11.02.2012

Bayram

Səlim Babullaoğlu
            
-Qulaq as, oxuyuram :“Qoşa Qala Qapısı keçmişə açılan iki monitora oxşayır” yazmaq istəyirəm və anlayıram ki, “monitor” sözü bu cümlədə yersizdi, yaddı, bu sıraya ayqırıdı,  üstəgəl, çaylaq döşəməli yollarını, yastı-yapalaq evlərini, sal daşlardan hörülmüş divarlarını əsrlərin qaraltdığı İçərişəhərin hətta yadaşımdakı görkəmini sözlə əks etdirə biləcək lügətdə bu kəlmə, Çingiz Əlioğlu demişkən, heç şübhəsiz, yoxdu, olmamalıdı. 

Hərçənd bu cümləni yazan adam hökmən  qıraqdan baxmalıdı: deyək, dünyanın ən vecsiz, passiv keçmiş Həmkarlar İttifaqı binasının qarşısından ; ya da bir az da o yandan, nəinki yüzillərin ədəbi havalarına, dəblərinə tükü tərpənməyən, hətta bu dəblərin və ədəbi havaların  özünün belə toxunulmazlığını  qəbul etməyən postmdernizmin nə olduğunu heç vaxt bilməyəcək, “boynu dönməyən” Nizami heykəlinin ətrafından. Bir sözlə, şəhərin elə bir hissəsindən ki, orda, oralara bitişik küçələrdə, həmin küçələrdəki vitrinlərdə «monitor», «kamera», «digital», «hp», nə bilim bu kimi başqa sözlər çox rahatdılar, adidilər. Amma, bu sözlər və ya ya onların qohum-qardaşları olan başqa abrevviaturalar  və  kəlmələrdən- deyək «petrol», «offis» və « ambassador»dan ibarət lövhələrin qapısına qonduğu yeni peyda olan tikililər nədənsə daha çox İçərişəhərin qədim binalarına oxşamaq istəyir, adətən sarımtıl üzlük daşlarla örtülür,  sanki «məscid», «karvansara», «hücrə» və «dükanlar»la qonşuluq edə bilsin deyə çadraya bürünür, yaxud başına sarımtıl, qəhvəyi kəlağayılar  atır, sən isə düşünürsən, qapıda duran security binaları yox, məhz o abrevviatura və kəlmələri qoruyur. Gələcək keçmişin sonrakı adıdı və ardıdı deyə birinci cümləni dəyişməmək də olardı. Amma bu gün adlanan bir şey var - həyat! O öz çəkiciliyi, şirinliyi, işığı və kölgəsi, vəd dolu bərqi, lügəti tərkibi ilə adamı yolan çıxardır, deyir ki, sən başqasan, fərqlisən, mahiyyəti kənara qoy-bu əsas deyil, üslub haqqında fikirləş. Deməli, cümləni dəyişdirmək lazımdı: Qoşa Qala Qapısı keçmişə açılan iki pəncərəyə oxşayır yazmaq lazımdı. Pəncərə yerinə dəlik, deşik yaza bilməzsən- bu zövqsüzlük olardı, baca yaza bilməzsən, böyürdə baca olmaz, hal-hazırda isə ağlına başqa bir şey gəlmir deyə pəncərə yaxşıdı. Yəni, deyirsən ki, qapı pəncərə olub. Niyə də yox?  Miqyas dəyişib. Şəhər böyüyüb. Qapı da olub pəncərə.  Bəlkə heç bunu yazmayasan? Əla…Bura qədər yazdım və fikirləşirəm ki, mənasız bir şey alınıb, necə bilirsən davam eləməyə dəyər?
- Sual mənə aiddi, ya yazının bir hissəsidi.
-İkisi də ola bilər.
- Maraqlıdı, maraqlıdı. Amma Nizami Gəncəvini incidə bilərsən.
- Onsuz da çox incitmişik onu
- Başa düşmədim.
- Mən onu sonuncu dəfə nə vaxt oxuduğumu xatırlamıram.

* * *

-Oğlum, dur geyin, gedirik gəzməyə.
-Maşın sürəcəm ?
-Hə.
-Olleee.
-Nə?
-Heç nə
-Mən də gedirəm!
-Yox, qızım, sən xəstəsən.
-Həmişə belə olur.

