10.02.2012

Oxumaq, oxumaq... oxumamaq?! - ARAŞDIRMA



Son dövrlərdə kitab oxumaq mədəniyyətinin iflasının, mütaliənin azalmasının fundamental səbəbləri nədir?

İnformasiya əsrində yaşayırıq. Bu əsrdə uğur əldə etməyin ən əhəmiyyətli mənbəyi kitablardır. Bəs son vaxtlar kitaboxuma səviyyəsinin azalmasının fundamental səbəbləri nə ilə bağldır? Bu suala ən yaxşı cavabın oxucular tərəfindən verilə biləcəyini düşünərək, araşdırmamıza sosial şəbəkələrin birində kiçik sorğu keçirməklə başladıq. Respondentər maraqlı fikirlər bildiriblər.


Oxucular nə düşünür?

Fərid Abdullah: "İndi kitab oxumaq artıq dəb halına gəlir. Camaatda rəğbət oyatmaq istədilər, dəbə dönüşdü. Əksəriyyət kitab oxumaqdan az səmərə götürəcəyinə inanır". 
 
Oğuz Türk Qızı: "Kitab oxumağın azalması yanlış təbliğin nəticəsidir".

Cəlal Qurbanlı: "Son vaxtlar ona görə kitab oxumağa maraq azalıb ki, əksəriyyət artıq yeniliklər axtarır. Sovet vaxtlarında elektronika və kompyuter olmadığından kitablara maraq daha çox idi".

Tale Həsənov: "İnsanlar indi daha çox elektron vasitələrdən informasiya alırlar. İnsanların gündəlik həyatında dəyişikliklər olub. İndi Cek Londonu, Suat Dərvişi və digərlərini oxumağa həvəs qalmayıb. “Discoveri”də və internetdə daha maraqlı mövzular var".

Azər Musayev: "20 il əvvəl olmayan nələr varsa, hamısı kitab oxumağın azalmasına səbəbdir".

Ramil Qafarov: "Bizim uşaqlıq vaxtımızda kənd kitabxanalarının bolluğu bir yana, ucqar dağ kəndləri üçün səyyar kitabxanalar vardı. İri avtofurqonlar (o vaxt "avtolavka" deyilərdi)  gedərdi kəndlərə. Camaat da bəyəndiyi kitabları götürüb oxuyardı. Adını qeyd edərdilər, 1 aydan sonra maşın gəlib kitabları yığardı, oxucular yenilərini götürərdilər. Hər şey vərdişdən, ənənədən asılıdır. O vaxt mənim üçün alınan qalaq-qalaq uşaq nağıl, povest, fantastika kitabları indi də durur. O zaman hər kəs oxuyurdu. Ucqar dağ kəndlərində də. Təəssüf ki, sonralar bu ənənə itdi".

Yazarlar nə düşünürlər?

Kulturoloq, yazar, portalların birinin baş redaktoru Aydın Xan Əbilov düşünür ki, elektron informasiya dasıyıcıları - auido və vizual sənətlərin inkişafı, mətn ədəbiyyatının köhnəlməsi kitab oxumağın azalmasının əsas səbəblərindəndir. Bir də ki, gənc nəsil oxumağa meylli deyil - sanki intellektə allergiyaları var..."

Yazıçılar Birliyinin üzvü, şair Elxan Zal isə hesab edir ki, son vaxtlar kitab oxumağın, ümumiyyətlə, mütaliənin azalmasının çoxsaylı səbəbləri var: “Məncə, saysız-hesabsız qəzet-jurnalların mövcudluğu, 5-10 manat pulu olan hər kəsin ağlına gələni yazıb kitab buraxması nəticəsində kitab-qəzetin “ucuzlaşdırılması”, dünya şöhrətli əsərlərin dilimizə tərcümə olunmaması, gənclərin vaxtlarını əyləncəyə və internetə sərf etməsi kimi səbəblər əsas rol oynayır”.

Biz niyə kitab oxumuruq?

Son dövrlərdə kitaba marağın azalması faktı inkaredilməzdır. Sosioloqların firkincə, bu tendensiyanın fundamental səbəbləri var. Burada həm cəmiyyətin mənəvi-psixoloji, sosial-iqtisadi durumunun, həm də düşüncə tərzinin önəmli rolu var.

Əvvəllər kitabxanalarda oturmağa yer tapılmırdı. O dövrdə şagirdlər, tələbələr bayramlarda, ad günlərində bir-birinə kitab hədiyyə edirdilər. Şəxsi kitabxanamda orta məktəb illərində hədiyyə edilmiş 300-dən artıq kitab var. Özümüzdə olanları oxuyub qurtaranda, dostumuzla başqasına dəyişib oxuyurduq. Məktəb kitabxanasından başqa, şəhər kitabxanalarından birinin də üzvü olurduq. O zaman metroda və avtobusda əksəriyyətin əlində kitab, qəzet, jurnal görürdük. İndi belə şeyə nadir hallarda rast gəlinir.

Respublikada elmi-texniki, bədii ədəbiyyat əsərləri kütləvi tirajlarla (yüz minlərlə) dərc olunurdu və ucuz qiymətə satılırdı. Ötən əsrin 80-ci illərində Bakıda 300-dən artıq ixtisaslaşmış kitab mağazası var idi, indi 5-6 belə mağaza olar, ya olmaz...

Müstəqilliyimizin ilk illərində cəmiyyətin çoxsaylı sosial problemlər içində qalması, təhsilli mütəxəssislərin cüzi maaşa işləməsi, savadsızların isə böyük biznesdə uğur qazanması, böyük vəzifələrə qoyulması tendensiyası respublikada elmə, kitaba marağı azaltdı.
 

