxəlik tirajın (çox nəyə lazımdı, alverlik mal deyildi ki!) ilk siqnal nüsxəsini mətbəədən götürüb bura gələnəcən hər sətrini, hər bəndini əzbərdən bildiyi bu 150 səhifəlik kitabı azı üç dəfə birnəfəsə oxumuşdu. Sabah-birigün kitabının bütün tirajını mətbəədən yığıb daşıyacaqdı evinə. Öncə arvadı sevinəcəkdi, sonra uşaqları. Kitablarından qırx-əllisini qonum-qonşuya, qohum-qardaşa paylayacaqdı. Qırx-əllisini də bağışlayacaqdı iş yoldaşlarına, tanış-tunuşa. Qalanını da aparıb verəcəkdi Yazıçılar Birliyinin qapısında duran qarderobçu ər-arvada. Sakit, mehriban insanlara oxşayırdılar. Hamı — Birliyin üzvü olanlar da, olmayanlar da, tanınanlar da, tanınmayanlar da köhnə, təzə kitablarını satmaqçün onlara verirdilər. Tapşıracaqdı ki, elə-belə, beş yüz manat, min manat, bir simvolik qiymət qoyub satın. İmkansızlara lap havayı verin getsin. Yenə necə olsa Yazıçılar Birliyiydi, bütün əli qələm tutanların məbədiydi, pənah yeriydi. Qapısından məşhur ədiblər də girib-çıxırdı, şer-sənət həvəskarları da. "Kimin kitabıdır? Nə yazıb?" — beşi maraqlanmasa da üçü maraqlanar, heç olmasa əllərinə götürüb müəllifin imzasına baxarlar. Bu özü az şey deyildi.
İndi yadına düşdü: kitabının bir nüsxəsini səhərlər pəncərəsi altında durub "xlor-xlor" qışqıran kişiyə bağışlayacaqdı. Hər gün işə gedəndə binaları qarşısında o kişiylə rastlaşar, indiyədək ondan bir qab xlor, bir şüşə nöyüt almadığına görə utandığından başını aşağı salıb yanından xəcalətlə keçərdi. Yalan danışdı, çoxdan, lap çoxdan, üç-dörd il qabaq, onda ki, ölkədə enerji qıtlığıydı, hava qaralan kimi şəhərin müxtəlif yerlərində işıqları keçirirdilər, o vaxt həmin qaçqın kişidən min manata bir şüşə nöyüt almışdı. Kişi elə sevinmişdi ki, guya bir aylıq malını bir saata satıb qurtarmışdı. O gündən həmin ahıl qaçqın hər onu görəndə baxışlarını intizarla gözlərinin içinə dikir, sanki dodaqlarını tərpədib qımıldanmağını gözləyirdi ki, iri, cındır səbətinin ağzını açıb mallarından birini ona sırısın. Bir kitab da ona verib: "Al, dayı, — deyəcəkdi, — özün oxumasan da oğul-uşağının gərəyi olar." Axı kitabın bir bölümü dava, Qarabağ, didərginlik mövzusundaydı. İnşallah, kitabından bir dəst yığıb…Bu vaxt firmanın prezidenti kabinetinin qapısını açıb elə sürətlə düz onun üstünə gəldi ki, yayxandığı yumşaq kreslodan çəlimsiz gövdəsini tərpətməyə belə macal tapmadı. Kişi əlini onun sısqa çiyninə qoyub ehmalca silkələyə-silkələyə nədənsə:— Xlor! Xlor! — bağırmağa başladı. Heyrətdən gözləri təpəsinə çıxdı, qulaqlarına inana bilmədi, bu boyda firmanın prezidenti, o boyda ixtiyar sahibi hər səhər pəncərələrinin altını kəsdirən qaçqın qocanın səsilə "xlor, xlor" çığırırdı!Prezident ağır əlini onun çiynindən çəkmədən bir ağız da qışqırdı:— Tarakan dərmanı, mebel yağı, ağ neft!Bu nə sirdi, İlahi?! Bayılıb özündən getdi……Gözlərini açanda arvadını gördü.— Nə yatmısan, oyan daha, gün günorta oldu ki!Demə, başının üstünü kəsdirib onu silkələyən arvadıymış. Pəncərəsi altında qaçqın kişinin səsi küçəni başına götürmüşdü: "Xlor, mebel yağı…" Səhərəcən gözünə yuxu getməmişdi, ilan vuran yatmışdı, o yox. Bütün gecəni yatağında narahatcasına qurcalanmışdı. "Görəsən sabah firma prezidenti yerində olacaqdımı; qəbul edəcəkdimi onu; sponsorluq adı eşidəndə daş atıb başını tutmayacaqdı ki?.." Düz üç aydı firmanın yolunu su yoluna döndərmişdi. Heç cürə rəhbərin qəbuluna düşə bilmirdi. Gah qapıdan qovurdular onu, gah içəri buraxmırdılar, gah deyirdilər kişi burda yoxdur, xaricdədir, get bir həftədən sonra gəl, gah "işi çoxdur, üç-dörd gün gözlə" bəhanəsilə başdan edirdilər, gah… Nəhayət ki, srağagün dazbaş, pəzəvəng oğlanın ona yazığı gəlmişdi, nəydisə, "dayı, birisi gün ertədən dəyərsən mənə, — demişdi, — işarə elərəm kişiyə, bəlkə ürəyində rəhm oyana, qəbul eləyə səni…" Bu gün obaşdan yerindən qalxıb üzünü qırxmış, çay-çörəyini yeyib nimdaş kostyumunu geymiş, uşaqları məktəbə yola salandan sonra saata baxıb görmüşdü ki, hələ vaxta var, sınıq-salxaq kreslosunda yayxanıb bir hovur çimir almaq istəmişdi.— Qalx, dana, — arvadı yenə onu tələsdirdi. — Yəqin birizdent gözləyir…Qadınının sadəlövhlüyünə ürəyində güldüsə də, cavabını vermədi. Dinib-danışacaq halı yox idi. Bir şeyi nəğd eləmişdi: daha heç vaxt o firmaya ayaq basmayacaqdı, mənasız vaxt itkisiydi bu, çünki yuxulara, əlamətlərə inanan adam idi, indi ona elə gəlirdi ki, "birizdent" hələ də küçədəki qaçqın qocanın səsilə "xlor, xlor" çığırırdı, busa o deməkdi ki, məndən bilmərrə əlini üz, get özünə yeni sponsor axtar. Qəflətən xatırladı: axşam kimdənsə eşitmişdi ki, guya şəhər kənarında uzun, əcaib adı adamın dilinə yatmayan bir zavod vardı, guya o zavodun direktoru poeziya dəlisiydi, yəni şair idi, neçə-neçə kitabı çapdan çıxmışdı, hər ay üç-dörd poema yazıb mətbuatda çap elətdirirdi və guya həmin o direktor-şair onun kimi yetim-yesir, cibində siçan oynayan qələm əhlinə çox əl tutmuşdu… Həmin gün bir saatdan sonra Bakı-Sanqaçal mikroavtobusunun arxa oturacağında əyləşmiş orta yaşlarında bir kişi əllərini dizləri üstündəki qalın qovluğun üzərinə qoyub mürgü döyür, maşın hər dəfə şosedə çal-çuxura düşüb yırğalandıqca, ağırlaşmış göz qapaqlarını qaldırıb qovluğa yorğun-yorğun baxır, sonra yenə gözlərini yumurdu. Onun dodaqlarında məsum bir uşaq təbəssümü donub qalmışdı…

Комментариев нет:

Отправить комментарий