* * *

- Nə düzəldirlər, ata?
- Səhnə?
- Niyə?
- Konsert olacaq.
- Hə, bildim, Kosa olacaq, Keçəl olacaq.
- Elədi.
- Dədə Qorqud da olacaq.
- Olacaq.
- Ata,  Heydər Əliyev də gələcək?
- Heydər Əliyev yox, İlham Əliyev.
-Tonqal qalayacaqlar?
-Hə.
- Bəs, səməni?
- Olacaq yəqin.
- Mən də şair olacam,ata?
- Gələcəyi bilmək olmur...

* * *

- Maşın sürdün?
-Sürdüm.
-Karandaş aldıq sənə?
-Bacıma da aldıq da...
- Pop-korn yedin?
- Hı.
- Kompüterdə oynadın.
-Düzdü.
- Sözün yadındadı?
- Nə söz?
-Mən yazanda danışmayacaqsan.
-Yaxşı…
- Söz?
- Söz!…Ata!
-Nədi ?
-Mən səni çox istəyirəm.
-Mən də səni.

* * *
- Ata, sabahın xeyir.
- Günortan xeyir, oğlum.
-Bəyəm günortadı?
-Hə.
-Anam hanı?
-Həkimə apardı Sonanı.
- “Medical”a?
-Yox, balası, bu gün heç hara işləmir, bayramdı.
- Nəzakət xalanın evinə getdilər?
-Əl-üzünü yudun?

* * *
- Qapı döyülür. Anamdı. Soruşub açdım.
- Sənə demişəm ki, mən evdə olanda kimdi soruşma.

* * *

-Hara gedirsən?
-İşə.
-Bəs, deyirdin heç hara işləmir?
-Elə işlər var ki, orda heç vaxt bayram olmur.
- Başa düşmədim.
-Allah qoysa, böyüyəndə başa düşərsən.
-Yaxşı.
-Saat 7-yə hazır olun.
-Bəlkə bir az tez çıxaq?
-İndi 4-dü.İki saata ancaq bitirərəm yazını. Bir də gedib-gəlmək. 7 yaxşıdı. Amma, Allah xətrinə, bir vaqon paltar yığma.
- Kefimdən yığıram. Qaçıb tərləyirlər də. Hər bir saatdan bir paltar dəyişirəm.
-Ata, mən də gedəcəm nənəgilə?
-Əlbəttə.
-Yazıq uşaqlar neynəsin, orda azadlıga çıxırlar da.
- Strinberq bilirsən, nə yazır. Yazır ki, heç nəyi olmamaq azadlığın nişanlarından biridir.
-Strinberq onu böyüyəndə yazıb.
-Danışdıq da saat 7- də.

