12.02.2012

Gələcəyə inamla addımlamaqdan ötrü

Rasim Qaraca

ANS-də yayınlanan “Cümə Sevinc Osmanqızı ilə” verlişinin ötən (10.02.2012) buraxılışında görkəmli tarixçi, Ziyalılar Forumunun aparıcı simalarından biri, professor Cəmil Həsənlinin sadəcə bir cümləsi üzərinə öz düşüncələrimi burada yazıram. 
Tarixin saxtalaşdırılmasından söhbət gedərkən Sevinc xanımın çox cəsarətli – “37-ci illərdə repressiya olunanlar haqqında donos yazanların adları hələ də açıqlanmır, çünki onların övladları indi çox yüksək vəzifələrdədir” – fikrinə cavab olaraq Cəmil müəllimin söylədiklərini yaddaşıma arxalanaraq burada yazıram. 

Sözbəsöz doğru olmaya bilər, ancaq fikrin məğzi belə idi: “O dövrdə donos yazanları günahlandırmaq lazım deyil, çünki sistem özü naqis idi, hətta repressiya olunanlar özləri-özləri haqqında onlar haqqında donos yazanlardan daha kəskin şeylər yazırdılar. Günahkar insanlar deyil, o dövrdə mövcud olan siyasi sistem idi”.

Cəmil müəllimin efirdə ifadə etdiyi fikirlərin məntiqi ardıcıllığı bundan ibarət idi. Professor sadə bir həqiqəti dilə gətirmişdi və mən də onun bu fikirləri ilə tamamən razıyam; həqiqətən günah sistemdə axtarılmalı və öz yoldaşları, cığırdaşları haqqında donos yazanlar, onların Sibirə və ya Nargin adasına göndərilməsinə vəsilə olanlar təqsirləndirilməməlidirlər. Çünki dövr o cürə idi və indiki nisbətən demokratik şəraitdə kimsə onların yerinə olsaydı başqa cür hərəkət edərdi deyərsə əsla səmimi görsənməz.

Məncə bu mükalimədə qəbahətli olan və nədənsə Cəmil müəllimin dilə gətirmək istəmədiyi, bəlkə də bəsirətsiz qaldığı başqa bir məqam var. İllərdir özünü 60-cı illər ədəbi nəslinin könüllü vəkilinə çevirən, müstəqillik dövründə yetişən yeni nəsil yazarları haqsız çıxaran, onların “60-cı illər ədəbi nəslinə qarşı hücumlarıdan narahat olduğunu” bildirən və “bu adamların günahı nədir ki, ataları yazıçı olub” deyən çox qiymətli bu alimimizin son dərəcə prinsipial bir nöqtəyə diqqət etməsini arzu edərdim.

Şübhəsiz donoslar yazılıb, satqınlıqlar edilib, kimlərsə öz həyatlarını qurtarmaq bahasına kimlərinsə həyatını güdaza verib, kimlərsə güllə yeyib, kimlərsə güllər içində bəslənib... Ki bütün bunların təkcə bir adı var: Cinayət! Bir anlığa dağılan, məhv olan o ailələrin, nəsillərin taleyini gözlər önündə canlandırmağa çalışaq. Özü də tarix elmindən agah olanlar bunu daha yaxşı bacararlar. Başqalarını demirəm, təkcə Cavidin ölümündən sonra həmin donos yazanlar ədəbi yaradıcılığa davam etməkdən ötrü öz ruhlarını son damlasına qədər İblisə satmış olmalıydılar. Axı, kimdə olmasa da yazıçıda və elm adamında vicdan faktoru bütün baxış bucaqlarının önündə olmalıdır. Öldürülən, nəsli kəsilən o insanların ruhu qarşısında biz sorğu-sualsız qala bilərikmi? Necə edək ki, haqq öz yerini tapsın, Müşviqlərin gor əzabına son qoyulsun?

Nə qədər ağır da olsa, zaman o cürə idi deyib bütün bunların üstündən keçək. Nolar, adam donos da yazar, işverənlik də edər, üzə də durar... Sistem o cürə olanda hər şey də bu cürə olar. Lakin... 
 

Qəbahətli olan odur ki, keçmişdə baş vermiş həmin o pisliklərə görə həmin o donos yazanların davamçıları öz pis əməllərini hələ də davam etdirirlər, atalarının əməlləri indi onların yaşam kredosuna çevrilib, keçmişdə baş verənlərdən əsla peşiman deyillər və o cinayətləri etiraf etmək haqqıda heç düşünmürlər. İnsan öz pis əməlini etiraf etmirsə o əməli təkrar edəcək deməkdir. Sadəcə “dövr o cür idi, biz o cinayətlərin baş verdiyini etiraf edirik və buna bənzər şeylərin təkrar olmayacağına söz veririk” desələr bununla da məsələ həll olunub gedəcək. Ancaq bunu etmirlər, artıq “sistem bu cürədir” deyərək öz yaramaz əməllərinə haqq qazandıran böyük bir kütlə var qarşımızda və onların da Cəmil müəllim kimi havadarları var.

Xatırladıram ki, tarixi hadisələrə görə üzr istəmək və günahları etiraf etmənin siyasi praktikada çoxlu örnəkləri vardır. Amerika hakimiyyətinin hindulardan, almanların nasist cinayətlərinə və Holokosta görə dünya ictimaiyyətindən və yəhudilərdən üzr istəməsini misal olaraq göstərmək olar. (37-ci ildə Azərbaycan intelligensiyasının və milli düşüncə daşıyıcılarının soyqırımı bizim xalq üçün bunlardan heç də balaca faciə deyildi, o tarixdən etibarən biz şəxsiyyət defisitini hələ də yaşamaqdayıq).

Sözümün yekunu olaraq, Avstraliya parlamenti təmsilçilər palatasının 13 fevral (söz vaxta çəkər) 2008-ci ildə Avstraliya yerli əhalisindən üzr istədiyini əks etdirən sənəddən bir cümləni burada gətirirəm: “...biz baş vermiş fəlakətə açıq gözlə baxmaq və gələcəyə inamla addımlamaqdan ötrü... üzr istəyirik”. Məncə bu ifadə çox önəmlidir – “gələcəyə inamla addımlamaqdan ötrü”, əks halda bizim gələcəyə heç bir inamımız yoxdur, çünki həmin hadisələrin təkrar olmayacağına heç bir təminatımız yoxdur.

Комментариев нет:

Отправить комментарий