18.01.2012

Unudulan sənət sahibləri


altOnlara ehtiyac var

Pinəçi, papaqçı, zərgər, xalçaçı, palanduz, misgər, qalayçı, dulusçu, nalbənd... Bu adlardan bəziləri az qala, arxaik sözlərə çevrildiyi üçün bir sıra oxucularımız üçün anlaşılmaz görünə bilər. Amma yəqin ki, əksəriyyətiniz söhbətin nədən getdiyini anladınız. Bəli, vaxtilə cəmiyyətimizi onlarsız təsəvvür etməsək də, artıq unutmaqda olduğumuz sənətlər, peşələr haqqında yazmaq qərarına gəlmişik. Yuxarıda sadalanan peşələrin əksəriyyətinin unudulmasının, artıq əmək bazarından çıxmasının müxtəlif səbəbləri olsa da, onları bir ifadə ilə ümumiləşdirmək də olar - müasir texnologiyaların inkişafı!

Bəs müasir texnologiyalar unutduğumuz peşələri olduğu kimi əvəz edə bilirmi? Yəqin ki, yox. Çünki belə olsaydı, sadaladığımız peşələrə zaman-zaman ehtiyac duymazdıq.
Hazırda bəzi peşələr tamamilə unudulmasa da, artıq can vermək mərhələsindədir. Onlardan papaqçılığı, zərgərliyi bu siyahıya aid etmək olar. Hazırda Bakıda və eləcə də regionlarda bu sənət sahibləri barmaqla sayılacaq qədərdir. Həmin sənətkarlar peşələrinə olan tələbatın o qədər də yüksək olmadığından gileylənirlər. Elə sadalanan peşələrin getdikcə unudulmasını, gənclərin sənətlərə müraciət etməməsini də bununla bağlayırlar. Çox vaxt sənətkarlar hətta öz övladlarını belə, yollarının davamçısı edə bilmədiklərini narazılıqla dilə gətirirlər.
Lakin bəzi sənət sahiblərinə həqiqətən də ehtiyac olduğu halda, təəssüf ki, onlar da tapılmır. Belə sənətkarlara pinəçilər aiddir. Çox az tapılan, əsasən kənd yerlərində rast gəlinən pinəçilər öz sənətlərinə ehtiyac olduğunu danmırlar. Lakin çəkdikləri əməyin Çində istehsal olunmuş ayaqqabılardan daha baha olduğunu deyən sənətkarlar məhz bu səbəbdən də onlara müraciət edənlərin az olduğunu bildirirlər.
Son iki ildə bu sənət sahiblərinə dövlət miqyasında marağın artması danılmazdır. 2010-cu ildə Şəkinin, 2011-ci ildə isə İsmayıllının Azərbaycanın “sənətkarlıq paytaxtı” elan edilməsi və hər ilin sentyabr ayında "Sənətkarlıq bayramı"nın təşkili məhv olmaqda olan sənətləri, peşələri, həmçinin onların sahiblərini üzə çıxartdı. Dövlətin bu tədbirləri nəticəsində unudulmuş və ya unudulmaqda olan peşələrin yenidən məişətimizə qaytarılacağına ümid etməyə əsas verir.

Jalə        gundelik-baku.com

Комментариев нет:

Отправить комментарий