* * *

O gün dostumla danışırıq, deyir  hər dəfə İçərişəhərdə addımlayanda anlayıram ki, ayaq basdığım hər yer
tarixdi. Fellinidən iqtibasdı. Özü deyir. - Axmatova  bilirsən nə deyib Romanı ilk dəfə görəndə? –soruşuram. - Bilirəm, bu şəhəri şeytan tikib deyib- mənə xatırladır ki, bu misalı ikinci dəfə çəkirəm. Mən isə öz növbəmdə bu söhbətin özünün təkrar olduğunu xatırladıram. - Görünür qocalırıq-deyir. Haqlıdı. - --Tarixdi, tarixdi burda hər yer- təkrarlayır dönə-dönə. - İncimə, amma mən  hiss eləmirəm. Ona qalsa, hər yer tarixdi…Yer kürəsi də Nuhun tufanını görən həmin tarixi yerdi.  Belədə isə, nə daşlar, nə köhnə tikililər, nə muzeylər məni tərətmir. Mənimçün, yığımcıl qadının  qab-qacaq rəfi ilə muzeylər arasında bir əlaqə  var. “İstanbul Modern”də, Venetsiya kolleksiyasında  xüsusi mətəx dəstini görəndə anladım bunu-deyirəm. - Cəsarətli olmusan- deyir. Özünə əminlik hisssin güclənib. - Bunuyeldən oyrənmişəm-deyirəm.  Fellinidən danışanda hökmən Bunuyeli xatırlamalıyıq. Bu avropa kinosunun adı-soyadı kimi bir şeydi.
-Başa düşmədim, Bunuyeldən niyə?-soruşur. -Hernikanı görmüsən? – soruşuram. Pikasso? Əlbəttə!-deyir. -Mənim «Hernika»dan həmişə zəhləm gedib. Düşünmüşəm ki, fiksiyadı və bunun bombardmanla, faşizmlə heç bir əlaqəsi yoxdu. Amma bu fikrimi Pikassonun avtoritetinə görə dilə gətirməkdən həmişə çəkinmişəm. Bir gün «Bunuyel Bunuyel haqqında» kitabını oxuyanda gördüm ki, Bunuyel də eyni fikirdədi. Qərara gəldim ki, bu fikri gizlətmək olmaz-deyə cavab verirəm. -Dovlatova münasibətin necədi?- soruşur. -Əla-deyirəm. -Yadındadı, «Fernan Lejenin gödəkçəsi»ndə nə yazır. Yazır ki, Renuar gördüyünu, Fernan Leje anladığını çəkirdi. Məsələ də budu, sən nəyi anlayırsan-deyirəm. -Yəni deyirsən, Pikasso müharibəni anlamırdı?- soruşur .  -Məncə Pikasso daha çox sülhü anlayırdı-deyirəm, çünki o rəssamdı və rəsmlərini bombardman altında çəkə bilməzdi. Yəni,  müharibəni , ümumiyyətlə şəri estetikləşdirmək olmaz. O şərdən başqa bir şey olmayacaq- əlavə edirəm. -Bilirəm, sən pornoqrafiya hesab eləyirsən, amma Pazolini bunu son filmlərində eləmişdi-deyir. Bunu gözləyirdim, bir adamın adı və soyadından sonra onun ləqəbi  bəlli olur, Pazolini də  avropa  kinosunun ayamasıydı. -Nəyi eləmişdi?-soruşuram. - Şərin estetikasını göstərmişdi.-deyir,- və bu da şərin özündən başqa bir şey olmamışdı, düzdü?  - Razılaşmıram. Fernan Lejenin işlərini görmüsən də?  - Hə, demək olar ki, uşaqların rəsm təfəkkürünü stilizasiya eləyib. - Ay sağ ol, Dovlatovun həmin hekayəsindən onu da xatırlayırsan ki, Leje vaqonlarda, küçə və divarlarda rəsm çəkmək arzusunda idi. Və yarım əsr sonra nyu-yorklu cüvəllağılar onun arzusunu yerinə yetirmişdilər . - Zənci küçə uşaqları qraffitini kəşf elədilər və hamı oldu  Leje -deyirəm. Hamı Leje olmadı - etiraz edir. Doğrudu, demək istəyirəm...- Leje ona görə uğurlu rəssam oldu ki, uşaqları anlamışdı. 