11.02.2012

Üstünə qar yağır skamyaların


Profil ŞəkliSəhər Əhməd

Üstünə qar yağır sıraya düzülmüş yaşıl skamyaların. Onlar həmişəyaşıl və miskin.
Üstünə qar yağır ağacların yaddaşındakı qoşa şəkillərin, tindəki ayrılıqların, ayaq səslərinin. Adamlar da ağaclar kimidi, dözüb dayanar, adamlar da ağaclar kimidi, hərdən xatirələri qanayar.

Həsrətlər azmış kimi yağışlar da başlayar, həsrətlər azmış kimi yağışlar da bitər bir gün, ayrılıq qoxulu günlər də tükənər. Və sonra üstünə qar yağar duyğuların, ocaq üstünə yağantək. Adamlar da ağaclar kimidi, öncə ən əziz hisslərini itirib çılpaqlaşmağa başlar, sonra üşüməyə. Adamlar da ağaclar kimidi, sevər və unudar.
Hər kəs nə vaxtsa qurban kəsər öz Sevgisini, qohum-qardaşa paylar, isti qanından içər, son dəfə həzz alar acılar zalım ikən. Bir daha içməyə belə isti qan, tökməyə belə isti göz yaşları olmayacaq, ölməyə belə gözəl səbəb olmayacaq bir də. Adamlar da ağaclar kimidi, özünü satar bir gün, çölündəki havaya satar. Son damla göz yaşı da kirpiklərin ucundan özünü atar mənfi sonsuzluğa... Adamlar da ağaçlar kimidi, öncə gözləri quruyar, sonra özləri.
...Üstünə qar yağır qara torpağın, bala quşların aclığı başlayır sevgi kimi. Hər tərəf məzarlığa bənzyir qar yağanda, Anılar məzarlığına. Adamlar da ağaclar kimidi, öncə sevdiklərini öldürər, sonra özlərini.
...Üstünə qar yağır dünənki gözəl Günəşin, onu sevməyənlər sevinir. Qüssəli ürəklərin nəğməsi başlyır sevgi kimi. Qüssəni sevmək daha çətin, çünki o, həmişə səninlə. Adamlar da ağaclar kimidi, uzaqdan xoşbəxt görünür.
Üstünə qar yağır sıraya düzülmüış yaşıl skamyaların...

Комментариев нет:

Отправить комментарий