11.02.2012

Sətiraltı oyunu



Anar Yusifoğlu
Cəhənnəm. İki qır qazanı hazırlanır, içərilərində də cəhənnəmliklər. Birində mələklər qapağı bərk-bərk saxlayıblar, altına od vururlar; digərinin isə ümumiyyətlə qapağı yoxdur, mələklər hərdən-bir bu qır qazanının altına odun atıb kənara çəkilirlər.

Mənzərədən təəccüblənən və növbəsini gözləyən adam mələklərdən birini yanlayır:

- Nə məsələdir? Niyə qazanlardan birini möhkəm qoruyursuz, o birisinə isə heç qapaq da qoymursuz?

Mələk deyir:

- Birinci qazandakılar yəhudilərdir. Bunlar elə millətdi ki, bir-birinə dayaq olub yuxarı dırmaşır, sonra o birilərini də çəkib çıxarırlar. Ona görə qapağı bərk-bərk tutmuşuq ki, çıxa bilməsinlər. İkinci qazandakılar isə müsəlmanlardır. Onların ağzını bağlamağa ehtiyac yoxdur. Heç bircəciyi də xilas olan deyil. Çünki hansı çıxmaq istəsə, o biri ayağından çəkib qır qazanının lap dibinə salacaq…

Köhnədən-köhnə, məşhur, hər dəfəsində də qazanların sayı artıb-azalan bu məşhur lətifəni sonuncu dəfə bir neçə gün öncə xatırlamışam. Bir masa ətrafında dostlarla oturmuşduq, ordan-burdan danışıb, adının sizlərə heç nə deməyəcəyi Adamı gözləyirdik. Bir tanışımız yaxınlaşdı: Hal-əhval, xoş-beş. Soruşdu, Adamı gözlədiyimizi dedik.

- Eh, onunla da haqq-salam saxlayarlar? Özü kimi əclaf bir də özüdür – yalançı, riyakar, abırsız…

Sözünü kəsməyə vaxt tapmadıq, gözlədiyimiz dostumuzun aralıdan hay-küylü salam-kəlamı eşidildi. Hamımızdan əvvəl geri çevrilən isə bayaqdan monoloq söyləyənin özü idi:

- Ay səni xoş gördük! İndicə səndən danışırdıq ki, bu harda qaldı görəsən? Sənsiz məclisin dadı-duzu yoxdur da.

Hamımız quruyub qalmışdıq. Nə deməliydik, nə deyəydik?
Bizlər niyə beləyik? Bir-birimizin ayağının altını qazanda, heç bir işimizə yaramasa da, başqasını gözdən salmaq üçün dəridən-qabıqdan çıxanda bir anlıq düşünürükmü ki, belə əxlaqla özümüzü qara qəpiklik edirik?
Bu natamamlıq hardan qaynaqlanır, səbəb nədir? Arxasınca min şər danışıb, üz-üzə gələn kimi insanın boynuna sarılmaq, özünü doğma adam kimi göstərmək nəyə, kimə lazımdır?
 

Mən artıq bezmişəm «filankəsi niyə tez-tez efirə çağırırsan, o ki səviyyəsizin biridir» sözlərindən. Bu sözləri tez-tez dilə gətirən adamların hamısının məclisində həmin «Filankəsi» başda oturan gördüm. Dünən yerdən-yerə vurduğu adama şəninə təriflər yağdıra-yağdıra söz verən, «səviyyəsiz» nitqinə ağzı açılı, gözləri bərəli halda «heyranlıqla» qulaq asan minsifətli bilirmi ki, kimlərsə bilməyə bilər, axı, mən bilirəm! Mənim gözümə baxa-baxa dünən söydüyünü bu gün hansı sifətlə öyür?

İllərdir bu barədə düşündüm, amma bunu ayrı-ayrı fərdlərin eqoist natamamlığına, genetik çatışmazlığına yozdum. Ancaq bu rüsvayçı münasibətlərin ictimai status qazandığını görəndə artıq susmaq olmur; artıq bu rüsvayçılıqlar sərhədləri aşır, milli mənliyi təhdid edir.

Nə olmuş? Biri bizdən önə düşmüş, maraqlı ideyalar vermiş, milli mənafe naminə orijinal təşəbbüslə çıxış etmiş, ölkədən kənarda səsi duyulmuş…

«Niyə mən yox, O? Onu necə şərləyim?»