50 il sonra divarlara rəsm çəkən uşaqlar isə heç Lejenin adını belə eşitməmişdilər-deyirəm.  Və…- susur. -Vəsi budu ki, həyatın özü olan xeyirxah üslub və əsrarəngiz uşaq dünyası həmişə yaşayır. Yəni, Fernan Lejenin uğuru, üslubdan daha çox o üslubun həqiqi müəllifi olan uşaqların təfəkkürü ilə baglıydı. Uşaq təfəkküründə şər olmur, yaxud belə deyək, olursa da  çox az olur, bilməyərəkdən olur. Leje bunu anlamışdı. Həqiqi mahiyyət öz formasında, üslubunda doğulur, bu insan və kölgəsi kimi bir şeydi. Amma Pikasso, sanki müharibənin nə olduğunu anlaya-anlaya onu stilizasiya eləməyə qalxmışdı,  halbuki bu yenə  şər olur.  -Deyirsən, şəri anlamaq olar?- soruşur. -İnsan şəri görə bilər və bu yetərlidi ki, ondan qaçasan. Amma onu tədqiq etmək…çox təəssüf ki, onu tədqiq edə-edə şərin özünə çevrilmək ehtimalı  artır. – deyirəm. - Sənə elə gəlmirmi ki, sənət elə şərin tədqiqi deməkdi?  -Təəssüf ki, çox vaxt belə olur. «Anna Karenina», «Cinayət və cəza», Bosxun rəsmləri, Kafka, Prust…Görünür ona görə bu əsərlər və adamlar dünyanı dəyişə bilmədilər. Postmodernizm də ona görə yarandı. İnsanın öz yaratdığı, yazdığı mətnlərə, rəsmlərə, musiqiyə, harmoniya axtarışlarına lağdı postmodernizm, ələsalmadı, bir qədər də iblisanə gülüşdü, tənədi. Amma eyni zamanda ilahi qaçılmazlıqdı.  Təssüf ki, sənətin xislətində günah var-deyirəm. -Allah qarşısındamı? –soruşur. -Zviad  bilirsən nə yazır ? -soruşuram . - Nə Zviad?  Bizim Zviad-deyirəm- Zviad Ratiani. Yazır ki, bizim evləri, göydələnləri, yazdığımız əsərləri Allah görmür. Yəni, demək istəyir ki, onların məsələyə dəxli yoxdu.Yəni, biz yenə Allah qarşısında əvvəlki kimi çılpağıq, lütük. - Göydələnlərin məsələyə doğurdan dəxli yoxdu. Anlaşılmazlıqdı göydələnlər. Necə deyir şair: göydələn-şaquli dalandı-özümdən misaldı bu. - Dalan demişkən, bir də gördün İçərişəhəri söküb yekə bir göydələn tikdilər yerində-Babil qülləsi. Bosxdakı kimi. -İstisna deyil-deyirəm. -Hər halda lap yaxın gələcəkdə zənginlərdən başqa bir kimsə yaşamayacaq burda .Ya offislər olacaq, ya da zəngin imarətlər. Sonra da gülümsəyib əlavə eləyir ki,  bir küçənin adına bax. - Sabir küçəsidi-deyirəm. -Hə də Sabir küçəsidi. Anlamadın, zənginlər «bizim evdə axta zoğal da yoxdu» deyən bir şairin adına olan küçədə yaşamağa məcburdular. O misra Vaqifindi demək istədim, amma yorulmuşdum, bəlkə ona görə bircə bunu  dedim ki, bu eyhamdan bolşevizm iyi gəlir. Dedi ki, xolestesitin artıb deyə iyə həssas olmusan. Sonra da uzun monoloq söylədi. Yaddımda çox az şey qaldı. -Bolşevizmin nəyi pisdi- dedi, -Kafka demişkən, dinə iddia eləməsəydi, hər şey qaydasında olardı. Mən isə  dedim ki, yaşadığımız  küçə və şəhər adlarını çıxsaq, mənim bu kütləylə ortaqlığım yoxdu. - Bəs xalq, ölkə - deyə soruşdu,- tarix, üstündə gəzdiyin yer kürəsi, udduğun hava nə olsun? Lap elə Novruz bayramını götürək?- hirslənmişdi. – Xalq arzudu, mən isə uşaqlıqdan xəyalpərəst doğulmuşam, tarixə isə inanmıram-dedim.

