08.01.2012

İTƏN GÜNLƏR, İTƏN İLLƏR VƏ İTƏN MALLAR

Bextiyar Hidayet
Bəxtiyar Hidayət

Dəllək Həsən o yandan usta Həsənin gəldiyini gördüyündə dərdi Azərbaycan kimi yeniləndi, təzələndi sanki. Başladı donquldanmağa:
-Yenə gəlir demoqoq kopolu. Qanımızı it qanına döndərəcək. Axmaq oğlu axmaq hələmüəllim olduğu yerdə niyə ustaliq edir onun hayına qalmır, yenə bu hakimiyyəti tərifləyir, mənə də lağ eləməyinə bax. “Sən dəllək adamsan, sənin nəyinə lazımdır kim getdi, kim gəldi. Məişət naziri zad olası deyilsən ki.”

Di gəl axmağı başa sal ki ay müəllim oğlu müəllim, sən nə gününə saxtakarlıq edirsən? Axşama kimi eşşəkdən betər işləyirsən . Birinə hamam yığırsan, birinə kposna qoyursan,  birinə hasar hörürsən, birinə də unitaz düzəldirsən. Heç müəllim kimi tanınmırsan. Hamı usta kimi tanıyır səni. Sərf eləmir deyə dərslərini də azaltmısan. Ustalıq edirsən bütün günü. Həftədə cəmi iki dəfə ayağın məktəbə dəyə ya dəyməyə. Di gəl seçkilərdə olursan baş saxtakar.
Amma Usta Həsən yolda budkaya buruldu. Yəqin ki dünən seçkidən aldığı pulnan nisyələrini ödəyir deyə düşündü Dəllək Həsən.
Usta Həsənin qarasınca yenə deyinməyə başladı. Sanki  Usta Həsən olmasa seçkini müxalifət udacaqmış.
-Kopoluya bax bir. Hətta illərdi özünə bir yaba da ala bilmir. Yabasının dişləri də öz dişləri kimi mırıqdı.  Hər dəfə gəlir bizim svarşık Cəfərə yalvarır ki bəs belimi düzəlt, yabamı düzəlt. Ehh kənd də qırılası kənddi. Bu axmağın hörməti var bu kənddə. Nədən ki birinə ərizə yazır, birinin uşağını əsgərlikdən saxlayır, birinin də toyunda tamadaliq edir. Hamı elə bilir bundan savadlı adam yoxdu.  Ha deyirəm ay qoyunlar, hüququnuz pozulur məhkəməyə gedin. Torpağınız əlinizdən alınır məhkəməyə gedin. Daha Usta Həsənin yanına qaçmayın. O yazdığı ərizələrin heç bir hüquqi qüvvəsi yoxdu. Amma kimdi mənəbaxan. Bir-iki adamın da işi onun ərizəsi ilə düzəlib deyə elə bilillər peyğəmbər zaddı.
Bu vaxt Usta Həsən yaxılaşıb salam verdi:
-Salam ay müxalifət, nooldu bə deyirdin qalib gələcəyik?
-Sən Allah yolunnan çıx get.
-Gördüün, Avropa, Avropa deyirdin, onlar da seçkiləri demokratik adlandırdı.
-Cəhənnəmə ki.  Əl çək yaxamdan dəə a kişi, deyəsən məni provakasiyaya çəkib tutdurmasq istəyirsən.
Usta Həsən gördü  adaşı lap əsəbləşib. Istədi zarafa edib əsəblərini müxalifət kimi sakitləşdirsin.
-Dəllək, sən bilirsən mənə nə qədr borclusan? Təzə ağlıma gəlib. Səndən yazacam.
-Nə borc əə, nə borc? Bəlkə ərizə zad yazıbsan mənə də o qoyunlar kimi, həə?
-Yox ee. Gör neçə ildi ki başımı sənə etibar edirəm. Amma  mənim də başımın yarısı  keçəldi axı. Hamıdan nə alırsan məndən də onu alırsan. Özün də danışanda korrupsiyadan danışırsan. Bəs bu nə deməkdi, keçələ də eyni qiymət, saçlıya da?
Dəllək Həsən də söz altda qalmadı:
-Usta, bəs sən mənim evimi qaldıranda qoyduğun pəncərə yerini, qapı yerini kvadrat hesabından çıxdınmı? Demədinmi ki əziyyət çəkirəm, künc qoyuram. Mən də keçəl başa elə əziyyət çəkirəm.sanki künc qoyuram hörüyə-bax elə də çətin olur mənə.
Usta Həsən qah-qah çəkib güldü. Dəllək Həsən də ona qoşuldu. Daha sonra adəti üzrəUsta Həsən bir siqaret istədi. Siqareti yandırandan sonra çöməlib Dəllək Həsənin yanında oturdu. Və Dəllək Həsənin yadına uşaqlıqlarını saldı. O uşaqlıq  dünyasından birəsim dağ havası, yamyaşıl bir meşə, bir də kiçik bir xatirə bu söhbətə qoşuldu.
