04.02.2012

Nə unuda bildim, nə bağışladım


Səhər Əhməd

Alın ətrafımdan bu adamları,
Dərin bircə-bircə, qoparın məndən.
Keçin günahından bu adamların,
Gəlin, bircə-bircə aparın məndən.

Mən hardan tanıdım bu adamları,
Niyə ürəyimdə bu boyda ərk var?
Ətrafda nə qədər adam var, tanrı,
Çiynimdə elə bil o qədər yük var.

Xoş-beş eylədilər, hal soruşdular,
Anlada bilmədim halımı heç cür.
Göstərə bilmədim, yol soruşdular,
Tapmadım bu haqqın yolunu heç cür.

Çıxdım əllərindən, qaçdım təkliyə,
Gəldilər, gördülər yenə də məni.
Yaxına buraxdım tanıyım deyə,
Yaxından vurdular yenə də məni.

Nə unuda bildim, nə bağışladım,
Yaman  çox istədim bu namərdləri.
Elə hallarına baxıb ağladım,
Elə maqnit kimi çəkdim dərdlərin.

Silin yaddaşımdan bu adamları,
Gözümü yumanda oyanmasınlar.
Canımı tapşırram, deyin onlara
Başımın üstündə dayanmasınlar.

Комментариев нет:

Отправить комментарий