12.02.2012

Qəhərinə boğulduğumuz tale


 Cabir Albantürk

...Yeddi yerə bölünmüş yurd,
Yetmiş yönə bölünmüş xalq...
Yox tarixdə bu boyda dərd,
Ümidsiz olmaq da yasaq

Taleyinlə barışırsan?!
Düşüklərə qarışırsan?!
Tüpürmürsən bu taleyə;
Hər tikən yem bir tələyə...

Ad qövmünin taleyini
Yaşayırıq...tələ yeni:
Çox hissənə yadlar hakim,
Azına yad başlıların
Can-ruhuna çatlar hakim-
Qəmdən çatılıb qaşların
Bir qismin dərdlər dəlisi,
Ya haramlar hərisidir,
Yarın harınlar köləsi,
Ya arsızlar sürüsüdür
Bicinlə, gicinlə yetim-
Yetim haqqı yeyəninlə,
Dərdin, ağrın, xəcalətin,
Dözümünlə, oyununla...
Bədbəxt millət, quyruq millət
Alnına yazılıb daha,
İki yüz illik bu zillət
Səni döndərib qabağa...
Nəfsinin nökəri oldun,
Taleyinin yiyəsi yox.
Yükçəkən təkəri oldun-
Neft-qazının...niyəsi yox?!
Çün ölkə şeytan bazarı,
Papışçı dinsiz yazarı.
Başçından aşçına haram,
Layiqsən buna bəlkə də...
Yaltaqlıq, qorxaqlıq, yalan;
Zahirin, batinin, paran...
Çatırsan sona bəlkə də,
Deyəsən çürüyür mayan...

Yad təqvimi bayram edir,
Torpağı yad tapdağında.
Düşmənlə danışıq gedir
Başsız qalmış papağında...

Комментариев нет:

Отправить комментарий