11.02.2012

CAVABSIZ MƏKTUBLAR


 Aliq Nağıoğlu. Hekayə

“Səni sevməyənin qoynuna girdin,/ Səni sevəninsə yuxularına...”

Axır vaxtlar çıxış yolunu cavabsız məktublar yaz­maq­da tapırdı. Haçansa gülünc saydığı bu məş­ğu­liy­yə­tin verdiyi təskinlik ağlasığmaz idi. Hər halda getdikcə ar­tan məktubları oxuduqca aldığı ləzzəti heç nəylə mü­qa­yi­sə eləmək olmazdı. Axırda fikirləşirdi ki, onun haq­qın­da hər şeyi bilir və yazmağa son qoyacaqdır. Lakin səhəri gün iki­qat təşnə ilə işə girişirdi.

Hərdən iş yerində də ətrafındakıları unudurdu. Sağ əlinin iki barmağı ilə uzun müddət alnını sığallaya-sı­ğal­laya fikrə dalırdı. Düşünürdü ki, utancaqlığındanmı, ya cəsarətsizliyindənmi, ona ürəyini heç zaman aça bil­mə­yə­cək. Onunla kəlmə kəsməyi ağlına gətirəndə həyəcandan qəlbi uçunurdu.
- Bu gün yaman bikefsən, - arxada dayanmış orta yaş­lı qadının səsindən diksindi. - Adamın sənə yazığı gəlir... - ona elə gəldi ki, qadın bic-bic gülümsündü. Onun xətrini istəyirdi, həmişə söhbətləri tuturdu.
- Nə deyim vallah, desəm ki, həqiqətdə heç nə yoxdur, inanmazsan... – o, gülümsəməyə çalışdı.
- Sənə neçə gündür fikir verirəm. Nəsə belə bir­tə­hər­sən eyy... - qadın sifətini turşutdu, çiyinlərini atdı. – An­caq mənimlə açıq danışa bilərsən: bəlkə bir köməyə, məs­ləhətə ehtiyacın var...  – O, yüngülcə ah çəkdi. Sanki da­­xilində nəsə tərpəndi, bir neçə dəfə udqundu. Belə mə­qa­mın yaranması deyəsən ürəyindən idi.
- Bilmirəm bütün bunlar barədə danışmağa dəyər, yox­sa yox. Özümlə bacarammıram...
- Sənin bu dərəcədə iradəsiz olmağına inanmaz­dım, - qadın cavan qızlar təki dodaqlarını büzdü.
- Əvvəl həyatımda belə şeylər olmayıb. Elə bil yat­mış­dım, birdən ayılmışam, - o, məsum-məsum danışırdı.
- Yaman çətinə düşübsən, - qadın şuxluqla ona ba­xan­da nədənsə göz qapaqlarını endirdi.
- Hə, qəribədir, qabaqlar belə bir şeyi ağlıma gə­tir­məz­dim. Sənə bəlkə də gülməli görünər, cavab almadığın adama uzun-uzadı məktublar yazmaq yaman yorucu məş­ğu­­liyyətdir. Əslində, o, uzaqda deyil, qonşu şöbədə iş­lə­yir...
- İstəyirsən, sənə gözlənilməz bir sirr açım: burda bir qız tanıyıram, səndən çox xoşu gəlir. Ölür səndən ötrü, doğru sözümdür, həmişə səninlə maraqlanır... - O isə öz aləmində idi:
- Həyatda hər şey olur, amma özgənin sözünü öz­gə­yə demək asandır. Yəqin belə vəziyyətdə nə söy­lə­yə­cə­yin sənə aydındır. Bir də burda yazılanları çatdırmaq lazımdır, - o, dörd qatlanmış vərəqi köynəyinin döş ci­bin­dən çıxartdı. - Yazdıqlarımda qorxulu heç nə yoxdur... - Bir qədər əvvəl həvəslə danışan qadının sifəti ciddi gör­kəm aldı:
