11.02.2012

Bir cocuq var uzaqlarda


Dilqəm Əhməd

Bir qadın

Hər yer soyuqdan,
soyuq isə onun ürəyində donub

qarda paltosuna, ürəkdə kədərinə bürünən
bir qadın yürüyür kölgəsindən üç addım geridə

Bir əlində əlcək, bir əlində etinasızlıq
Boğazında şərf, başında qərarsızlıq

Gözlərinə yaş, fikirlərinə daş ağırlığı çöküb
Ən son ona çatdığından xoşbəxtlliyin beli bükülüb

Bir qadın yürüyür, bərk-bərk qəhərini düymələyərək
Qar təmizliyindən qaçaraq, sevinci düyünləyərək.

Göz gör-görə qadın intiharla əl sıxışır
Çovğun qar altında intihar və qadın bir-birinə qarışır.

Dəniz
(Qızım Dənizə)

Bir cocuq var uzaqlarda
Daha doğulmamış
Adı Dənizdir.
Mavi gözləri var
Parıltılı saçları
Günəş heç bir bürcdə olmayacaq
O doğulanda
Çünki Günəş də onun mavi gözlərini izləyəcək.
Adı Dəniz olacaq.
Ömrü dəniz kimi duru.
Saçlarına xoşbəxtlik taxılacaq
Təbəssümündə güllər açılacaq
O doğulanda
Bütün evlər
Küçələrə atdıqları cocuqları geri qaytaracaq
Sərt soyuqlarda
Heç bir ümid üşüməyəcək küçələrdə.
Dəniz yuyacaq
bütün kimsəsizlərin kədərini
Dəniz dəyişdirəcək,
seçmədən yaşadıqları qədərini
İndi keçmişin uşaqları,
əzab çəkən əlləri, ümid dolu gözləri ilə
Dənizə məktub yazacaqlar
Daha doğulmadan
Dəniz qədər məktubu olacaq Dənizin.
Bir cocuq var uzaqlarda
Keçmişin məktublarını oxuyur
Oxuduqca keçmişdə zaman geriyə axır
Artıq keçmiş də, gələcək də gülümsəyərək baxır

Sən ağlama, qadın
(Aysel üçün)

Başına çiçəklər səpələnən
sərkərdə ikən
çiçəyini axtaran sərgərdan ikən
susuzluqdan səhrada ağlayan
son bir çiçəyi dərərkən
üsyan etdim
bütün göylər ağlasın
yalnız, sən ağlama qadın.

Ölümün himnini yazan bəstəkarın
Sonuncu bəstəsini dəfnində dinlərkən
Qaraya bürünmüş paltarlar altında
Bəyaz üzlər ağlarkən
Bütün notlar, ağlasın
Yalnız sən ağlama qadın

Dəmir yolunun soyuğunda
Bir qoca bədənini daşıyarkən
Köksünə sıxdığı kitabla birgə
Həm bədənə, həm kitaba soxularkən
Bütün namərd bıçaqlar ağlasın
Yalnız, sən ağlama qadın

Meqapolis adlı bazarda
Sevgilər tükənərkən
Ayrılıqlar və çirkinliklər
baş alıb yüyürərkən
Bütün hüznlü fahişələr ağlasın
Yalnız, sən ağlama qadın.

Şeir yorğan-döşəkdir
Mahnılar sığınacaq
Üzünü divara dayadığında
Sevgi üçün doğulan
Kədərli süfrələrə qonaq olan
Uzaqlardakı bir qadın oxuyacaq:
Ağlama gözbəbəyim
“Sən ağlama”, qadın

Комментариев нет:

Отправить комментарий