07.01.2012

…Sən üşüyürsən…


Arzu ABDULLA


(Qarabağ döyüşlərində itkin düşmüş əzizim Rəşada)
… Bu, qədim bir türküdəndir. Nədənsə səni düşünəndə bu nəğmə qulaqlarımda səslənir: “Üşüyürəm, xəzəl olmuş torpaq örtün üstümə”.
…Uzaqlıq soyuqluq yaratmır. Uzaqlıq özü soyuqdur. Çooox soyuqdur.
Bu soyuqluq məni də üşüdür. Əllərimi dondurur, qəlbimi dondurur; ən şən günlərimizdə də, əzizim…
Amma bilirəm, sən üşüyürsən…
Yadımdan heç vaxt çıxmaz, sən yola düşməzdən bir-iki gün əvvəl mənə “gedirəm erməniləri qırmağa” dedin. Elə bu sözləri deyəndə də gülürdün. Adətən, əsgər gedəndə bir az bikef olurlar. Amma dünya sənin vecinə deyildi. Sənin üçün həyatda çətin olan nə isə yox idi, hər şeyə gülürdün.

Bu sözləri deyəndən sonra əlindəki balaca “brelok”u mənə verdin – balaca, gümüşü maşın fiqurunu: “Al, bu da sənin maşının. Minib sürərsən”…
O balaca maşını bu günə qədər saxlayıram. Məndən sonra kim saxlayacaq? Bax, bunu bilmirəm.
… Çoxdan, lap çoxdan sənin haqqında yazmaq istəyirdim. Hər il ad gününə, itkin düşdüyün günə nə isə yazmaq istəmişəm, əlim gəlməyib. Bu, çoxdankı fikrim olsa da, indi də yazmayacaqdım. Amma kəndin doğma havası, bu yağış, soyuq, həzin külək səni və sənli günləri gətirib düz gözlərimin önündən asdı.
O günlər o qədər çoxdur ki… sənin həsrətin qədər çoxdur. Tez-tez geri dönür o günlər.
Məni isə o günlərdən də çox səni və sənin kimilərinin həyatını uçurma atanların ortalıqda vətəndən, xalqdan danışıb keflə, sərvət içində yaşamaları yandırır.
Gör sənsizlik deyilən bir məsafə nə qədər uzanıb aramızda. Bilmirəm, sən yanımızda olsaydın, nə dəyişərdi? Amma onu bilirəm ki, bu qədər bədbin olmazdıq. Sən çox şən idin. Səndən sonra səni istəyənlərin dilindən bir cümlə qopdu: “Belimizi qırdın, Rəşad”.
…Bəlkə, sən də qardaşın kimi indi Rusiyada, Tümendə  gün-güzəranın üçün çalışırdın. Yaxud, o biri qardaşın kimi indi Bakıda hansısa tikintidə çalışırdın. Səni və sənin kimiləri erməni əlinə verənlər indi Bakıda hündürmərtəbəli evlər tikirlər. Ölkədə yaşayan gənclər nəfəs almaq, bir tikə çörək qazanmaq üçün Rusiyanın çöllərində fəhləlik edir. Səni və sənin kimiləri erməni caynağına verənlər indi ofislərində rahat oturub, kötükçələri üçün çalışırlar. Onlar bizim qanımızı sorur. Səni və sənin kimilərin həyatını puç edənlər, döyüşlərdə arvad kimi qaçıb gizlənələr indi “kişi” olublar.
Onlar erməni dayılarına yaxşı işlədikləri üçün günləri xoşdur. Səni və sənin kimi günahsız oğulları erməni əlinə verənlər indi həmin ermənilərlə canbir qardaşdırlar. Neyləsinlər ki, qoyun quzu ayağı basmaz.
Hamısı cəhənnəm olsun!
Uşaq vaxtı müharibə filmlərinə baxanda orada ölən adamlara sadəcə yazığım gəlirdi. Səndən sonra müharibədə itənlərə və ölənlərə qəlbim yanır… hamısı mənə doğma gəlir. Bu doğmalığı sən yaratmısan Rəşad!
Onu deyirdim axı, havadan sənsizlik yağır. Bir də onu demək istəyirdim ki, sənin mənə verdiyin o balaca maşını evdə güzgünün qarşısına qoymuşam. Çox uzaqdasan, ünümüz yetmir, amma sevgilərimizi duyursan məncə…
….Bilirəm sənə çox soyuqdur Rəşad, çox soyuq…üşüyürsən…

arzuabdulla@rambler.ru


Комментариев нет:

Отправить комментарий