Bu sualların doğurduğu şizofrenik çılğınlıq masqaları yırtır, insanların əsl sifəti ortaya çıxır: dünən bir mələk kimi ağ örpəyə bürünüb «qanad çalmaqla» məşğul olanın birisinin əslində iblisanə məkrinin hüdudlarını görəndə heyrətlənməyə bilmirsən. Yəni doğrudanmı insanlar özlərini və təmsil olunduqları xalqı hansı duruma saldıqlarını anlamırlar?

İstedadlı insanların paxıl, qısqanc və ədalətsiz olduğuna heç inanmadım. Əgər insanın daxilində istedad işığı varsa, heç bir halda paxıllıq zülməti onu qaranlığa bürüyə bilməz.

İstedad, özünəinam, öz potensialını qiymətləndirmək qabiliyyəti – mənəvi əxlaqı qoruyan mükəmməl sistem, dəyərdir. İnsan öz yerində olanda simasını qoruya, ləyaqətini saxlaya bilir.
Heç bir insan istedadsız deyil, sadəcə, potensialla iddia üst-üstə düşməlidir. Bacarmadığın bir işin qulpundan yapışmaq, istedadı məhv edən şöhrət azarına tutulmaqdır.

Hə, gəldik əsas məsələyə. Yerində olmayanların şöhrət xəstəliyindən cəmiyyətimiz əməlli-başlı əziyyət çəkir. Yalan, şərləmə, başqasının intellektinə sahib çıxma, özünü gözə soxma istəyi – hamısı istedadsızların şöhrət düşkünlüyüdür.
Əslində, ideya oğurluğu – cibgirlikdən, ev yarmaqdan, fırıldaqçılıqdan… daha dəhşətlidir. Çünki maddi oğurluq cinayət məsuliyyəti doğurur və bu, qanunlarla tənzimlənir, ideya oğruları isə bütün fiziki məsuliyyətdən azaddırlar. Onlar yalnız mənəvi məsuliyyət daşıyırlar. Vicdanları varmı ki, mənəvi əzab da çəksinlər? Vicdanı olan oğru olarmı, yalan danışarmı, riyakarlıq edərmi?
Amma bu oğrular bir şeyi unudurlar. El deyimində bir söz var: deyir, kimin adına təzə bir şey alınarsa, ilk olaraq onun geyməsini istəyərlər. Səbəbini kimsə izah edə bilmir, sadəcə, el inancıdır.
İzahsa mistikadadır. Mistik nəzəriyyəyə görə, hər bir əşyanın material ruhu var və bu ruh ilk «gördüyü» şəxsin ruhuna uyğunlaşır, onunla bütövləşir.

Başqasının paltosunu, ayaqqabısını, köynəyini oğurlamaq, hətta geymək də olar. Ancaq həmin paltarın material ruhu «ilk sahibini» tanıdığından, o geyim oğrunun əyninə uyuşa bilməz.
İdeyalar, təşəbbüslər də elədir. Hər birinin ruhu var və oğru onu nə qədər öz adına çıxmağa çalışsa da, ideyanın ruhu başqasında olduğundan, «təşəbbüsünü» izah etdikcə, danışdıqca özünü batıracaq, məhv edəcək. Çünki ideyanın ruhu onu tanımır, onun düşüncəsi ilə bütövləşmir…

Mövlanə deyiləm ki, belələrinə məsləhət verim və «ya göründüyün kimi ol, ya da olduğun kimi görün» deyim. Mövlanəyə qulaq asmayanlar məni sayıb sözümü tutarlarmı?

Yalnız bizdən sonrakılara demək istəyirəm: vallah, Mövlanə doğru deyir, siz özünüz olduğunuz qədər seviləcəksiniz, sizi başqasının yox, öz sözünüz böyüdə bilər – hətta həmin sözü zəif, gücsüz, çarəsiz hesab etsəniz də. Çünki sizin necə hesab etmənizdən asılı olmayaraq, «özü kimi olmaq» orijinallıqdır. Müasir dünya isə məhz orijinal olanı seçir.

Bu qədər bəsit!

Комментариев нет:

Отправить комментарий