04.02.2012

Düşüb sümüyümə bu qış havası

image
Əlirza Həsrət

MÖCÜZƏDİR BU SEVDA

 Eşqə zəvvar könlümü,
 Müqəddəs pirlər çəkir.
 
Möcüzədir bu sevda,
 Adamı sirlər çəkir.
 Qanında yu qəribi,
 Aparsın su qəribi.
 Sevdiyin bu qəribi,-
 O qürbət yerlər çəkir.
 O qırışmış əllərin,
 Rəsmidir xəzəllərin.
 Qocalan gözəllərin,-
 Zülmün şairlər çəkir...

TOVUZ AŞIQLARI
(Şair Əkbər Qoşalı üçün)

Bu sevgidən düşüb dərdə,
Boyun əyib çiçəklər də. -
Ürəyimi pərdə-pərdə,
çəkdi Tovuz aşıqları.
Bu nə avaz, bu nə səda,
Kim düşməz ki belə oda? -
Gözəllikdə bu dünyada,
təkdi Tovuz aşıqları.
Bu da imandan, dindəndir,
Kəməndim saz telindəndir.
Dədə Qorqud elindəndir,
Türkdü Tovuz aşıqları.

NECƏ DÖNÜM O KƏNDƏ...

Ocaq sönüb,közdən uzaq düşmüşəm,
Şirin-şəkər sözdən uzaq düşmüşəm.
Hər könüldən, gözdən uzaq düşmüşəm,
Bundan belə yetməz ünüm o kəndə.
Dağlarında ahımdan min naxış var,
Ara vermir gözümdəki yağışlar.
Dedim, bəlkə günahımı bağışlar,
Hey səcdəyə durdum yönüm o kəndə.
Kəndim deyib, için-için sızladım,
Bu qürbətin qar-qışında buzladım.
İndi çoxu anadır o qızların,-
Nə olacaq töhfəm mənim o kəndə?!
Baxışımla tozun silib yolların,
Yaxasına çiçək düzdüm kolların.
Burda mənə qucaq olan qolların,-
Arasından necə dönüm o kəndə?!
                                                                           
AYRILIQ YERİ...

Göz yaşı ürəyin fırtınasıdır,
Rəsmini çəkmışəm sənin bu suda.
Dünyanı fəth edib son şərqisiylə,-
Bizdən divanəlik öyrənir Qu da.
Bilirəm yanında daha yerim yox,
Məni unutmaqdır ehtiyacın da.
Tumurcuq fəslisən bu ayrılığın,
Ahım çiçəkləyib dar ağacında.
Ayrılıq yeridir bu dünya elə,
Biz vida gözləyən bir köç qatarı.
Gəl ocaq qalayıb ötən günlərdən. –
Bir ümid işığı yandıraq barı.

QARŞILAYIN BU QƏRİBİ

Sevib son nəğmə şəklində,
Əzizləyər Qu, qəribi.
Həmdəm olar göz yaşına,-
Aparınca su qəribi.
Sevənlərə yara çəkər,
Yarasızlar hara çəkər?
Gözlərindən dara çəkər, -
Gecələr yuxu qəribi.
Bir gül solğun, bir çiçək tər,
Dağlar yar ahına sipər.
Siz, eheyy!.. Qürbətdəkilər, -
Qarşılayın bu qəribi!..

BİR CÜT ƏTİRŞAH

Gəl, ah göndərək dağlara,
Dağları bu ah saxlasın.
Kasıb daxması könlümdə,-
Qız, səni Allah saxlasın.
Hava eşq,torpaq eşq,su eşq,-
Ölümə oxuyan Qu eşq.
Sevdiyim günahdı bu eşq,-
Bizi bu günah saxlasın.
Ayna tutub ötən çağa,-
Belə kim girsə bu bağa,
Gözümdə suya qoymağa,-
Bir cüt ətirşah saxlasın!

QAR İŞIĞINDA

Alıb dövrəsinə şaxta babanı,
Qar topu oynayır çöldə uşaqlar.
Qışın çöhrəsində təbəssümə bax,
Şaxta göz eləyir, gülümsəyir qar.
Düşüb sümüyümə bu qış havası,
Könlümdə, gözümdə qar çiçəkləyib.
Məni bu illərin yol ayrıcında, -
Kövrək xatirələr yaman təkləyib.
Şaxta libasını geyinib qışın, -
Baş alıb gedirəm qar işığında.
Dilimin ucunda bir nəğmə bitib,-
Sevgiylə həsrətin qarışığında.

Комментариев нет:

Отправить комментарий