11.02.2012

Səfil idi. Amma Hamsunu oxumuşdu, İnşaat İnstitunu bitirmişdi


Kənan Hacı

Həyatım boyu olduqca qəribə adamlarla rastlaşmışam. Sadalamaq istəmirəm, insanlıq həddini aşmış müxtəlif növ həşəratlar görmüşəm, onların ağlasığmaz əməllərini görəndə damarımda qanım donub. Düşünmüşəm ki, axı bu məxluq dünyaya adam kimi gəlib, həşərat kimi yox, bəs bu qədər çirkaba harda bulaşıb, rəzalət onun içində necə kök atıb?

Bağda yalquzaq həyatı yaşadığım günlərin birində başıma çox qəribə bir hadisə gəldi. O vaxtlar adətən, sübh tezdən yuxudan qalxırdım ki, şəhərə gedən ikinci qatara çata bilim. Həmin gün hava olduqca soyuq idi, axşam da möhkəm içmişdim, ayılanda hiss etdim ki, vaxtı qaçırmışam. Yerimdən qalxıb həyətə çıxdım. Hamam-tualet həyətin yuxarı başındaydı, y
arıyuxulu vəziyyətdə o tərəfə getmək istəyəndə hamamın (bu tikilinin içində hamama aid olan heç bir şey yox idi, köhnə, pas atmış bir çarpayını ora atmışdım, üstündə də nəm döşəkdən başqa heç nə yox idi) taxta qapısı aramla cırıldadı. 


İçəridən iri cüssəli, bədheybət bir məxluq çıxdı. Bu məxluqa insan demək qeyri – mümkün idi. Sifəti saç – saqqalın içində itib- batmış, əyin –başı istahadan çıxmışdı.

Yuxunun dumanı dərhal beynimdən çəkildi.

-Burda neynirsən, yeri, yeri çıx get! – deyə qışqırdım.

Heç elə bil bu adama söz deyilmədi. Sakitcə daş səkinin üstündə oturdu.

-Hamınız beləsiniz, birinizin ürəyində rəhm yoxdur, -dedi və məndən siqaret istədi. Evdən siqaret gətirdim, üç- dördünü verdim ki, çıxıb getsin. Amma bu əcaib “qonağın” getmək fikri yox idi.
- Sən Allah, çıx get. Mən də işə getməliyəm, vaxtım yoxdur. Hardan gəlib girmisən bura?

Sualım cavabsız qaldı. Amma bu əcaib məxluq siqareti barmaqları arasında yumşalda –yumşalda mənim heyrətimə səbəb olan bir sual verdi:

-Sən savadlı adama oxşayırsan. Hamsunu oxumusan?

Yerimdəcə quruyub qaldım. Fikirləşdim ki, bəlkə səhv eşitmişəm, bəlkə məni qara basır? Tərslikdən də həmin günlərdə Knut Hamsunun “Aclıq” romanını təzəcə oxuyub bitirmişdim.

Heyrətdən bərəlmiş gözlərimə baxıb gülümsədi. Bu nəydi, Allah?! Ömrümdə belə əcaib gülüş görməmişdim, elə bil bir topa tükün içində yekə bir qurd qıvrıldı.

Hamsunun aclıqdan fiziki əzab çəkən qəhrəmanını xatırladım. Əli hər yerdən üzüləndə aclıq ona o qədər güc gəlir ki, tövlədən bir əlçim ot oğurlamağın yolları haqqında fikirləşir. Bazardan bir parça çiy ət tapmaq ümidilə ora yollanır, qəssab ona iri sümük atır ( “sümük verir” deyə bilmirəm), sümüyün üstündə azca ət gözə dəyir, o, qəssaba elə ürəkdən təşəkkür edir ki, qəssab təəccüb və heyrətlə ona baxır. Günlərlə Kristianiyanın küçələrində dolaşan bu sərsəri ölməmək üçün kağız tikələrini yeməyə məcburdur.

Bir anlıq mənə elə gəldi ki, bu məxluq elə Hamsunun təsvir etdiyi sərsəridir. Artıq qeyri- ixtiyari reallıq hissini itirməyə başlayırdım.

-Hamsun??? Sən onu hardan oxumusan?

Güldü:

-Bilirsən, mən Hamsunun qəhrəmanından da beşbetər tipəm. Mənə icazə ver, iki-üç gün bu tövlədə yatım.

Tövlə deyəndə hamam deyilən yeri nəzərdə tuturdu.

-Ora tövlə deyil, hamam kimi bir yerdir,- dedim.

-Nə olur-olsun, icazə ver, heç olmasa, burda iki gün qalım,- deyərək müti baxışlarını üzümə zillədi.

Bu səfil həmin o rütubətli yerdə on gün qaldı. Evə qayıdanda ona da çörək alırdım, nəsə bişirəndə payını verirdim.

Bu on gün ərzində öz həyatını mənə danışdı. Yaşı əllini keçmiş bu məxluq dediyinə görə, Əfqanıstan döyüşlərində iştirak edib, indiki İnşaat Mühəndisləri İnstitutunu bitirib, sonra ailə qurub və qazancı da pis olmayıb. Sonra içkiyə qurşanıb, getdikcə bu, qarşısıalınmaz bir hala çevrilib. Onun əyyaşlıq edib küçədə yatdığını görən arvadı bir gün birdəfəlik onu evdən qovub. Dediyinə görə, iki qızı var, on ildən çoxdur ki, beləcə səfil həyatı yaşayır. Ailəsindən xəbəri yoxdur, arvadı onu evdən qovduqdan sonra evini satıb, onların hara köçdüklərini isə heç cür öyrənə bilməyib.

İndi səfil həyatı yaşayan bu məxluq vaxtilə kitab həvəskarı olub. Servantesin “Don Kixot”unu, Voyniçin “Ovod”unu oxuyub, evində yaxşı kitabxanası olub. Arvadı ona lağ edirmiş ki, bu mənasız kitabları niyə doldurmusan evə? Ondan adını soruşsam da demədi, “adımı neynirsən?” dedi. Hamsunun “Aclıq” romanını rusca oxuyub. Deyirdi ki, o romanda tunelin sonunda işıq görünür, mənim həyatımda isə işıq görünmür.
Sonuncu gün hava çox soyuq idi, səhər evdən çıxanda evin açarını ona vermək istədim və dedim ki, yazıqsan, belə havada burda donarsan, al bu açarı, get evdə uzan.

Açarı məndən almadı. Dedi “mən ev adamı deyiləm, bura mənim üçün cənnətdir, sən çıx get!”

Axşam şəhərdən qayıdanda evə girməmiş tez onun qaldığı yerə getdim. Qapının cəftəsinə çöl tərəfdən məftil keçirmişdi, məftili çıxarıb içəri keçdim, baş çatladan üfunət iyindən beynim hərləndi, tez özümü çölə atdım.

O, getmişdi. Bir neçə gün keçdi, ondan xəbər çıxmadı və mən o sərsərini tezliklə unutdum.

Son günlər Bakını görünməmiş şaxta, qar, çovğun bürüyüb. Neçə gündür o sərsəri ağlımdan çıxmır. Aradan təxminən 5-6 il keçir, fikirləşirəm ki, yəqin çoxdan ölüb.

Hamsunu oxumuş o sərsərini həyata qaytarmağa gücüm çatmadı...

Həyatımda bir də heç vaxt belə qəribə “qonaq” olmaz yəqin...

Комментариев нет:

Отправить комментарий