19.01.2012

Qonorar qulağı kəsənlərə


Cavidan

Mən başa düşürəm, bura Azərbaycandır və mən də bura başqa planetdən gəlməmişəm, hamının dabbaqda gönünə bələdəm artıq, şükür Allaha!
Amma bəzi adamlar da başa düşməlidirlər ki, mən əyalətdə yaşayıramsa, Bakıya gedişim-gəlişim yoxdursa, lap elə hücrə-mağara həyat tərzi keçirirəmsə, bu, heç də onlara haqq vermir ki, yazılarımdan və imzamdan istifadə edib, son anda qonorarı bir məbləğ söyləsinlər, pulu poçtdan alanda isə başqa məbləğ görüm!
Başımın daşına döndünüz artıq!

Yəni bu ölkədə normal, sivil, bütün vicdanını və insanlığını, ən nəhayət, professionallığını ortalığa qoyub qəzet buraxmaq, sayt işlətmək, konkret sayda, konkret mövzular kateqoriyasında konkret reqlamentlə, konkret qonorar ödəmək doğrudanmı mümkün deyil?
Yəni bu, Allah möcüzəsini gözləmək kimi bir şeydir ki, bunun üçün məxsusi media peyğəmbəri zühur etməlidir?
Ya mən sadəcə çərənləyirəm?
Bəlkə yazılarından, imzasından, beyin məhsulundan istifadə edib, son nəticədə sanballı bir qonorar verirlər məndən başqa yazarlara, xəbərim yoxdu?
Bəlkə axmaqca qonorarsız yazılarını saytlara səpələyib əvəzində itim olmayacaq adamlardan taxma adlar altında gic-gic şərhlərlə qıcıqlandırılan, incidilən, yazmaqdan usandırılan, çaşdırılan, yaxşı yazılara axmaq təhqirlər alan, sərsəm mətnlərə göylə gedən təriflərə tutulub yazar kimi mənən məhv edilməyə məruz qalan bircə elə mən imişəm?
Nə qədər bədii və köşə yazılarım var ən müxtəlif saytlarda, qəzetlərdə, dərgilərdə indiyə kimi?
Yerimdə kim olsa, babat dolana bilərdi bunların qonorarı hesabına bəlkə?
Yəni mən bu qədər axmaq olmuşam?
İnana biılmirəm həyasızca başqalarını istismar edib özünə reytinq, oxucu qazananların bunu bilərəkdən, hesablayaraq etdiklərinə.
Bəs axı yazılarıyla qonorarlar alan, eyni saytın eyni səhifəsində 2, 3, hətta 4 yazısıyla görünənlər qəşəng də alırlar qonorarlarını da, kitabları, əsərləri çap olunanda, təqdimat keçiriləndə lazımi PR və reklam dəstəklərini də?!
Yenədəmi qruplar, qruplaşmalar, leşə daraşmaq xisləti?
Allah kəssin sırtıqlığınızdan, istedadınıza calasın barı...

Комментариев нет:

Отправить комментарий