Son günlərdə bir çox ziyalıların müraciəti oldu - kitaba əlavə dəyər vergisinin ləğvi ilə bağlı. Bu təşəbbüsü alqışlamaq olar, lakin qeyd etməliyik ki, bundan ən çox nəşriyyatlar xeyir götürəcək. Kitab oxumağı yadırğayan kütləyə qiyməti bir az aşağı salmaqla kitab aldırmaq mümkün deyil.



Niyə rusdilli kitablar daha çox satılır?

Yuxarıda bunun səbəbləri ilə bağlı hörmətli oxucular və yazarlar fkirlərini bildirdilər. İndi isə, bu problemə fərqli kontekstdə toxunmaq istəyirik.

Bir qədər əvvəl belə bir məlumat açıqlandı ki, kitab bazarında alıcıların yalnız 12 faizi azərbaycandilli oxucudur. 80 faiz oxucu rus dilində kitab alır. Bunun da fundamental səbəbləri var. Əvvəla, Azərbaycan dilində ciddi ədəbiyyat çox azdır, elmi-texniki ədəbiyyat yox dərəcəsindədir. Son vaxtlar düşük şeir kitabları, məddahlıq əsərləri və səviyyəsiz küçə kriminalları haqda “dedektiv əsərlər” kitab bazarını başına götürüb.

Azərbaycan dlində bir neçə ciddi kitab dərc olunur, onlar da o dərəcədə gülüc tirajla çap olunur ki, bu rəqəm bir ortabab kəndin əhalisindən 10 dəfə azdır. Yerli yazarlardan səviyyəli ədəbiyyat adına yalnız dünya şöhrətli yazıçı Çingiz Abdullayevin kitablarıdır ki, onlar da çox biabırçı formada tərcümə olunub. Adamda elə təəssürat yaranır ki, sanki bu tərcüməçi qarşısına dünya şöhrətli yazarı rüsvay eləmək məqsədi qoyub.

Rusdilli kitabların daha çox satılmasına gəldikdə, burada bir neçə əsas səbəbi qeyd etmək lazımdır. Rusiya böyük dövlətdir, rus dili nəhəng bir məkanda ümumi işlək dildir. Böyük dövlətlərdə maliyyə imkanları və tələbat böyük olur, bu səbəbdən dünyanın başqa ölkələrində dərc olunan bədii və elmi ədəbiyyat o saat tərcümə olunur. Əslində, kimin hansı dildə kitab oxuması problem deyil, insanların nədən kitab oxumadığı problemdir. Ona görə də, əsas sual budur:

Kitab oxumağı necə təbliğ etmək lazımdır?

Bəri başdan deyək ki, “İndi adamların vaxtı yoxdur” bəhanəsi uğursuzdur. Baxın, hər kəs “sabun operaları”na, düşük məişət seriallarına, küçə müğənnilərinin deyişməsinə baxmağa vaxt tapır, amma ktab oxumağa vaxt tapmır? Hətta, vaxtı bol olan birisinə pulsuz dəyərli kitab-jurnal verəndə belə oxumur, amma serialdakı uydurma qəhrəmanların həyat hekayələrini, bu rolu oynayan artistlərin gerçək həyatlarını, uzaq qohumlarını dostlarını və zövqlərini yaxşı bilirlər.

Deməyin ki qəzet-kitab almağa pulları yoxdur. Dost-tanışa kitab və ya jurnal verirsən  ki, orada olan çox maraqlı bir şeyi oxusun. 1 aydan sonra soruşursan, görürsən ki oxumayıb. Onu da nəzərə almaq lazımdır ki, dünyanın ən nəhəng və kitab məsələsində ən ideal dövləti olan SSRİ-dən bizə Azərbaycan və rus dillərində milyonlarla dəyərli kitab qalıb. Kitabxanalar kitabla doludur. Deməli, pul yoxdur bəhanəsi keçmir.

Maraqlı bir fakt var ki, kitabxanalardan götürülən kitabların da 2/3 hissəsi rus dilində olur. Tovuz şəhər Mərkəzi Kitabxanasında işləyən Xəyalə Abbasova ilə söhbətim zamanı mənə maraqlı faktlar verdi.

Məsələn, kitabxanada bir çox kitablar həm rus dilində, həm də Azərbaycana dilində var, amma rus dilindəki kitablarda “tutar” qalmayıb oxunmaqdan, Azərbaycan dilindəkilər isə təp-təzə qalıb. Kitabxanalarnın daimi abonentlərinin çoxu ruslar və digər rusdilli xalqların nümayəndələridir. Təkcə bu fakt göstərir ki, bütün bəhanələr əsassızdır.

Bəhanə gətirənlər 40 qəpik verib qəzet almağa da 40 cür bəhanə gətirir. Hər şeydən əvvəl özümüz nümunə olmalıyıq ətrafımıza.

İndiki vəziyyətdə kitab oxumağın təbliğ edilməsi üçün televiziyada yeni kitablarla bağlı verilişər, süjetlər verilməsi, mətbuatda kitabların pulsuz reklamı təşkil edilməli, müxtəlif müsabiqələrdə, intellektual oyunlarda uduşa kitablar qoyulmalıdır. Yeri gəlmişkən, bəzi Azərbaycan telekanallarında yayımlanan intellektual proqramlarda məhz belə edilir. Bu təcrübəni təbliğ etmək lazımdır.



Elçin Bayramlı                       milli.az

Комментариев нет:

Отправить комментарий