Onlar uşaqlıq yoldaşı idilər. Hər il  ailələri birlikdə yaylağa köçərdi. 3 ay boyunca birlikdəmal otarardılar çöllərdə, meşələrdə.  Və bir də Dəllək Həsənin əmisi evi idi yoldaşları binədə. Amma Dəllək Həsənin əmisi oğlu Rusiyətdə olduğu üçün onların da mallarını otarardılar. Əvəzində Dəllək Həsənin əmisi oğlu da hər gələndə onlara cins  şalvar alardı. Və bir gün gözlənilmədən Dəllək Həsənin əmisi oğlu  Əhməd gözlənilmədən gəlib yaylağa çıxdı. Evlənməyə gəlibmiş kəndə.
Əhməd də onlarla mal otarmağa getdi-bir uşaqlığımı yadıma salım dedi.
Günorta  süfrə açdılar. Əhməd isə maraqlı söhbət açdı-erotik və davalı  söhbətlər. Day nələr danışmadı. Guya zalımın döymədiyi rus kişisi, gəzmədiyi də rus qızı qalmayıb.
 Bir də onda ayıldılar ki mal nə gəzir. Başladılar axtarmağa. Amma sanki mal-qara  quyruqları ilə izlərini süpürə-söpürə aradan çıxmışdı. Artıq yorulan Əhməd belə bir təklif irəli sürdü:
-Mən Zil Qayada durum gözləyim. Ordan hər yer görünür. Siz də ora-buranı axtarın.  Mən bir şey görsəm haraylayıb sizə deyəcəm
Elə də razılaşdılar.
 Həsəngil nəhayət izi tapdılar və bir xeyli getdikdən sonra sovxoz mallarına rast gəldilər. Artıq şər qarışmışdı. Və Dəyirmi Təpəni bəri aşanda Əhmədin səsini eşitdilə:
-Sənin yiyən ölsün , hara geirsən? Ohoo, oho. Maral, Maral, Ceyran, Ceyran, Qaragöz, Qaragöz.
Həsəngil çox sevindilər. Və xeyli də güldülər ki Əhməd inəklərin adını düz demir.
Əhmədi hayladılar. Əhməd də sevincək cavab verdi-qorxmayın, malları tapmışam.
 Sonra da başladı mahnı oxumağa. Yüz mahnını bir-birinə qatdı. Gah daley-daley dedi, gah da yar aman, aman, aman. Arada hind mahnılarına da keçdi, rus mahnılarına da.
O elə oxuyurdu ki deyərdin belə bağırmaqla bunun boğazı yırtılacaq.
Arada yenə başlayırdı inəklərin adını səhv deməyə:
-Ohoo, a yeyən ölsün Qaragöz, hayana qaçırsan? Ohoo, oho, oho.
 Hətta inəklərə atdığı yekə daşların əks-sədası da uşaqların qulağına gəlirdi. Sanki dərəaşağı daş seli axırdı.
Uşaqlar kəsə yolnan gəlib Əhmədi Üç Yol deyilən yerdə gözlədilər. Səs yavaş-yavaş yaxınlaşırdı. Amma  təzə doğmuş inəklər vardı ki məhz bura çatanda ucadan mələyərdilər-bəs inəklər niyə mələmədi? Olmaya onlar yoxdu malları arasında deyəuşaqlar əndişələndilər.
Bu vaxt Əhməd gəlib çatdı.
Nə gündəydi Əhməd-sanki suya salıb çıxartmışdılar-bədənindən o qədər tər axmışdı. Gözlər halqasından çıxmışdı. Sanki meşədəki hər ağac onunçün bir əzrayıl imiş. Dili topuq çala-çala:
-Sizinlə zaraffat e e edirdim.
Sonra da dünyanın ən saxta və qorxu qatılmış gülüşünü eşitdilər uşaqlar
Məlum oldu ki Əhməd qorxusundan bağırıb çığırırmış
Usta Həsən dedi:
-Adaş, bildinmi bunu niyə yadına saldım?
-Hə, az-maz bildim.
-Bax, bizim iqtidarın iqtisadi inkişafdan danışmağı da buna bənzəyir. Yüz cür mahnı oxuyullar.  Amma ortada heç nə yoxdu.
-Ehh, bizim müxalifətin də seçkiqabağı hay küyü buna bənzəyir. Amma ortada bir şey yoxdu ki yoxdu. Ömrümüzdən illəri beləcə havayı gözləyə-gözləyə itirdik
 -Allah Əhmədə rəhmət eləsin.
-Keçənlərinə rəhmət. Allah elə iqtisadi inkişafa da, demokratiyaya da, insan haqlarına da rəhmət eləsin.
-Əşşi sən düzələn deyilsən. Yenə də siyasətə keçirsən, mən getdim , sağ ol.

Комментариев нет:

Отправить комментарий