04.02.2012

Məmləkətimin bic demokratiyası

Arzu ABDULLA

Səudiyyə Ərəbistanında zinada təqsirli bilinən qadının boynunu elə küçədəcə qurulmuş "xalq məhkməsində" qılıncla vururlar. İslam qanunlarının höküm sürdüyü ölkələr arasında ən qəddar qanunlar Səudiyyə Ərəbistanındadır.
Söz yox ki, dünyaya demokratiya dərsi keçən Amerikada da ölüm hökmü icra olunmaqdadır. Əslində ölüm hökmünün icrası qanunlara hörmətlə yanaşan hər bir ölkə üçün çox gərəklidir. Bizdə isə bu, tamamilə başqa şəkildə icra olunur. Günahsız insanı öldürən qatil pul verib məhkəmədən xilas olur. 


Əgər qatilin məhkəmədən xilası üçün pulu çatmırsa, bu sonraya saxlanılır. Yəni, qatil müəyyən yollarla zindandan amnistiyaya düşüb azadlığa çıxır. Cinayət cəzasız qalanda nə olursa, bizim məmləkətdə elə o da olur. Çünki bizdə Ərəbistan və ya Amerika modeli yoxdur. Bizdəki bazarıstan modelidir.
Ќəşələnib, maşına minib, üstəlik, avtoşluq edən şəxs yoldakı günahsız adamın üstündən sürətlə keçib, onun ömrünə son qoyur. Belələri cəzasız qalır. Sabahı günü avtomobilinə bir az da qaz verir. Yadımdadır. Bir dəfə xalq artisti adı verilən şouxanımlardan biri televiziyada qırmızı işıqda keçdiyini və yol polislərinin ona toxunmadığını fəxrlə deyirdi. Deyəsən, verilişin mövzusu şıltaqlıq idi. Bu şouxanım da şıltaqlığından, ərköyünlüyündən danışırdı. Bu məmləkət ağzına qədər doludur belə papanın gül balaları və kiminsə gül şıltaqları ilə. Bu məmləkət ağzına qədər doludur, bu güllərin və bülbüllərin qurbanları ilə.
Bayaq demokratiyadan və bu olmayan zadı dünyaya sırıyan Amerikadan danışdım. Amma mənim üçün çox maraqlıdır, Səudiyyə Ərəbistanında hələdə qadınların səs vermək və maşın sürmək hüququ yoxdur. Heç zina edən qadının küçənin ortasındaca boynunun vurulmasından da ABŞ-ın "xəbəri yoxdur". Amma İranda qadınların hüquqlarının pozulmasından çox "narahatdır". ABŞ-ın demokratiyası bizim məmləkətdəki demokratiyanın anasıdır.
Bir-iki ay öncə xaricdən aldıqları qrantın hesabına küçəyə tökülüb "Urmiya gölünü qurutmayın!",- deyənlərin səsi kəsilib day. Ona görə yox ki, Urmiya gölünün quruması dayanıb, ona görə ki, quraqlıq qurbağaları yağışı gözləyən kimi bu dil pəhləvanları da xaricdən gələcək növbəti qrant layihəsini gözləyirlər. Yəni, bu ana-bala demokratiyanın bir oxşar cəhəti var; hər ikisi xeyri gələn tərəfə üzünü tutub "mən demokratiyayam" deyir.
Urmiyanın qurumasına üst-başını yırtıb üsyan edənlər, bir dəstə taksi sürücüsünün çörəyinin kəsilməsinə etiraz etmədi. Heç bu "milli ruhlu", "vətənpərvərlər" Hacıqabul gölünün qurumasına da səslərini çıxarmadılar. Hər halda ölkənin ən kasıb bölgələrindən olan Hacıqabulda filan qədər ailəyə bu göldən tutulmuş balığın, vurulmuş ov quşlarının hesabına bir tikə çörək pulu gedirdi. İndi bu adamlar evlərinə bir parça çörəyin pulunu hardan aparacaqlar? Heç bunu soruşmadı dil pəhləvanları. Eh, qrantsız nə etiraz?
Bu günlərdə facebook-da bir dəstə "demokratiya" savaşçısı "İranlı oyunçu inqilab etdi",- başlığıyla bir videoçarx paylamışdı. Videoçarxda oğlan və qızlar fransızca danışa-danışa paltarlarını soyunurdular. Sən demə, bizimkilər elə bilirmiş ki, "inqilab" eləcə tuman çıxarmaqdan ibarətdir. Tumanını at başına gəz küçədə, bu olacaq inqilab. Belə götürəndə bizdə ən çox inqilabı telekanallar edir. Hələ də fikirləşirəm, görəsən, məmləkətmizdəki "demokratiyanın" atası kimdir? Cavab tapmayana qədər adını belə çağıracam: Məmləkətimin bic demokratiyası...

Комментариев нет:

Отправить комментарий