12.02.2012

Ula, ulum qurd, ula

 Bəxtiyar Hidayət

1-EROTIK ŞEİR

Bu yaşda bu gözəllik nədi
İllər keçir sen daha da gözəlləşirsən
Yəqin Allah hələ tamamlamayıb sən adlı əsərini

Lap bir vədə o qara bulud tellər ağ bulud olsa da
Yəqin ürəyim açilar göy üzü kimi
Sənə illərin əli dəymir
Görən mənim əlim dəyəcəkdimi

O dərya gözlərin dalğalandıqca
Qocalığı sahiləmi atır ölmüş suiti kimi
Hayıf min hayıf

Yaxşı armudları ayılar yeyir
Bir nadan sözünü yorganın altda
Bir şair sətirin altında deyir

2.TÜRKÇÜLÜK ŞƏRQİSİ

Nostalji hisslər ilə
Hökm edirsən Avropaya, Afrikaya, Asiyaya
Mobil telefon da deyilsən ki
Seni qoyaq vibrasiyaya
Və titrə, titrə, titrə-özünə dön ey türk oğlu türk

İşıqsız, qazsız evlərdə,
Çadır şəhərciklərində,
soyuqdan-titrə, titrə, titrə
və özünə dön eytürk oğlu türk

sənə toy tuturlar
ayaqyalın oynayırsan,
aclıq olsun, kef olsun
əsdirə-əsdirə oyna, oyna,oyna
və özünə dön ey türk oğlu turk

Boz qurd kimi yox
Balıq kimisən
Gözlərin çıxmasa bişmirsən-
qarmaqların ucunda
titrə, titrə, titrə və özünə dön ey türk oğlu türk

Turan yaratmaq istəyirdin
Hər yerdə bir Tiran yaratdın
indi qorxudan əs, titrə, titrə, titrə
 və özünə dön ey türk oğlu türk

3.ƏZİZİM

Bu sənin xalqındı, əzizim,
-yarısı bütdəşib,
yarısı lütdəşib
yarısı Lutdaşıb

Bu sənin xalqındı, əzizim,
Dağları buraxıb aranda məskunlaşır
Srağagün ruslaşırdı
Dünən özünə dönmüşdü, türkləşirdi, qurdlaşırdı
Bu gün qoyunlaşır

Bu gedişnən sabah
Axırı lap yaxınlaşacaq
Birisigün Latınlaşacaq

BOZ QURD

Ula, ulum qurd, ula
bəlkə bu it günündən
yazıq canım qurtula

Tülkülər yerinə göz dikib,
adamlar dərinə göz dikib
yol göstərmə bu millətə
iqtidar adını mafioz qoyar, ekstremist qoyar
polislər elə günə qoyar, elə günə qoyar
heç dərin də ələ gəlməz

Bar-bar bağırar müxalifət mətbuatı
o, əsil diktatordu
yeyib sürü-sürü qoyunu, neçə-neçə eşşəyi, atı

Qarnını cırar ikiayaqlı keçilər
dəmirçi demokratiyanın itilədiyi buynuzlarıyla

Bu iqtidarla müxalifət arasındakı
şəngülüm-şüngülüm oyunu sənlik deyil
"Qapı-qapı siyasəti"nə keçib
birliyə çağırma milləti
bu ölkədə bütün qapılara
at nalı vurulub
elə biləcəklər şokalad gəzirsən

DAĞLAR

Nədən oldu, düşəmmirsən
Yaxın, dağlara Bəxtiyar
Toyqabağı gedib düşə
Oxun, dağlara, Bəxtiyar

Gözləri yaş alıb gedər
Ürəklər quş olub gedər
Bir vədə baş alıb gedər
Axın, dağlara, Bəxtiyar

Nə ölmürsən, nə itmirsən
Bir ürəyi isitmirsən
Özün getmirsən-getmirsən
Ahın dağlara, Bəxtiyar

RAMİL SƏFƏROV ÜÇÜN

Salam qardaş, bilirsənmi ki
ordumuzun büdcəsi yaxındı iki milyarda
ali baş komandanın büdcəsi
30 milyardı keçib
Özünün də başı qarışıb
qumara, kef damağa,gəzintiyə, bilyarda
amma o bir dollarlıq baltanın gördüyü işi
görə bilmədi milyardlar, milyonlar belə

Bayraqla ayağını silirdi Markaryan
bəs dilində bayraq bitənlər
özləri ayaq silirlərsə dilləri ilə
onlar da bayraqla ayaq silmirlərmi
onların da başı kəsiləsi deyilmi
hərəsi bir Markaryandı onlar belə

Sənə ömürlük cəza verildi-ömürlük şərəf
ali baş komandana ömürlük hakimiyyət
bizə ömürlük səfalət
bax belə, əvvəl belə, sonlar belə

Baş kəsdin qan tökdün
hanı indi Dədə Qorqud ad verə sənə
baba ad verə-verə getdi-indi də oglu ad verir
şərəfsizə şərəfli ad
xalq şairi-otur –qalx şairi
xalq artisti-otur-qalx artisti
əməkdar artist-dəməkdar artist
medallar belə, medalyonlar belə

Bu Ana Vətəndən ötrü baş kəsdin
amma burda Ana Vətəni satırlar
Ana Vətənin başını tuturlar
(Eşidib ürəyini tutacaqsan)
Hərə bir yandan gəlir
ATƏT belə, BMT belə , Rusiya belə İran belə masonlar...belə

Indi o vicdanla
ya türməyə düşmüşdün burda
ya cəriməyə düşmüşdün burda
bəlkə də sökülmüşdü paqonlar belə

Sənin rütbən qalxmasa da
adın qalxdı qardaş
(onsuz da burda itə daş atırsan generala dəyir)
o genaralların ulduzları
öldürdükləri əsgərlərin tale ulduzu
öldürdükləri savaş ruhunun tale ulduzu
göydən yerə enib o ulduzlar
sənin ulduzların göyə qalxıb
sabahkı savaşlara yol göstərir
ala bilməz o ucalığı
milyonlar belə, milyardlar belə, trilyonlar belə!!!!!!!!!!

Комментариев нет:

Отправить комментарий