12.02.2012

“Mədəni” deportasiya - qastaybayter köçü (I yazı)

 XAQANI ƏLIYEV


Azərbaycan demoqrafik fəlakət astanasındadır. Hər gün şimal istiqamətlərinə yola düşən qatarlarla 18-50 yaşlarında əmək qabiliyyətli soydaşlarımız vətəni tərk etmək məcburiyyətində qalırlar. 
Ailələrini dolandırmaq üçün keçmiş MDB ölkələrinə üz tutan həmyerlilərimizin sayı ildən-ilə artır, təkcə Rusiya üzrə ötən il bu rəqəm 500 min olub. Bu nə deməkdir? O deməkdir ki, Azərbaycanda olan işsizlərin 500 mini də ölkəni tərk etdi...
Ölkə rəhbərliyi və Dövlət Statistika Idarəsinə inansaq, belə bir şey baş verməyib, ölkədəki 40 minə yaxın rəsmi işsizə qarşı(!), 


350 min iş yeri açılıb.... 


Bu haqda növbəti saylarımızda, geniş söhbət açacağımız üçün, təkcə onu deyə bilərik ki, ümumiyyətlə, açılan iş yerləri və işsizlərin sayı haqda rəsmi məlumatların heç bir məntiqi əsası yoxdur. Sadəcə, qorxulu dərəcədə şişirdilmiş rəqəmlərdir. Nəticə də belədir - “son 10 ildə açılan 1,4 milyon iş yerinə qarşı 350 min işsiz”. Yəni təxminən vakant 1 milyon iş yeri (?) olmasına baxmayaraq, hələ də yenilərini “açmaq”dan yorulmurlar.
Yorulan isə... Bakıdan şimala gedən qatarlar (!) və Rusiya miqrasiya xidməti əməkdaşlarıdır. Xidmətin rəhbəri Konstantin Romodanovski, 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasının üzvləri qədər, yəni 500 min azərbaycanlı miqrantın ölkəyə yerləşdiyini bildirib. Rəsmi məlumatlara görə, təkcə Rusiyaya son on ildə 2 milyondan çox azərbaycanlı köçüb. Əsasən Moskva, Sankt-Peterburq və Tümen vilayətərində yerləşən soydaşlarımızı yeni adla çağırırlar - qastaybayterlər, yəni muzdlu fəhlələr...


Asta qaçan qastaybayterdir... (Yeni Azərbaycan atalar sözü)


Əslində bu termin “fremdarbayter” olmalıdır. Nasist Almaniyası zamanı məcburi əmək koloniyalarında çalışanları bu adla çağırırdılar. II Dünya Müharibəsindən sonra, Almaniya işçi qüvvəsinə kəskin ehtiyac duyduğu zaman, Türkiyə və Yuqoslaviyadan gələn işçiləri də bu adla çağırırdılar. Lakin bu termin artıq faşist Almaniyasında olduğu kimi, qorxulu deyildi. Müvəqqəti işləmək icazəsi sonradan alman pasportu ilə əvəz olunurdu.  
Təxminən eyni prinsiplə, 90-cı illərin sonundan keçmiş sovet respublikalarından Rusiyaya köç edənlərə isə qastaybayterlər(!) deyirlər. 
Bu termin də alman mənşəlidir, lakin təyinatı bir az fərqlidir, bu termin keçmişdə universitetlərə mühazirə oxumaq üçün gələn... professorlara deyirdilər. Rus millətçiləri, bu termini daha da ironik formada tələffüz etməkdən çəkinmirlər, televiziya və bəzi KIV-lərdə, “qastRABayter” sözünə rast gəlmək olur... 
Rusiyada olmuş istənilən azərbaycanlı, yəqin ki, sözlərimi təsdiqləyər, rus polislərin bizimlə təması “uvajaemıy” kəlməsi ilə başlayır. Cəmi bir neçə dəqiqədən sonra məlum olur ki, bu, ironik bir ifadədir...
Son rəsmi məlumatlara görə, təxminən 3 milyon 500 min soydaşımız təkcə Rusiyada yaşayır. Son 10 ildə gələnlərin sayı isə iki milyondan artıqdı. Təkcə Moskva şəhərində əhalinin son siyahıya alınması zamanı (10 milyon 969 min nəfər), azərbaycanlılar ümumi sayın 14%-ni təşkil ediblər ki, bu da ruslardan sonra ikinci göstərici sayılır. Bütün keçmiş sovet respublikalarından gələnlərin təxminən yarısı bizim xalqın payına düşür. 
Şimal paytaxt Sankt-Peterburqda isə, təxminən 850 min soydaşımız yaşayır ki, 2002-ci ildə bu rəqəm 380 min nəfər olmuşdu. Daha sonra Tümen vilayəti gəlir...
Miqrasiya problemləri ilə məşğul olan rəsmilərin sözlərinə görə, qeyri-leqal şəkildə fəaliyyət göstərən soydaşlarımız da kifayət qədərdir. 


Elmlər doktorumuz... tikintidə fəhlə işləyir


Yeni dalğa miqrantları öyrənən sosioloq, Andrey Perov nikbindir - azərbaycanlıların son köçü üçün heç bir narahatçılığa əsas yoxdur, işlək, yaradıcı, vicdanlı insanlardır. Rusiyalı alimi heyrətləndirən isə, Sankt-Peterburqda tikintidə adi fəhlə işləyən fəlsəfə elmləri doktoru olan soydaşımız olub. “Komsomolskaya pravda” qəzetinə müsahibə verən alim-fəhləmiz(!), işdən sonra elmi monoqrafiya üzərində işlədiyini bildirir və ailəsinə kömək edə bildiyi üçün özünü xöşbəxt sayır (http://spb.kp.ru/online/news/1064702).
Perovun araşdırması zamanı məlum olmuşdu ki, onların arasında sovet dövrünün fərdi təqaüdçü tələbələri, ümumiyyətlə, 100 mindən çox ali təhsilli soydaşımız var...
XX əsrin ilk yarısında 2 dəfə Azərbaycan xalqını deportasiya etmək cəhdi olmuşdur...


http://azadliq.info/


Комментариев нет:

Отправить комментарий