18.01.2012

Viktor Robertoviç Çoy


Bu gün 1962-ci ildə Leninqradda dünyaya göz açmış Viktor Çoyun vəfatından 21 il ötür. Bu müddət ərzində onun ifaları əvvəlki kimi dinlənilməkdə davam edir və nəsildən nəsilə ötürülür. Viktorun özü şəxsiyyət olaraq hər zaman mənə çox maraqlı olmuşdur. Xalqların qardaşlığını göstərən milliyəti (yarı rus, yarı koreyalı olması), SSRİ tarixində özünə məxsus musiqi cərəyanı və ən əsas da “Kino” qrupunu yaratması, xarici görünüşü, rəssamlıq qabiliyyəti, bəstəkarlığı və s. kimi amillər məndə ona qarşı simpatiya doğurub.

28 yaşında Latviyada (15 avqust 1990) faciəli bir şəkildə (avtomobil qəzası nəticəsində) bizləri tərk etməsinə baxmayaraq, özündən sonra tarixə adını yazdırmağı çox yaxşı bacarmışdır. Hətta, bəzi fanatları bu xəbəri həzm edə bilməyərək intihar etmişdilər. SSRİ-nin ayrı-ayrı hissələrindən yüzlərlə insan onun dəfni üçün yol qət etmişdilər. Ölümündən sonra onun adına bir neçə ölkədə küçələr, abidələr, hətta 2740 nömrəli asteroidə onun adını vermişlər.
Günümüzdə Sol ideologiyanın əsas şəxsiyyətlərindən biri olan Viktor Çoyun xatirəsini qorumaq üçün çıxışlar edən Sankt-Peterburqdakı “AKM” təşkilatının üzvləri 2007-ci ildə onun bir zamanlar çalışdığı, vəfatından sonra isə muzeyə çevrilmiş “Kamçatki” adlı qazanxananın dağıdılmasının qarşısını almışdılar. Analoji addım “Mestnıye” və “Molodaya Qvardiya” adlı gənclər hərəkatları tərəfindən atılaraq onun Moskvadakı “Stena Çoya” (Çoyun Divarı) adlı xatirə məkanının məhvinin qarşısını almışdılar.
Bir şeyi əminliklə deyə bilərəm ki, onun ifalarını hər yaş dövründə bir öncəkindən daha fərqli anlamaq olur. Yeniyetmə zamanlarda dinlədiyim “Patçka siqaret” ifası ilə hazırda dinlədiyim eyniadlı ifa arasında məna fərqi çox böyükdür. Mənə maraqlıdır ki, çox yox, on il sonra bu ifa mənə necə təsir edəcək. Heç zaman öz təravətini itirməyəcəyini bilirəm.
Hələ də Viktor Çoydan xəbərsiz olanlar varsa, internetdə onun haqqında kifayət qədər məlumat tapa bilərlər. Hər şey bir kənara, əsas odur ki, o, keyfiyyətli musiqi hazırlayaraq unudulmaz şəxsiyyət kimi yaddaşlara həkk olmuşdur. Onun kimi musiqi tarixində bir neçə insan vardır ki, bu dünyanı vaxtından öncə tərk etməsəydilər, necə xarüqələr yaradacaqlarını təsəvvür etmək heç də çətin olmazdı.
Viktorun şəxsiyyətinə olan sevgi hər zaman qəlbimizdə, yaradıcılığı isə yaddaşımızdadır!

Комментариев нет:

Отправить комментарий