12.02.2012

XEYİRXAHLIQ


 Akif Abbasov

Çox illərin söhbətidir. Əlifin tələbə olduğu vaxtlar idi. Kasıbçılığın üzü qara olsun. Ailədə on bir  uşaq idilər. Təkcə atası Mirzəbala işləyirdi. O, ailənin yavan  çörəyini də güclə çatdırırdı. Əlif qəbul imtahanlarını verməyə gedəndə Mirzəbala kişi ona demişdi: “Oğul, bir bax ha,  səninçin çətin olacaq. Kimə arxayın olub Bakıya gedirsən? Arxanda fərli inkanı olan atan yox, vurub-tutan dayın, əmin yox. Nəylə dolanacaqsan, nə yeyib, nə içə­cəksən?! 

Mən buradakıları güclə dolandırıram. Qalıb kənddə işləsəydin, həm özünə gün ağlayardın, həm də ailəyə köməyin dəyərdi.
Əlif atasının narahatlığına son qoymaq üçün dedi:
– İnstituta girsəm, təqaüd alacağam...
Bunu eşidən Mirzəbalanın gözünə sanki işıq gəldi:
– Çalış təqaüdə düşəsən ki ac qalmayasan, oğul. Gümanımız ona qalır.
Mirzəbala kişi elə bilirdi oxuyanlara bir fərli təqa­üd verirlər. Nə isə, heç olmamaqdan cüzi təqaüdə də şükür.
Əlif atasının sözlərini qulağında sırğa eləmiş, oxu­mağa güc vermişdi. Başqa əlacı  və gümanı da yox idi.
Yataqxanada qalırdı. Otaqda dörd nəfər idilər. Ada­­ma beş-üç manat qoyub, kartofdan, vermişel və ma­ka­rondan qızardıb, sup, borş, qayğanaq  bişirib bir təhər günlərini başa vururdular. Yataqxanada illik yaşama haq­qı o zamanlar cəmi on yeddi manat idi. Bu on yeddi ma­na­tı Mirzəbala kişi ödəyir:
– Qalanı sənin öz boynuna, oğul, – deyirdi. –Mənim gücüm bundan başqa ildə bir köynəklə bir ayaqqabıya çatar. 3-4 ildən bir də bir təhər ucuz kostyum ala bilərəm, vəssalam. Məni başa düş. Suçu babayam. Kənd yeridir, əlavə gəlirim yox, nə maaş verirlər, ona da qane oluram. Belə-belə işlər... Oxu, bəlkə gələcəkdə qar­daş-bacılarına da bir gün ağladın.
Əlif  belə çətin şəraitdə təqaüdün hesabına təhsil alır, bir qarın tox, bir qarın ac dolanırdı. Nə qədər çətin­liyi olsaydı belə, başqasına ağız açmaz, borc almazdı. Bir­cə təqaüd gecikəndə halı fəna olurdı.
Qar yağırdı. Ətraf ağ örtüyə  bürünmüşdü. Amma sakit hava idi.  Əlif dəmiryolu vağzalının yanındakı köş­kə yaxınlaşıb növbəyə dayandı. Cibindəki xırda pulları əli ilə yoxlayıb, necə deyərlər, maddi durumunu ölçüb-biçdi. İki qutab alıb yedi və yoluna düzəldi. Tə­ləs­di­yin­dən büdrədi, az qala yıxılacaqdı. Zor-bəla ilə özünü sax­ladı, amma ayaqqabısı daşa dəydiyindən zədələndi və qa­baq hissədən altlıq aralandı. Əlif deyindi:
– İşə düşmədik.
Ayaqqabı köhnə olduğundan islanan kimi, onsuz da su buraxırdı. Amma  ayağı, corabları islansa da, Əlif bir  təhər gününü başa vurur, çulunu sudan çıxarırdı. Altlıq aralananda isə yerimək də olmur.
Əlif ayaq saxladı. Özünü avtobus dayanacağına verdi. Hava soyuq olduğundan buraya çoxlu adam yı­ğışmışdı. Bir təhər özünə yer eləyib, ayaqqabılarını, sonra da corablarını çıxartdı.  Ayaqqabılarını geyinib üstündən də  corablarını çəkdi. Corab ayaqqabılarının altlığını sıx­dı­ğından yeriyə bilirdi.