- Ərimdən qorxuram, onun necə adam olduğunu bilmirsən... bilsə, mənim üçün yaxşı olmaz.
- Hər şeyi götür-qoy eləmişəm, başqa yol görmü­rəm. Daha kimlərinsə bu işdən xəbərdar olmağını istə­mi­rəm, - o, narazı-narazı danışırdı.
- Ərim çox xəbis adamdır, dar düşüncəlidir. Dünən səninlə söhbət etdiyimi görübmüş: bütün günü maraq­la­nır­dı ki, qadınla kişi arasında nə söhbət ola bilər. Mən səni təriflədim, dedim ki, kaş bütün kişilər onun kimi olaydı.
- Sən dediklərinə tam əmindin?- o, qeyri-ixtiyari qımışdı.
- Mən səni görürəm, sən başqaları kimi deyilsən. Sən inana bilməzsən ki, həyatda necə insanlar var, - qadın az qala qışqırırdı. - Amma sənin xətrinə dəyə bilmərəm, - dedi və onun əlindən bükülü vərəqi alıb uzaqlaşdı.
Heysiz-heysiz öz yerində oturdu. Əli işdən soyu­muş­du. Özünü inandırmaq istədi ki, bu iş yaxşı sonluqla qur­tarsa, həyatında çox şey dəyişməlidir.
...Başını qaldıranda qadın onunla üzbəüz oturmuş­du. Ürəyinin əsdiyini hiss edirdi. Ona elə gəldi ki, qadın lap çoxdan gəlib oturub.
- Sən Allah, məni bağışla, bayaq, deyəsən, lap həyasız­lıq elədim, məndən asılı olmadı, yəqin başa dü­şər­sən, - o, qırıq-qırıq danışırdı.
- Sən heç narahat olma, nəsə... Hə, mən mətləbə tez keçdim, - qadın yorğun görünürdü. - Sənə deyim o, ağıllı qızdır, məni başa düşdü, sakitcə dinlədi, əsəbiləş- mədi də.
- Mən onu heç vaxt yaxından görməmişəm. Daha doğ­rusu, belə imkan olanda da baxa bilməmişəm, - o, gü­nah­karcasına mızıldandı.
- İndi bunun elə bir əhəmiyyəti yoxdur. Mən sənin məktubunu ona verəndə kəskin şəkildə etirazını bildirdi. Bu, mənim üçün çox gözlənilməz idi.
- Ona qədər yəqin nəsə demək lazım idi, - onun səsi elə bil quyunun dibindən gəlirdi.
- Bilirsən, hər şey, əslində qaydasında idi. Mən son də­rəcə arxayın idim. Sənin barəndə danışanda eyni açıq idi, razılıqla başını tərpədirdi, inanmazsan... amma belə dönüşü gözləmirdim.
- Heç nə demədi də?..
- Dedi... Hə-əə, yadıma düşdü, dedi ki, o, çox key­dir – yəni sən. Mən soruşdum ki, o, bununla nə demək is­tə­yir? Cavabında hər iki əlini uşaq təki yana açdı. Mən ha­zır­laşırdım ki, daha nəsə soruşum, amma o, məni qa­baq­ladı: dedi ki, bir də bu söhbətə qayıtsam, ərimə de­yə­cək. – Araya çökən sükutu yenə qadın pozdu:
- Çalış, unut getsin, belə yaxşıdır.
- Hə... elədir, - güclə eşidiləcək səslə dedi. - Amma lazım deyil ki, bu barədə kimsə bilsin.
- Mən, sən, Allah.
- Bir də o... - dərindən ah çəkdi. - Hə, təəssüf ki, o...
- Sən belə şeyləri ürəyinə salma, cavansan. O cız­ma­qaraları da cır tulla, belə yaxşıdır, - qadın əzab çəkə-çəkə danışırdı, o isə artıq heç nə eşitmirdi.

Комментариев нет:

Отправить комментарий