* * *

 « Yəqin ki, dindardılar. Saqqallarından və qısa balaqlarından bəllidi. Yaxşı bəs sən niyə onların söhbətinə qulaq asırsan? Hə?!  Kimsə küləyin yarpaqları niyə xışldatdığına qulaq asmaqda başqasını ittiham edə bilərmi?  Yox… Qala Qapısına çatanda yəqin ki, sağa dönəcəklər. Sonra da düz Arxeologiya muzeyinin sol tərəfiylə Kamil Əliyevin evinin yanından ötəcəklər… sonra karvansara…sonra isə yenə sağa. Və Qız Qalasının yanındakı dəmir sürahili taxta körpüdən keçib təkrar sağa burulacaqlar yəqin. Ordan  Ləzgi məscidinə beş addımdı . Hm…Mən də Qala Qapılarından  sağa dönəcəm, sonra həmən bir də sağa, burda onlarla yolumuz ayrılacaq, sonra isə Sabir küçəsi…»

* * *

- Babək atəşpərəst olub?
-Hə.
-Demək islamın düşməni olub.
-Belə çıxır da.
-Amma eyni zamanda milli qəhrəmandı da.
- Yəqin.
-Qəliz məsələdi.
- Tarixdə qaranlıq işlər hadisələr və adamlar çoxdu. Amma fikirləşirəm ki, bizdən Babək haqqında heç nə soruşmayacaqlar.
-Başa düşmədim.
-Misalçın bizdən soruşacaqlar ki, qonşuluqda əziyyət çəkən adama imkanın ola-ola niyə kömək etmədin. Sən də deyə bilməyəcəksən ki, həmin vaxt Babək haqqında filmə iyirminci dəfə baxırdın.
- Düzdü.
-Siz də şəkərbura bişiriblər?
-Hə.
-Olmaz.
-Niyə?
-Peygəmbər deyib ki, kim atəşpərəstin bayramında başqasını təbrik edərsə onun namazı qırx gün qəbul olunmaz.
- Axı, burda nə var ki, şirniyyatdı  bişiriblər də. Hər gün evdə nəsə bişirirlər də.
-Müsəlmanın iki bayramı var, Ramazan və Qurban.
- Axı, peygəmbər hər bir millətin özünün bir bayramını qeyd etməsinə etiraz etmirdi.
-Biz də bəyəm birdi ki. Axtarsan ilin yarısı bayramdı da.
-Mən yalançı bayramları demirəm.Novruz min illərdi bizim bayramdı.
- Olmaz.
-Bəs, peygəmbərin mövludu?
- O da olmaz.
-Niyə?
- İnsanların doğum günü və ölüm günü heç nəyi dyişmir. Xüsusi qeyd olunmağa layiq deyil. Əsas əməldi.
-Düzdü.
- Alovun üstündən atlanıb  ağırlığım-uğurluğum bu odda yansın deməklə də heç nə dəyişməyəcək. İnsana dərdi də, şəfanı da verən Allahdı.
-Elədi. Amma bizə soyuq olanda  alovda qızınırıq. Deyirsən, bu da olmaz.
- Qızınmaq olar. Amma odu ilahiləşdirmək olmaz.
- Kim deyir , odu ilahiləşdirmək lazımdı. İndi havanı çirkləndirmək olmaz deyəndə, bu o demək olur ki  biz havanı ilahiləşdiririk.
-Nə deyirsən, deyirsən indi hava bayramı da elan edək ?
-Hava çərşənbəsi var da.
-Boş şeydi.
- Sevinmək günahdı ki?
-Yersiz sevinmək ola bilsin.
- Yadındadı uşaqlıq vaxtı. Səhər duranda, gözümüzü açan kimi sevinərdik, divara düşən günəş şüasına, çöldən içəri dolan və bizə dopdolu həyat vəd edən səs-küyə, anamızın-nənəmizin  üzünü görəcəyimizə.Hətta çarpayımızın, yorğan-döşəyimizin qoxusuna da. Hələ bayramları demirəm.Yadındadı, Novruz bayramı olanda necə sevinirdik. Papaq atırdıq, tonqal qalayırdıq. Ətrafına toplaşardıq. Qələbəlikdən xoşlanırdıq.
-Amma indi uşaq deyilik axı.
-Bayram-sevinməkdi də. Adam hər gün sevinmək istəyir axı…
- Hər günü bayram etməyin yalnız bir yolu var. İbadət. .
-Günah da adamlarçündü də. Hər gün eyni səmimiyyətlə dua etmək olmur axı.
-Bilirsən dostum, bəzən əsas olan cəhd və niyyət olur, bəzən əsas olan ibadətin səmimiyyəti olur. Biz bunu qiymətləndirməyi bacarmarıq. Doğrusunu Allah bilir.
-Elədi…amma yenə də adam uşaqlıqdakı kimi sevinmək istəyir axı..
-Kim sənə mane olur axı?
- Sevinə bilmirəm e.
-Görürsən, deməli məsələ başqadı da.

 * * *

  Qoşa Qala Qapısının sağ tayından keçirəm.
« Sökürlər ki, səhnəni ? Bu yekə səməni plakatını rəngləyib yeni ildə üstünə yəqin  ya şaxta baba çəkəcəklər, ya da qar adam. Elə bil heç səhər canlı yayımla translyasiya olunan qələbəlik burda deyilmiş…Cəmi 4-5 saat keçib…»
Sabir küçəsinə dönəndə plakatları, taxta konstruksiyaları, xalça-palazı daşıyan fəhlələrin səs-küyü də öləziməyə başladı . Küçə əvvəlki sakitliyindəydi. Nə qonşuluğundakı bayram qələbəliyindən xəbəri vardı, nə də söküntü vurhavurundan. Bircə külək «Buta film»in taxta qapısını cırıldadı…
- «Buta film» ordadı ki?
- Hə...
- Ümumiyyətlə pis deyil.

Комментариев нет:

Отправить комментарий