07.01.2012

OĞRU MİLLİ ELİTA


Famil Cəfərli

İndiyədək çox avam adam görmüşdüm, ta BBC radiosunun müxbiri Tom Esselmont kimisini yox. Yazıq Tom bizim nazir və generalların şahanə dəbdəbəsini, əfsanəvi var-dövlətini bircə dəfə, o da uzaqdan görməklə nə təhər şoka düşübsə, qələm-kağıza sarılıb. Elə yazısının başlığı da gülməlidir: “Azərbaycanda kölgədə qalmış elita neft bumundan faydalanır”.
Ay Tom, bu nə uşaq söhbətidir eləyirsən?! A zalım oğlu, özün bəbə ha döyülsən. Burada qəribə nə var ki, gözün Cerrini axtaran Tomun gözü kimi dörd olub?

Sənə niyə elə gəlir ki, Azərbaycan milli elitası da öz enerji ehtiyacını neft-qaz əvəzinə uca millətimiz sayaq təzək, çır-çırpı yandırmaqla ödəməlidir? Ağzında elita deyirsən e... Özü də millisindən. Neft də onun olmalıdır, qaz da, kürü də. Qara camaat hara, ağ adamlara məxsus milli sərvətlər hara?!
Təəccüblənmə, sən bizim tuz məmurları hələ bir dəfə görməklə belə dərdə düşmüsən. Bəs bu milli elita ilə il uzunu eyni ölkədə yaşayan bizlər nağayraq?! Hələ onu demirəm ki, sən hələ Kəmaləddin bəyin, Ziya müəllimin, Bəylər əminin kabinetlərinə girməmisən. Tale bəy “fövqəlnazir”in oğludur, onun Kamal müəllim olmağına hələ çox qalıb. Amma bu növcavanın kabinetinin dəbdəbəsindən az qala dodağın uçuqlayacaqmış. Bir az toxtaq ol, özünü ələ al. Belə xırda şeylərə görə həyəcanlanmaq olmaz. Heç yeri də yoxdur, adama dəli deyərlər.
15-16 ilin nazirinin 5-6 milyard pulunun olması sənə niyə çöçün gəlir - anlamıram. Evin tikilsin, bananın kilosu bilirsən neçəyədir? Afrikadan 15 qəpiyə alıb burada 3 manata satanda 20 qat qazancı var e... Dünyanın heç yerində belə müdrik və uzaqgörən alver yoxdur. Sən də Bəylər əmi kimi bu biznesi monopoliyaya götürsən, üçcə ilə 1 milyard da olmasa, yarım milyard yığarsan də. Bizim camaat banan yeyəndir.
Bəs Kamal müəllimin varlı olmasına nədən şübhə ilə baxırsan? Müəllim mahnı bəstələyir, “Jalə” şirəsi, piano düzəldib satır, futbol oynadır, bina tikir, otel işlədir, taxıl anbarları saxlayır, daşqının-yanğının qabağını alır. Bunlar müftədir bəyəm? Mollalar məclislərdə necə deyir - hər pis işdə də bir xeyir var. Yəni bəy şou-biznesdən tikinti və aqrar sektora, ekologiyaya qədər gəlirli biznes sahələrində söz sahibidir. Bunun müqabilində qotur 5-10 milyard nədir ki...
Ziya müəllim də hakəza. Dünyanın heç harasında kilometri 34 milyon dollara yol çəkmirlər. Bunu bacarmırlar yəni. O isə bacarır. Heç bir ölkədə körpünün smetası 4-5 dəfə şişirdilmir. Bizdə isə ən asan iş elə budur. Heç harada nəqliyyat müfəttişləri camaatın maşınının nömrəsini oğurlayıb qaçmır, sonra da onu sahibinə 200-300 manata satmır. Bizdə isə edirlər. Heç bir ölkədə...
Nə isə, onun-bunun pulunu saymayaq. Bizim tarixən varlı adamların sifarişi ilə formalaşan milli mentalitetimiz buna pis baxır. Əslində sən də düz deyirsən e, Tom qağa, bu pullar o məmurların deyil, xalqındır, əkişdirib öz bank hesablarına yığıblar. Amma day neyləyək, mentalitetimizin başqa buyruğu da var: “At kimindir? Minənin”. Yəni ondan faydalananın. Bəs neft pulları kimindir? Bəli, onu oğurlayıb xərcləyənlərin, ondan faydalananların. Deməyim odur ki, bu dəqiqə nəinki neft-qazımız, hətta mentalitetimiz də oğru milli elitanın, zəngin nazir-məmurların tərəfindədir. “Tutulmayan oğru - xandan-bəydən doğru” - konyukturaçı atalarımız hətta hüquqi təfəkkürümüzü də korrupsionerlərin xeyrinə bu incə üsulla fırladıb.
Madam söz mentalitetdən düşüb, onda gərək Dövlət İqtisad Universitetinin rektoru, deputat, professor Şəmsəddin Hacıyev yoldaşın YAP və dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən də bir bənd deyək. Bu alim vəzifəsini dəyişmək üçün 10 min manat rüşvət istədiyi başqa bir professoru öz kabinetinə çağırıb döydürüb. Çünki professor Ağadadaş Qafarov o rüşvəti rektora vermək istəməyib.
Bunu eşidəndə Qafarovun doğruçu alim olmağına şübhə etdim. O boyda professor olasan, amma belə siyasi savadsızlığa yol verəsən. Necə yəni ə, rüşvət alıb-vermək alimə yaraşmaz?! Bə kimə yaraşar? Traktorçuya, ya tumsatana? Sən kimsən ə, dövlətçiliyə təpik atıb bu quruluşu bəyənməyəsən, camaatın “haqqı”nı verməyəsən? Şəxsi universitetin-zadın var? Nə haqla rüşvətə “ayıb iş” deyib onun bərəkətini gözdən salırsan?
Mən Hacıyevi müstəqilliyimizin əleyhinə çıxan, hüquqi və milli dövlətçiliyimizə gəc baxan daha bir zərərli ünsürü vaxtında tutub zərərsizləşdirməsi münasibətilə təbrik edirəm. Onu ləngimədən təhsil naziri qoymaq lazımdır. Bu elmi gənc nəslə də öyrətsin...

Комментариев нет:

Отправить комментарий