Ayaqqabı  əməliyyatı onun vaxtını aldı və müha­zi­rə­yə gecikdi. Fəqət mühazirəyə girməməkdən girməyi üstün tutaraq, içəri keçdi.
Qara Bəhramın mühazirəsi idi. Qara Bəhramı hamı yaxşı, savadlı ali məktəb müəllim kimi tanıyırdı. Pro­fessor mühazirəyə gecikdiyinə görə əvvəlcə Əlifi dan­la­maq, hətta otaqdan çıxartmaq istədi. Lakin onun əyin-ba­şına baxıb fikrindən daşındı. Əlif paltosuz idi. Belə soyuq havada  nazik köynək və pencək geyinmişdi. Daha betəri isə, ayaqqabılarının görünüşü idi.
Bütün bunlar onun gün-güzəranı barədə aydın tə­səv­vür yaradırdı.
Qara Bəhram soruşdu:
– Ay bala, bu necə geyinməkdir? Tələsdiyindən co­rabın üstündən ayaqqabı yox, ayaqqabının üstündən corab geyinmisən.
Əlif aydınlıq gətirdi:
– Müəllim, onları dəyişik salmamışam. Gecik­mə­yi­mə  bais bu ayaqqabılar oldu. Altı qopduğundan corab­la yerini dəyişdim ki, heç olmasa, yeriyə bilim.
Qara Bəhram ona əyləşməyə icazə verdi:
– Yaxşı, keç otur. Dərsdən sonra kafedraya, ya­nıma gələrsən.
Qara Bəhram mühazirəyə davam etdi. Amma fi­kir­li görünürdü:
Dərslər başa çatdı. Əlif kafedraya yollandı. Qara Bəhram bir dəstə markanı ona uzadaraq:
– Orduya, donanmaya və aviasiyaya könüllü yar­dım cəmiyyətinin markalarıdır. Bizə veriblər ki, tələ­bə­lərə paylayıb pulunu yığaq. Sənə tapşırığım – onları satıb pullarını topla. Bildin?!
– Bildim.
Bir müddət ötdü. Əlif markaları satıb yüz manat yığmışdı. Pulu götürüb Qara Bəhramın yanına gəldi:
– Professor, tapşırığınıza əməl elədim, - dedi.
Qara Bəhram laqeyd halda:
– İndi başım qarışıqdır. Qoy səndə qalsın, sonra ve­rərsən.
Əlif pulları göz bəbəyi kimi qoruyurdu.  Çalışırdı ki, oğurlatmasın. Alt paltarının içəri qatında cib tikmişdi.  Ora­da gizlədirdi. Oğurlanma  ehtimalı yox idi. Yatanda da pullar onunla idi. Bir həftə sonra yenidən Qara Bəh­ra­ma yaxınlaşdı. Professor Əlifi görən kimi  danış­mağa ma­cal verməyib:
– Ay oğul, – dedi, – yadıma düşdü. Sən demə, o mar­kaların pulunu ödəmişəm. Get özünə bir dəst  kost­yum, bir cüt də  ayaqqabı al.
Əlif nəsə demək istədi, Qara Bəhram imkan ver­mədi. Əli ilə işarə etdi ki, onun dediyini yerinə yetirsin. Qara Bəhramın zəhmi ağır olduğundan Əlif  bir söz deyə bilmədi və məsələni başa düşdü. Əslində Qara Bəhram özü­nə əyin-baş almaq üçün ona pul vermək istəyirmiş, lakin bu təklifin Əlifin xətrinə dəyəcəyindən ehtiyatlanıb, markaları bəhanə gətiribmiş.
                                     
                                           Akif Abbasov,
     pedaqoji elmlər doktoru, professor, Pedaqoji və
                               Sosial Elmlər Akademiyasının həqiqi üzvü,,
                               Azərbaycan Yazıçılar Birliyinin üzvü
Фото приколы смешные картинки.

Комментариев нет:

Отправить комментарий